Məhkəmə qərarları › İş №3(006)-1577/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1577/2025

09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1577/2025 09.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X2 nümayəndəsi X13 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin MN ******* saylı, 03 iyun 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin MN ******* saylı 03 iyun 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DƏMX-nin Bakı Şəhər İdarəsinin rəis müavini X6 “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli qərarı ilə o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 4000 manat inzibati qaydada cərimə edilmişdir. Həmin qərarı qanunsuz və əsassız hesab edir. Qərarda qeyd edilir ki, X3 xx.xx.2024-cü il tarixdə saat 11:15 radələrində vəzifəli şəxs X5 tərəfindən AR Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bu tamamilə yalandır. Belə ki, o, VÖEN:********** əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Öz fəaliyyətini qida məhsullarının topdan satışını həyata keçirməklə qurmuşdur. Onun qurduğu sahibkarlıq fəaliyyəti daimi işçilərinin olmasını ondan tələb etmir. Ona əsas iş qüvvəsi anbara mal daxil olarkən yüklərin boşaldılması və anbara vurulması zamanı lazım olur. Bundan sonra həmin şəxslərin onun iş yerində saxlanılması maddi cəhətdən onun işi üçün sərfəli deyildir. Buna görə də, o, yük boşaltma ilə məşğul olan fəhləlik edən şəxsləri mülki hüquqi müqavilə olan Xidmət Müqaviləsi əsasında öz işinə cəlb edir. Onun həmin şəxslərlə əmək münasibətləri mövcud olmur. Buna görə də, onlarla əmək müqaviləsi bağlanılmasına zərurət yoxdur. Lakin Azərbaycan Respublikası DƏMX-nin Bakı Şəhər İdarəsinin rəis müavini X11 işin bu halını nəzərə almadan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinin tələbini pozmaqla barəsində inzibati xəta haqqında qərar qəbul etmişdir. Halbuki, onlar işi ətraflı araşdırıb, inzibati xəta haqqında protokol tərtib edib, surətini də ona təqdim etməli olmuşdur. Lakin onlar bunu etməmişdir. Bundan əlavə həmin inzibati işə baxarkən onu rəsmi məlumatlandırmalı və iştirakını təmin etməli idi. Qanunun bu tələbini də pozmuşdur. Qeyd olunanlardan göründüyü kimi, onun əməlində inzibati xəta hadisəsi yoxdur. Çünki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibi yaranması üçün tərəflər arasında əmək münasibətlərinin mövcud olması tələb olunur. Lakin o isə X1 xx.xx.2024-cü il tarixli Xidmət Müqaviləsinə əsasən işlərin görülməsinə cəlb etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən əməldə inzibati xəta hadisəsi olmadıqda inzibati iş başlana bilməz, başlanmış işə isə xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanm (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Azərbaycan Respublikası DƏMX-nin Bakı Şəhər İdarəsinin rəis müavini X6 onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 4000 manat inzibati qaydada cərimə edilməyimbarədə “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və inzibati icraat üzrə işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə həmin qurumun nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 nümayəndəsi X14 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayət ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə qərardan şikayət vemiş şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi əsas gətirilərək barəsində 4000 (dörd min) manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan X4 ilə X5 arasında bağlanmış 19 yanvar 2024-cü il tarixli xidmət müqaviləsinə əsasən Əlisahib Rüstəmov fəhlə xidmətinin göstərilməsini, Zərifə Nəsirova isə xidmətin dəyərinin ödənilməsini öz öhdələrinə götürmüşlər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 15 fevral 2016-cı il tarixli, 795 saylı Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 5.4-cü bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 191.2-ci, 192.1 – 192.11-ci, 193-cü, 194-cü, 195.2ci, 198.1-ci, 199 – 203-cü, 205-1.1-ci, 469.2-ci, 477-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 477-1.1.5-ci, 477-1.2-ci, 539, 540.1, 540.2, 540.3, 540.4, 556 və 576-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (bundan sonra – Əmək Məcəlləsi) əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir (3.5). Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz (42.1). Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir (42.2). Əmək müqaviləsi yazılı formada bağlanır (44.1). Əmək müqaviləsi bu Məcəllənin 54cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır (46.1). Bu Məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır (81.2). Qeyd edilən normaların məzmunundan göründüyü kimi əmək müqaviləsi əmək münasibətlərinə daxil olan işəgötürən və işçi arasında bağlanan müqavilədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (389.1.). Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir (389.2.). Bu fəslin qaydalarında və müqavilələrin ayrıayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir (389.3.). Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (390.1.). Göründüyü kimi Əlisahib Rüstəmov ilə Zərifə Nəsirova arasında əmək münasibətləri mövcud olmamışdır. Onlar arasında mülki-hüquqi əqd olan xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilə Əlisahib Rüstəmov tərəfindən könüllü olaraq imzalanmışdır. Belə olan halda Zərifə Nəsirovanın əmək müqaviləsi bağlanmadan işçinin işə cəlb edilməsi ilə bağlı inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas yoxdur. X10 Nəsirova ilə bağladığı xidmət müqaviləsinin sonuncu tərəfindən əsassız pozulduğunu və ya müqavilə şərtlərinə əməl edilmədiyini iddia edirsə, bununla bağlı mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.4 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: X5 tərəfindən verilmiş şikayət təmin olunsun. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin ******* №li, 03 iyun 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar