Məhkəmə qərarları › İş №3(006)-1566/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1566/2025

15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1566/2025 15.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclas katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə EP seriyalı ******* nömrəli, 05 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC 77208.00 Avro məbləğində vəsaiti 03 fevral 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 77208.00 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 04 fevral 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin direktoru X3 izahat verərək göstərdi ki, Şəxs MMC ilə “İntervet Agencies B.V” şirkəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" ASC-də olan hesabdan həmin şirkətin bank hesabına qabaqcadan avans olaraq köçürülmüş vəsait hesabına alınmış mallar qanunla müəyyən edilmiş müddət ərzində, yəni 2 (iki) il müddət daxilində ölkəyə idxal edilmişdir. Malların idxal edilməsi faktı isə təqdim etdikləri gömrük bəyannamələri ilə sübuta yetirilir. Göstərilənləri nəzərə alınmaqla iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş quruma bildiriş göndərilsə də, qurumun nümayəndəsi məhkəmədə iştirak etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: -"xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilmiş OUT-2025/02/10-135 saylı məlumatda Şəxs MMC-nin ödənişin aparıldığı gündən 02 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi göstərilmişdir. - xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs MMC tərəfindən “İntervet Agencies B.V” şirkətinin hesabına xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2023-cü il tarixdə 77208.00 Avro məbləğində pul göndərilmişdir; -"xxxx" ASC tərəfindən təqdim edilmiş çıxarışdan, **********3456 saylı, **********3451 saylı gömrük bəyannamələrindən görünür ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə “İntervet Agencies B.V” şirkəti tərəfindən Şəxs MMC-yə ümumilikdə 123 045,71 ABŞ dollar məbləğində mal idxal olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Mərkəzi X2 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) Avro ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Şəxs MMC xx.xx.2023-cü il tarixdə “İntervet Agencies B.V” şirkətinin hesabına xx.xx.2021-ci il tarixli müqavilə üzrə 77208.00 Avro məbləğində xarici valyutada vəsait hesabına alınan mallar ölkəyə vaxtında idxal olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar