Məhkəmə qərarları › İş №3(006)-1572/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1572/2023

18.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1572/2023 18.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 57; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* (14000-00179/23) saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, EP ******* (14000-00179/23) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixli **********6250 sorğu nömrəli gömrük bəyannaməsi ilə buraxılış ili 2022-ci il, “ZPBEA1ZL0NLA22973” şassi nömrəli, “Lamborghini Urus” markalı nəqliyyat vasitəsi müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmişdir. Həmin nəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş müvəqqəti saxlanc müddətinin başa çatmasına baxmayaraq həmin malın rəsmiləşdirilməsi üçün Şəxs MMC tərəfindən heç bir müraciət olmamışdır. xx.xx.2023-cü il tarixdə Şəxs MMC-nin etibarnamə ilə nümayədəsi, Azərbaycan Respublikasının vətəndaşı X1 iştirakı ilə Şəxs MMC tərəfindən müvəqqəti saxlancda olan yükə gömrük baxışı keçirilmişdir. Gömrük baxışı keçirilən zaman məlum olmuşdur ki, Şəxs MMC tərəfindən saxlanca götürülən buraxılış ili 2022-ci il, “ZPBEA1ZL0NLA22973” şassi nömrəli, “Lamborghini Urus” markalı nəqliyyat vasitəsi anbarda toxunulmadan saxlanılır. Lakin müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq Şəxs MMC tərəfindən həmin malın saxlanc müddətinin tələbinə əməl olunmamışdır. Nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi üçün Şəxs MMC tərəfindən heç bir müraciət olmamışdır. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X2 tərtib olunmuş protokola etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib etmiş quruma bildiriş göndərilsə də, o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 176.1-ci maddəsinə görə saxlanc xüsusi gömrük proseduru müvəqqəti saxlanc və gömrük anbarı prosedurlarından ibarətdir. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Məcəllənin 176.2-ci maddəsinə əsasən xarici mallar saxlanc xüsusi gömrük proseduru altında idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanc anbarlarında gömrük nəzarəti altında yerləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 229 saylı Qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”na görə: Müvəqqəti saxlanc bu Qaydalara uyğun olaraq müvəqqəti saxlanc anbarında həyata keçirilir (2.1-ci bənd); Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır (3.2-ci bənd); Mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək, digər gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir (3.3-cü bənd). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar