Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1568/2025 11.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs vəkili X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 05 mart 2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs 35680,00 ABŞ dolları məbləğində olan pul vəsaitini 10 fevral 2023-cü il tarixdə xaricə köçürmüş və 02 il müddət keçsə də, 35680,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 03 fevral 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs vəkili X3 yazılı etiraz təqdim edərək ona uyğun izahatında göstərmişdir ki, “Mərkəzi Bank” xx.xx.2025-ci il tarixli EP ******* nömrəli Protokolla Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsini bildirmiş və müvafiq inzibati tənbeh tədbirinin tətbiq olunması üçün məhkəməyə müraciət etmişdir. Bildirir ki, Şəxs şirkəti tərəfindən hər hansı inzibati xəta törədilməmiş, əksində şirkət kiberhücum nəticəsində külli miqdarda ziyana məruz qalmış, eyni məbləğdə vəsait təkrar ödənərək mallar tam həcmdə ölkə ərazisinə gətirilmiş, lakin xidmət göstərən bank və Mərkəzi Bank bu hallar barədə məlumatlı olması baxmayaraq ətraflı araşdırılmamış və düzgün qiymət verilməmişdir. Belə ki, Şəxs MMC Belçika Krallığının qanunvericiliyinə əsasən qeydiyyata alınmış (No.:BE**********) və fəaliyyət göstərən Nitto Belgium NV (Ünvan: Eikelaarstraat 22, B-3600 Genk, Belçika) şirkəti ilə duzlu su membranları və suyun təmizlənməsi üçün avadanlıqların alışı üzrə müqavilə bağlamışdır. Müqaviləyə və digər müşayiətedici sənədlər olan xx.xx.2022-ci il tarixli, 99509814 nömrəli proformainvoys və xx.xx.2022-ci il tarixində 316027 nömrə ilə təsdiqlənmiş sifarişin öhdəliklərinə əsasən Şəxs MMC 44.600 (qırx dörd min altı yüz) ABŞ dolları məbləğində vəsaiti Nitto Belgium NV şirkətinə 100% həcmində ödəniş etməli idi. Həmin məbləğdən 8920 ABŞ Dolları məbləğində vəsait xx.xx.2023-cü il tarixində ödənilmişdir. Daha sonra qalıq məbləğ 35 680 ABŞ dolları məbləğində vəsaitin ödənişi ilə bağlı müzakirələr aparılmışdır. Nitto şirkəti ilə malların çatıdırılma müddəti və ödənişlərlə bağlı email vasitəsilə müzakirələr aparılan zaman elektron danışıqlara naməlum şəxslər tərəfindən kiberhücum həyata keçirilib və nəticədə iddiaçıya Nitto şirkətinin email adresinə oxşar adresdən tələbnamə bank məlumatları göndərilib, ödənişin bu bank məlumatlarına əsasən aparılmalı olması bildirilmişdir. Nəticədə iddiaçı Aqualink şirkəti tərəfindən xx.xx.2023-cü il tarixində Accesbank Binəqədi filialına internet banking xidməti vasitəsilə ödəniş tapşırığı təqdim olunmuşdur. Bank əməkdaşlarının ödənişi məlumatlarını yoxlamaması səbəbindən həmin ödəniş tapşırığı ilə birgə banka təqdim olunmuş müqavilə və qaimə (invoys) məlumatlarında uyğun olmayan Meksika Respublikasında yaşayan şəxsə 35.680 (otuz beş min altı yüz səksən) ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, xüsusilə xarici valyuta ilə ödənişlər icra olunan zaman ödənişlə bağlı banka ilk növbədə müqavilə, həmçinin invoys (qaimə/hesab faktura) və digər əlaqəli sənədlər təqdim olunmalıdır. Bu sənədlər ödəniş tapşırığı yaradılan zaman banka təqdim olunmuşdur. Bank təqdim olunan xx.xx.2022-ci il tarixli pro-forma invoys, müqavilə (ümumi şərtləri) və xx.xx.2022-ci il tarixli sifariş vərəqəsində müqavilə tərəfinin Belçika Krallığının rezidenti olan “Nitto Belgium NV” şirkəti olduğu görünür. Lakin ödəniş tapşırığının icra olunması üçün təqdim olunmuş saxtalaşdırılmış “Nitto” şirkətinə aid bank detalları sənədində alıcı bank qismində “Banamex - Banco Nacional de Mexico S.A”, həmçinin həmin bankla bağlı digər bank məlumatları, alıcı şəxsin məlumatları qrafasında isə “X6 583 Benito Juarez cp. 57700 Nezahualcoyotl Mexico” göstərilmişdir. Beləliklə, banka təqdim olunmuş müqavilə məlumatları (o cümlədən müqavilədə göstərilmiş rekvizitlərlə) ilə ödəniş tapşırığı məlumatları arasında ciddi uyğunsuz olmasına baxmayaraq bank tərəfindən pulun naməlum hesaba köçürülməsi həyata keçirilmişdir. Vəsaitin kiberhücum nəticəsində dələduzlara ödənilməsi faktı tərəflərindən müəyyən olunduqdan sonra xx.xx.2023-cü il tarixində "xxxx"a, Mərkəzi Banka, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Maliyyə Monitorinq Xidmətinə rəsmi qaydada müraciət olunmuşdur. Müraciətlər zamanı kiberhücum faktı ilə bağlı məlumat verilmiş və vəsaitin qaytarılması ilə bağlı köməklik edilməsi xahiş edilmişdir. AR Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, İdarədə müraciətləri əsasında araşdırma aparılır və Nərimanov rayon Məhkəməsinin qərarı əsasında Meksika Milli Bankına bank hesabının aid olduğu şəxsin anket məlumatlarının əldə olunması ilə məqsədilə məktub göndərilmişdir. Baş İdarənin xx.xx.2024-cü il məktubu ilə araşdırmanın davam etdirildiyi bildirilmişdir. Müraciətləri üzrə digər orqanlar, o cümlədən bank tərəfindən hər hansı müsbət addım atılmamışdır. Eyni zamanda tərəflərindən Meksika şirkətində fəaliyyət göstərən bir sıra vəkillərlə danışıqlar aparılmış, “TMİ” Abogados şirkətində hüquqi rəy alınmış, lakin, təəssüf ki, vəsaitin geri alınması bugünki tarixədək mümkün olmamışdır. Bundan sonra tərəflərindən müqavilə öhdəliklərinin icrası olaraq 35860 ABŞ dolları məbləğində vəsait xx.xx.2023-cü il tarixində təkrarən, bu dəfə düzgün olan satıcıya ödənilmiş və mallar xx.xx.2023-cü il tarixində ölkə ərazisinə idxal olunmuşdur. Göründüyü kimi şirkət tərəfindən ödənişin səhv şəxsə köçürülməsi şirkətin təqsiri olmayan səbəbdən aparılmış, vəsaitin qaytarılması ilə bağlı çoxsaylı cəhdlər edilmiş, lakin nəticə əldə olunmuşdur. Daxili İşlər Nazirliyi tərəfindən hazırda araşdırma aparılmaqdadır. Göründüyü kimi, əməlin inzibati xəta hesab edilməsi üçün onun bir sıra elementləri özündə əks etdirməsi zəruridir. İlk növbədə, əməlin inzibati xəta hesab edilməsi üçün mövcud ictimai münasibətləri pozmağa yönəlik əlamətləri özündə əks etdirməsi vacibdir. Yəni törədilən əməl nəticəsində müəyyən ictimai münasibət üçün əhəmiyyətli təhlükə yaranmalıdır. Digər bir məqam isə, məhz hüquqi və ya fiziki şəxsin ictimai münasibətləri pozmağa yönəlmiş niyyətinin olub-olmamasıdır. Niyyət o zaman mövcud olur ki, planlaşdırılmış şəkildə və israrlı olaraq hər hansı bir əməlin baş verilməsi üçün daimi olaraq aktiv və ya passiv bir hərəkət həyata keçirilir. Xətanın əsas əlaməti olan subyektiv tərkibin mövcudluğu üçün Cəmiyyətin avans ödəniş həyata keçirdiyi mallar ölkəyə gəlməmiş, yəni idxal edilməmiş olmalı, Cəmiyyət bunu arzulamalı və könüllü şəkildə xətanı törətməlidir. Lakin yuxarıda göstərilən işin hallarından aydındır ki, Cəmiyyətin belə bir niyyəti mövcud olmamış, ödənişi həyata keçirilmiş mallar ölkəyə gəlmiş və idxal edilmişdir. O da qeyd olunmalıdır ki, inzibati tənbehin məqsədləri şəxsləri qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaqdır. Göstərilənlərlə əlaqədar olaraq, ölkənin tədiyə balansında valyuta kəsirinin azaldılması və valyuta nəzarətinin effektivliyinin artırılması məqsədi ilə ölkədə maliyyə sabitliyinin təmin edilməsinə yönəlmiş kompleks tədbirlərdən biri kimi X4 Heyətinin 2016-cı il 28 noyabr tarixli Qərarı ilə Qaydalar qəbul edilmişdir. Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərardadından göstərilmişdir ki, əks yanaşma mülki dövriyyə iştirakçılarının hüquqi əsas olmadan inzibati məsuliyyətə cəlb edilməsi və nəticədə onların maliyyə vəziyyətlərinin pisləşməsi, habelə Konstitusiyanın 59-cu maddəsində nəzərdə tutulmuş sahibkarlıq hüquqlarının pozulmasına səbəb ola bilər. İnzibati Xətalar Məcəlləsinin 53.1.1ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilən bu halların heç biri Şəxs MMC-nin təqsiri üzündən baş vermədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 10 fevral 2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, hüquqi şəxs Şəxs tərəfindən 35680,00 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti 10 fevral 2023-cü il tarixdə "xxxx" ASC-də olan hesabından Azərbaycan Respublikasından kənara köçürülmüşdür. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış məktubdan görünür ki, hüquqi şəxs Şəxs qabaqcadan ödənişlər aparıldığı gündən 02 il müddət tamam olmasına baxmayaraq malları ölkəyə idxal olunmamış, xidmətləri göstərilməmiş və qabaqcadan ödənilmiş məbləğləri geri qaytarmamışdır. İnzibati xəta haqqında 05 mart 2025-ci il tarixli, EP ******* saylı protokoldan görünür ki, Şəxs 35680,00 ABŞ dolları məbləğində olan pul vəsaitini 10 fevral 2023-cü il tarixdə xaricə köçürmüş və 02 il müddət keçsə də, 35680,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 11 fevral 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Şəxsnə ünvanlanmış 14 may 2024-cü il tarixli məktubdan görünür ki, müraciətdə qeyd olunan xüsusatlarla bağlı məhkəmə qərarı alınaraq müvafiq məlumatların əldə edilməsi məqsədilə Meksika Milli bankına göndərilməsi bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X2 20 fevral 2020-ci il tarixli 06/1 saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi X2 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib, MMC-nin direktorunun təqdim etdiyi sənədləri tədqiq edərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata Şəxs əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir: “İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməli, süründürməçiliyə yol vermədən, həmin işlərə qanunla müəyyən edilmiş müddətlərə ciddi riayət etməklə baxmalıdırlar”. Hazırki halda MMC-nin vəkili tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, inzibati xəta hadisəsi baş vermədən öncə Şəxs tərəfindən ödəniş tapşırığı ilə birgə banka təqdim olunmuş müqavilə və qaimə (invoys) məlumatlarında uyğun olmayan Meksika Respublikasında yaşayan şəxsə 35.680 (otuz beş min altı yüz səksən) ABŞ dolları məbləğində vəsait kiber cinayət nəticəsində köçürülmüş və hal-hazırda həmin cinayət nəticəsində köçürülmüş məbləğin qaytarılması və həmin cinayəti törədən şəxs(lər)in müəyyən edilməsi istqamətində araşdırmalar aparılır. Göstərilən bu hal Şəxs tərəfindən öz öhdəliklərinin üzürlü səbəbdən yerinə yetirilməməsinə dəlalət etməklə, bu səbəbdən 02 il ərzində 35680,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətin) ölkəyə idxal edilməməsinin göstəricisidir. Məlumdur ki, təqsir inzibati xəta tərkibinin əlamətlərindən biri olan subyektiv cəhətin elementidir və inzibati xətanın törədilməsində təqsiri olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması mümkün deyil. Məhkəmə Şəxs tərəfindən xaricə köçürülmüş pul vəsaiti müqabilində göndərilməli olan malların 02 il ərzində ölkə ərazisinə idxal edilməməsində Şəxs MMC-nin təqsirinin olmadığını, əksinə MMC-nin özünün maddi zərərə məruz qalaraq hazırki vaxtadək həmin zərərin qaytarılmadığını, belə olan halda xaricə köçürülmüş məbləğ müqabilində idxal olunmalı olan malların ölkəyə idxal olunmamasının hüquqi şəxsdən asılı olmayan səbəblərdən baş verdiyini və bu pozuntunun aradan qaldırılması üçün MMC tərəfindən zəruri tərbirlərin görüldüyünü nəzərə alaraq Şəxs əməlində AR İXM-nin 430.4-cü maddəsinin tərkibinin olmaması qənaətinə gəlir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən Şəxs MMC-nin 35680,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti 10 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürdükdən sonra ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçmədən malların (xidmətlərin) ölkə ərazisinə idxal olunmamasında təqsirinin olmamasını və bununla da MMC-nin əməlində inzibati xəta tərkibinin mövcudluğunun istisna olunduğunu nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1568/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1568/2025
11.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver