Məhkəmə qərarları › İş №3(006)-1575/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1575/2024

21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1575/2024 21.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «İNCİ GROUP OF COMPANİES” QSC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – QSC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Cənub regional X4 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Cənub regional X4 İdarəsi Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 09 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tairxdə Lənkəran şəhəri, H.Abdullayev küçəsində yerləşən Şəxs QSC-yə məxsus anbarda planlı YTM keçirildi. YTM zamanı YTQ-nin tələblərinin pozulması aşkar olundu. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «İNCİ GROUP OF COMPANİES” QSC-nin nümayəndəsi X3 izahatında bildirdi ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti tərəfindən Şəxs QSC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Protokolla tanış olmuşlar, həmin protokolla razı deyillər. Belə ki, protokol tərtib olunarkən pozuntularla tərtib olunmuşdur. Həmin protokol QSC-nin Lənkəran rayonunda yerləşən anbarda aparılmış yoxlama zamanı tərtib olunub, anbarda olarkən adi işçidən müvafiq sənədlər istənilmiş, həmin işçinin isə səlahiyyətləri olmayıb ki, sənədləri təqdim etsin. Bununla bağlı məlumatları olduqdan sonra qarşı tərəflə əlaqə saxlanılmış, lakin onlar dəvət olunmadan barələrində protokol tərtib olunmuşdur. Qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti tərəfindən tələb olunan müvafiq sənədlər baş idarədə olmuş, bununla bağlı onlara hər hansı bir sorğu və ya müraciət olmamışdır. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Cənub regional X4 İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Cənub regional X4 İdarəsinin nümayəndəsi olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” xx.xx.2024-cü il tarixli KY242097422 nömrəli çıxarışdan görünür ki, Şəxs QSC tərəfindən ünvan 1 ünvanında yerləşən obyektdə “Yanğın təhlükəsizliyi haqqında” qanunun tələblərinə riayət edilib-edilməməsinin müəyyən olunması əsası ilə xx.xx.2024xx.xx.2024-cü il tarixlərində plan üzrə (növbəti) yoxlamanın keçirilməsi barədə məlumat reyestrə daxil edilmişdir. İş materiallarında olan “Yanğın-texniki müayinənin aparılması haqqında” Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidmətinin xx.xx.2024-cü il tarixli, 1955 nömrəli qərarından görünür ki, Şəxs QSC tərəfindən ünvan 1 ünvanında yerləşən obyektdə “Yanğın təhlükəsizliyi haqqında” qanunun tələblərinə riayət edilib-edilməməsinin müəyyən olunması əsası ilə xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində plan üzrə (növbəti) yoxlamanın keçirilməsi qərara alınmışdır. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci bəndinin 5-ci hissəsinə əsasən yanğın təhlükəsizliyi tələbləri yanğın təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş, sosial və texniki xarakterli xüsusi şərtdir. Həmin Qanunun 6-cı bəndinin 1-ci hissəsinə əsasən yanğın təhlükəsizliyi sahəsində müəssisələrin yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək vəzifələri vardır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək qeyd edir ki, Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair sübutlar kifayət etmir, başqa sözlə sübutetmə predmetinə daxil olan hallar iş üzrə mötəbər sübutlarla təsdiq edilmir və həmin inzibati xətanın törədilməsinə dair mövcud sübutlar İXM-in tələblərini pozmaqla rəsmiləşdirilmişdir. Məhkəmə, iş üzrə toplanmış sübutların kifayətedici olmamasına dair qeyd edir ki, iş materiallarında olan sənədlər içərisində inzibati xəta haqqında protokoldan başqa bilavasitə şəxsin təqsirliliyinə dəlalət edən heç bir sənəd mövcud deyil. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı, iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Hazırda bu qəbildən olan işlər üzrə əsas sübutedici əhəmiyyət daşıyan, keçirilmiş müayinənin nəticələrini rəsmiləşdirən “Yanğın-texniki müayinə” aktı iş materiallarına əlavə edilməmiş, bunun əvəzinə sadəcə yoxlama suallarının siyahısı və üzərində müvafiq qeydlər olan vərəqə əlavə edilmişdir ki, YTM aktının tam şəkildə iş materiallarında olmaması həmin aktın qanunauyğun tərtib edilməsini müəyyən etməyə, ümumiyyətlə, QSC tərəfindən törədilmiş pozuntunun konkret nədən ibarət olmasını aşkara çıxarmağa imkan vermir. Bundan başqa, qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsi və məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə protokol tərtib etmiş orqan səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Belə olan halda, məhkəmə xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun sübutedici əhəmiyyətinin olmamasına dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarına əsasən vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Lakin inzibati xətaya dair qərarın qəbul edilməsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olduğu hallarda, belə qərardan verilmiş şikayət üzrə həyata keçirilən məhkəmə araşdırmasının predmetini məhz həmin qərar təşkil edir. Belə olan təqdirdə işə baxan məhkəmə üçün səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Həmin qərarın qəbul edilməsinə əsas olmuş protokol isə artıq sübutedici əhəmiyyət daşıyır. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, inzibati orqan tərəfindən müvafiq inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində inzibati qaydada icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı təmin edilməmiş, bu barədə Şəxs QSC-yə məlumat verilməsini təsdiq edən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Halbuki, İXMnin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqanın diqqətinə çatdırır ki, Azərbaycan Respublikası İXM-nin 64.2-ci maddəsinə əsasən qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxslər, yaxud müvafiq qaydada səlahiyyət verilmiş, əsas iş yeri həmin hüquqi şəxs olan işçilər və ya vəkillər hüquqi şəxsin nümayəndələri hesab edilirlər. Lakin, inzibati xəta haqqında protokolda hüquqi şəxsin nümayəndəsi kimi göstərilən X1 həmin hüquqi şəxsə aidiyyətini və hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin müdafiəsinin məhz ona həvalə edildiyini müəyyən edən sənəd iş materiallarına əlavə edilməmişdir. Şəxs QSC-nin nümayəndəsi isə məhkəmə iclasında bildirmişdir ki, yoxlama zamanı sənədlər müvafiq səlahiyyəti olmayan sıravi işçidən tələb olunmuşdur. Göründüyü kimi, səlahiyyətli orqan qanunvericiliyin tələblərini nəzərə almadan, barəsində icraat aparılan şəxsin iştirakını təmin etmədən inzibati xəta haqqında protokol tərtib etmişdir ki, bu da nəticə etibarı ilə qanunvericinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə verdiyi hüquqların pozulması ilə nəticələnmişdir. İnzibati xəta haqqında iş üzrə icraat zamanı məhkəmə inzibati xəta haqqında protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibati-delikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. Azərbaycan Respublikası İXM-in 100.1-ci maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın xətanın mahiyyəti; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar əks olunmalıdır. Məhkəmə, işin baxışı zamanı təqdim edilmiş inzibati xəta haqqında protokolu Azərbaycan Respublikası İXM-nin tələblərinə müvafiq surətdə qiymətləndirərək qeyd edir ki, inzibati xəta haqqında protokol yuxarıda qeyd edilən imperativ normanın tələblərini pozmaqla tərtib edilmiş, həmin protokolda inzibati xətanın xətanın mahiyyəti, yəni Şəxs QSC tərəfindən konkret olaraq hansı yanğın təhlükəsizliyi qaydasının pozulması, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunub-olunmamasına dair qeydiyyat, istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməmişdir ki, bu da müvafiq protokolun işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirmədiyinə dəlalət edir. Bu isə özlüyündə onu göstərir ki, həmin inzibati xətanın törədilməsinə dair mövcud sübutlar İXM-in tələblərini pozmaqla rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Beləliklə, yuxarıda qeyd edilən hallar özlüyündə şəxs tərəfindən inzibati xəta törədilməsini əsaslı şübhə altına alır. Məhkəmə, yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə hesab edir ki, Şəxs QSC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır və Cəmiyyət barəsində hər hansı inzibati tənbeh tədbiri tətbiq edilə bilməz. Məhkəmə Şəxs QSC-yə istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar (MN seriyalı ******* nömrəli protokol və digər sənədlər) həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul edilən hesab edilə bilməz, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar mövcuddur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət etmir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilməlidir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq QƏRARA ALDİ: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Cənub regional X4 İdarəsindən daxil olmuş MN seriyalı ******* nömrəli, 09 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokolda dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhər Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar