Məhkəmə qərarları › İş №3(006)-158/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-158/2025

21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-158/2025 21.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X2 və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, X2 Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, ona sms mesajla gələn MN1650006 nömrəli protokol əsassız yazılmış və bunun üçün əsaslı sübutları var. Belə ki, 1. O, heç bir qanun qaydanı və ictimai asayışı pozmamış, xuliqanlıq etməmiş, fiziki zor tədbiq etməmiş, heç kəsin əmlakın məhv etməmiş və heç kəsin əmlakını zədələməmişdir. 2. Üstəlik əksinə onun əmlakının zədələnməsinə səbəb ola biləcək və mülkiyyət hüquqlarını pozan şəxslərə orda olan polislər kömək etmiş və mülkləri olan məhlənin sökülməsinə maneə olmaq əvəzinə onlara kömək etməklə mülkiyyət hüquqlarını pozmuş, çünki həmin yerlərin sökülməsi həm evinə zərər vura bilər, həm gediş-gəlişi çətinləşdirir, həmdə ümumi hər kəsdən razılıq almamış hər kəsnən müqavilə bağlamamış ya evini almamış digər alınanları da sökmək olmaz. 3. Protokol ona verilməmiş, dəfələrlə istəsə də, lakin ona verilməmişdir, qeydlər aparıb götürəcəkmiş, lakin nə həmin gün verməmiş, nə sabahısı, nə də sonrası gün verməmişdir və protokolu yazan gah dedi sabah gahda 1 yanvar gələcək danışacaq amma protokolu verib verməyəcəyəni deməmişdir. 4. 102 xidmətinə dəfələrlə zəng etmişdir ki, protokolun bir nüsxəsin alsın, çünki protokolu yazan uzadır vaxtı, qanunla protokol ona həmin an verilməmişdir. 5. Üstəlik protokolda qeyd edilmişdir ki, guya hadisə 28 dekabr baş vermiş amma sms mesaj 2 gün sonra gəlmiş, yəni 30 dekabr, qanunla da protokol sms mesajı 24 saat ərzində gəlməlidir, amma 48 saat sonra gəlmişdir. 6. Həmdə protokolu əsaslandıracaq sübut olmalı, yəni şəkil olmalı, lakin oda işin içində yoxdur, çünki heç bir qanun pozmamış, əksinə əsassız yerə onu bölmədə 4 saat saxlamışlar. Onu aparan zaman bütün qonşular etiraz etmiş, çünki qonşular şahiddir ki, o, heçnə etməmişdir. O, yenə də polisə tabe olaraq PPX maşını ilə getmişdir. 7. Qaldı ki, mülkiyyət hüququ, onu aparan zaman sonra baxmayaraq ki, hələ maşında olarkən 102 xidmətinə zəng etmiş, yenə də xeyri olmamışdır. Belə ki, MTK MMC polisin köməyi ilə qeyri-qanuni məhlənin girişini sökmüşdür. 8. Üstəlik ağır texnika söküntü işləri edəndə onların evinə zərər dəymiş və o, səsə dərhal bütün qonşular kimi ev paltarında çölə çıxmışdır ki, mülkiyyət hüququndan istifadə edərək etirazını sözlə bildirmişdir. Əgər bu qanun pozuntusu sayılırsa onda onunla birgə 30-40 nəfər bir məhlənin sakinləri da eyni hərəkətləri etmişdir. Belə çıxır ki, qanşular da guya qanunu pozmuşdur. 9. İlk dəfə qonşuların da israrlı xahişi ilə 102 zəng etmiş və polislər gəlib söküntünü dayandırmışdır. Lakin polis mayoru Elçin Mirzəliyev gələndən sonra polislər içi özü qarışıq sakinləri itələyərək etiraz etməyə maneə yaratmışlar, fiziki güc tədbiq etməklə ağır texnika ümumi mülkiyyətləri olan məhlələrinin girişini sökmüş və bu hadisələr (həm söküntü həm polislərin təyziqi) digər sakinlərin sözlərinə görə qonşu X5 çox pis təsir etmiş və xanımın ürəyi getmişdir. Oğlu ilə birgə bir neçə qonşu 103 zəng etmişlər ki, təcili tibbi yardım gəlsin və o, həmin vaxt 20-ci Polis Bölməsində əsassız saxlanılmışdır. Polislərdən də soruşanda ki, “məni niyə gətirmisiz və mən neynəmişəm”, ona “sən heçnə etməmisən sadəcə rəisin tapşırığı belədir” cavabı bildirilmişdir. O, buraxılandan sonra onun barəsində protokol yazılmış, lakin ona təqdim edilməmişdir. Protokolu isə hadisə yerində olmayan polis nəfəri yazmışdır. Protokol ona verilmədiyi üçün dəfələrlə 2-3 gün (28-29-30 dekabr) ərzində 102 xidmətinə zəng etmişdir. Asayişi o yox, polis mayoru Elçin Mirzəliyev pozmuş, o və qonşular Daxil İşlər Nazirliyinə və Baş Prokurorluğa şikayət etmişlər. 10 gün ərzində cəriməni yazan orqana şikayət etmək hüququ var və qanunla yalnız müddət ötürüldüyü halda protokol qüvvəsin ala bilər, lakin məlumat gəlmişdir ki, guya protokol qüvvəsini almış, bu isə növbəti qanun pozuntusudur. Həmçinin, Nəsimi Rayon Polis İdarəsinə xx.xx.2024-xx.xx.2025 tarixlərdə şikayət göndərmişdir. Göstərilənlərə əsasən, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X4 və onun nümayəndəsi Nümayəndə yuxarıda göstərilən məzmunda izahat verərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Nəsimi Rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Nəsimi Rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayət vermiş şəxsin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X1 Xətalar Məcəlləsinin 510-cu maddəsi üzrə təqsirli bilinib 50 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir (5.2-ci maddə); İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48-ci maddəsi); İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir (6.2ci maddə); İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində qərar qəbul edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmədə müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi tərəfindən hazırki inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, işin bütün halları tədqiq edilmədən, zəruri araşdırma aparılmadan və şəxsin təqsirliliyinə dair hər hansı təkzibedilməz dəlil olmadan işə baxılaraq inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar