Məhkəmə qərarları › İş №3(006)-1579/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1579/2025

01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1579/2025 01.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X1, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X6 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 07 mart 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Əliyev Cavid Şakir oğlu xx.xx.2025-ci il tarixdə Samux rayon Sarıqaya kənd inzibati ərazisi dairəsində süni göldə meyiti tapılmış, araşdırma nəticəsində Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X9 izahatında göstərdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin '“142" Çağrı Mərkəzinə daxil olmuş vətəndaş Əliyev Cavid Şakir oğlunun xx.xx.2025-ci il tarixdə Samux rayon Sarıqaya kənd inzibati ərazi dairəsində yerləşən süni göl hövzəsində vəfat etmiş vəziyyətdə tapılması ilə bağlı Samux rayonu üzrə "Respublika Təcili və X5 Mərkəzi' X13 böyük həkimi X3 xx.xx.2025-ci il tarixli məlumatına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsində araşdırma aparılmışdır. İlkin araşdırma zamanı baş vermiş bədbəxt hadisə yerinə baxış keçirilməsi zamanı Samux rayon Sarıqaya kənd inzibati ərazi dairəsində yerləşən süni gölün Şəxs ərazisi olduğu və Cəmiyyətin direktoru X1 olduğu müəyyən edilmişdir. Cəmiyyətin direktoru X4 xx.xx.2025-ci ıl tarixdə şöbəyə təqdim etdiyi yazılı izahatında X16 Şakir oğlunu daxili əmr ilə 2024-cü ilin oktyabr ayında mühafizəçi vəzifəsinə işə qəbul etdiyini, lakin əmək müqaviləsi ilə rəsmiləşdirmədiyini bildirmişdir. Araşdırma zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələbinin pozulması müəyyən edilmişdir. Nəticədə Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Göstərilənləri nəzərə alaraq Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X4 izahatında göstərdi ki, Şəxs MMC-də 6 ildir ki, direktor vəzifəsində işləyir. Şəxs MMC-nin toxumçuluq fəaliyyəti ilə məşğul olur və, buğda, arpa və s. istehsal edir. Əsasən fəaliyyət göstərdiyi ərazidə işçizliyin ardan qaldırılması məqsədi ilə ölkə Prezidentinin tapşırığı əsasında yaradılmışdır. Şəxs MMC-nin şəxsi heyəti müntəzəm olaraq dəyişən təssərüfatdır, şəxsi heyəti 120-150 arasında dəyişir. Cəmiyyətdə işə qəbul olunan şəxslərin əksəriyyəti əsasən ətraf kəndlərdə olan sakinlərdən ibarətdir. Şəxs MMC-nin ərazi böyük olduğundan və ətraf kəndlərdə işsizlik olduğundan demək olar ki, ətraf kənd sakinlərinin bir çoxu Cəmiyyətdə işə düzəlmək istəmişdir. Bununla bağlı ona bir çox müraciət olunmuşdur. Həmin şəxslərin hər birini işə götürmək mümkün olmasa da, könüllü olaraq işi öyrənmək istəyən şəxslərə şərait yaradılmışdır. Könüllülər könüllülük fəaliyyəti dövründə ərazi ilə tanış olaraq, işlərin hansı formada icra edilməsini öyrənirlər. İşi öyrənən könüllülər rəsmi qaydada işə qəbul olduqdan sonra işləri sərbəst icra edə bilirlər. İşin mahiyyəti üzrə bildirir ki, bu ilin fevral ayının əvvəllərində səhər saatlarında Cəmiyyətin Təhlükəsizlik Xidmətinin rəisi ona zəng edərək mühafizədə könüllü olaraq təcrübə keçən şəxsin itkin düşdüyünü bildirmişdir. O, dərhal həmin şəxsin axtarışına başlanılmasını əmr etmiş, özü də dərhal həmin əraziyə getmişdir. Cəmiyyətin ərazisində vəhşi heyvanlar çox olduğundan o, ilk öncə fikirləşmişdir ki, həmin şəxsə vəhşi heyvanlar hücum etmişdir. Buna görə də, dərhal Polis Şöbəsinə könüllü olan şəxsin itkin düşməsi barədə məlumat vermişdir. Ərazinin relyefinin çətin olması, səhər saatlarında dumanlı havanın olması kameralardan həmin şəxsin axtarışında çətinlik yaratsa da, qısa müddət ərzində həmin şəxsin özünü Samux rayon Sarıqaya kənd inzibati ərazisi dairəsində yaradılmış süni gölə atması aşkar edilmişdir. Özünü gölə ataraq intihar edən şəxs 2024-cü ilin oktyabr ayından etibarən arada Şəxs MMC-də könüllü olaraq işlərin icra olunması ilə tanış olan Əliyev Cavid Şakir oğlu olmuşdur. Belə ki, Əliyev Cavid Şakir oğlu 2024-cü ilin oktyabr ayında Şəxs MMC-də könüllü olaraq işlərin icra olunması qaydası ilə tanış olmağı və işi öyrəndikdən sonra işə qəbul edilməsini xahiş etmişdir. Əliyev Cavid Şakir oğlunun həmkəndliləri və qohumları da, cəmiyyətdə mühafizədə işləmişdir. Region Agro” MMC-də 18 mühafizə ştatı olmuş və həmin ştatın hamısı dolu olsa da, işdən çıxmaq istəyən olduğu üçün o, Əliyev Cavid Şakir oğlunun xahişini qəbul etmiş və həmin şəxsin Təhlükəsizlik Xidmətinin postlarına çıxaraq işlə yerində tanış olmasına icazə vermişdir. Bundan sonra fevral ayına qədər təxminən 8-10 dəfə cəmiyyətə gələrək Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə birlikdə posta çıxmış, işlərin icra olunması qaydasını izləmişdir. Əliyev Cavid Şakir oğlu xasiyyətcə qapalı olsa da, sonuncunun maddi vəziyyətini və işə qəbul olunmaq üçün olan əzmini nəzərə alaraq, onu işə qəbul etmək qərarına gəlmişdir. Bununla bağlı Əliyev Cavid Şakir oğluna sənədlərini toplamasını bildirsə də, lakin Əliyev Cavid Şakir oğlu sosial yardım düzəldiyini, həmçinin maddi vəziyyəti ilə əlaqədar sənədlərini toplaya bilmədiyini bildirərək bir müddət daha könüllü olaraq işlərin icra olunması qaydasını izləməyi xahiş etmişdir. O, Əliyev Cavid Şakir oğlunun bu təklifi ilə razılaşmışdır. Belə ki, onun şəxsin iradəsindən kənar (məcburi əmək qanunvericiliklə qadağan oldunduğu üçün) onu rəsmiləşdirmək səlahiyyəti yoxdur. Əliyev Cavid Şakir oğlu könüllü olduğu dövrdə hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməmiş, sonuncuya cəmiyyət tərəfindən əmək haqqı ödənilməmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən obyektiv araşdırılması aparılmamışdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 07 mart 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokolla başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda inzibati araşdırma zamanı xx.xx.2025-ci il tarixdə verdiyi izahata münasibətdə qeyd emişdir ki, həmin vaxt baş vermiş hadisənin təsiri altında olmuş, ağır psixioloji sarsıntı keçirmiş, uzun müddət özünə gələ bilməmiş, həmin izahatı psixioloji gərgin olduğu vaxtda vermiş, verdiyi izahatının əksəriyyətini hazırda xatırlamır və məhkəmədə verdiyi izahatın əsas götürülməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərmişdir ki, o, Şəxs MMC-də Təhlükəsizlik Xidmətinin növbə rəisi işləyir. Şəxs MMC-nin mühafizəsi 3 növbə rəisi və 18 mühafizəçidən ibarətdir. X2 Şəxs MMC-də könüllü olmuşdur. Könüllü olaraq bir neçə dəfə mühafizəçilərlə birlikdə əraziyə çıxmış, xidmətlə tanış olmuşdur. Əliyev Cavid Şakir oğlunun könüllü olduğu müddətdə onu qapalı şəxs kimi tanımışdır. Əliyev Cavid Şakir oğlunun iş üçün müraciət etdiyi tarixdə onlarda boş iş yeri olmamışdır. Lakin, Cavid Əliyev işə düzəlməkdə israrlı olduğundan sonradan Xatirə xanım Cavid Əliyevin işə başlaması ilə bağlı müvafiq sənədlərin toplanaraq təqdim olunmasını bildirmişdir. Cavid Əliyev maddi vəziyyəti ilə əlaqədar həmin sənədlərin toplanılmasında problemlər yaşamış, buna baxmayaraq könüllü kimi gəlib getmiş, ümumilikdə isə 8-10 dəfə postlara çıxaraq işin icra olunması qaydasını izləmişdir. X11 Şəxs MMC-nin işçisi olmamışdır, sonuncu hərhansı işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 07 mart 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Əliyev Cavid Şakir oğlunun xx.xx.2025-ci il tarixdə Samux rayon Sarıqaya kənd inzibati ərazisi dairəsində süni göldə meyiti tapılmış, araşdırma nəticəsində Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. İş üzrə məhkəməyə təqdim edilmiş sübutlar Şəxs MMC-nin təqsirliliyini təsdiq etmir, əksinə məhkəmə iclasında tədqiq edilmiş tərəflərin izahatları və digər sübutlarla Şəxs MMC-nin təqsirliliyi təkzib olunur. İnzibati xəta haqqında iş üzrə icraat aparmış orqan işin hallarını tam araşdırmadan, inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə, işin hallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək qeyd edir ki, sübutları toplamaq və sübut etmə vəzifəsi inzibati araşdırma aparan orqanın üzərinə düşdüyü halda, inzibati xəta haqqında iş üzrə icraat aparmış orqan baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Belə ki, ilk öncə Şəxs MMC-nin Təhlükəsizlik Xidmətinin əməkdaşlarının iki gündən bir işə çıxması və kamera görüntülərinin hard disk yaddaşında ağlabatan müddət ərzində saxlanılması nəzərə alınaraq hadisənin baş verdiyi gün daxil olmaqla son bir həftənin kamera görüntülərinə baxış keçirilməli, Əliyev Cavid Şakir oğlunun Şəxs MMC-nin inzibati ərazisinə gəlməsinin faktiki səbəbləri, sonuncunun həmin MMC-də işlərin yerinə yetirilməsinə cəlb edilibedilməməsi, davamiyyət cədvəlində adının olub-olmaması, işçilərin Əliyev Cavid Şakir oğlunu tanıyıb-tanımaması, sonuncunun hər hansı əmri, tapşırığı icra edib-etməməsi və ya əksinə onun hər hansı əmr, tapşırıq verib-verməməsi, gördüyü xidmət müqabilində əmək haqqı alıb-almaması, iş üzrə fors-major vəziyyətin olub-olmaması araşdırılmamış, həmçinin Şəxs MMC-də işləyən şəxslərin əhatə dairəsi müəyyən edilərək, onların izahatı alınmalı olduğu halda, bütün bu göstərilən xüsusatlara əməl edilməmişdir. Habelə, iş üzrə Şəxs MMC-nin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən Şəxs MMC barəsində natamam araşdırma aparmaqla inzibati xəta haqqında protokol tərtib edilmişdir. Halbuki, məhkəmə araşdırması zamanı tərəflər dinlənilmiş, iş üzrə şahid dindirilmiş, sənədlər tədqiq edilərək müəyyən edilmişdir ki, X16 Şakir oğlu öz xahişi əsasında Şəxs MMC-də könüllü olaraq işlərin icra olunması qaydası ilə tanış olmuş, işi öyrənmək üçün Cəmiyyətin inzibati ərazisinə davamiyyət olmadan gəlib-getmiş, hər hansı işlərin görülməsinə cəlb edilməmiş, əmr və ya tapşırıq icra etməmişdir. Beləliklə inzibati xəta haqqında iş üzrə icraat aparmış orqan tərəfindən sübutetmə prosesinə, yəni sübutların toplanması və qiymətləndirilməsinə dair qanunvericiliyin tələblərinə nə dərəcədə riayət olunduğu məlumdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla Şəxs MMC tərəfindən müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmamışdır. Bundan başqa, Şəxs MMC-nin direktoru X1 inzibati xəta haqqında iş üzrə icraat aparmış orqana xx.xx.2025-ci il tarixdə verdiyi izahatına münasibətdə məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarındakı müddəaları və qanunvericiliyin tələblərini əsas götürərək qeyd edir ki, şəxsin məhkəməyədək icraat dövründə və məhkəmə iclasında verdiyi izahatlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Belə ki, X4 məhkəmə iclasında verdiyi izahatında həmin dövrdə hadisənin təsirindən ağır psixioloji sarsıntı keçirdiyini, həmin izahatı psixioloji gərgin olduğu vaxtda verdiyini bildirərək məhkəmə iclasında verdiyi izahatının əsas götürülməsini xahiş etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq qeyd edir ki, hazır ki iş üzrə X1 məhkəməyə verdiyi məlumatlar üzrə iş üzrə yekun qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, həmin izahatın digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrək şəxsin məhkəmədə verdiyi izahatını əsas götürür. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan işin hallarına düzgün qiymət verməmiş, iş üzrə zəruri əhəmiyyət kəsb edən halları araşdırmadan inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə xətanın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə təfsir edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Şəxs MMC-nin inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 07 mart 2025-ci il tarixli protokol əsasında Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 07 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sərdlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar