Məhkəmə qərarları › İş №3(006)-1585/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1585/2024

24.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1585/2024 24.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş xx.xx.2024-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC 25000.00 ABŞ dolları məbləğində vəsaiti 01 aprel 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 25000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 02 aprel 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 izahatında bildirmişdir ki, "İCSS” MMC-nin 25 000 ABŞ dolları məbləğində maliyyə vəsaitinin Amerikada yerləşən müxbir bank (JPM) tərəfindən bloklanması ilə bağlı "Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) tərəfindən X1 X2 İdarəsinə (OFAC) 3 iyul 2022-ci il tarixində e-mail vasitəsi (müvafiq e-mail qoşma olaraq əlavə edilir) ilə müraciət etmiş və köçürmə ilə bağlı həmin İdarəyə olan müraciət 1 avqust 2022-ci il tarixində ABB-nin əməkdaşı tərəfindən Şəxs MMC-yə rəsmi e-mail vasitəsilə təqdim edilmişdir. ABB tərəfindən OFAC-a təqdim edilmiş e-maildə 25 000 ABŞ dolları məbləğində vəsaitin köçürülməsi anında vəsaiti alanın bankında (Alfa Bank) heç bir sanksiyanın olmadığı, qeyd edilmiş məbləğ müvafiq olaraq vəsaiti göndərən bank (ABB) tərəfindən göndərildikdən sonra, vasitəçi bank tərəfindən yoxlanılan zaman Alfa Bank-ın sanksiyaya düşməsi, bu səbəbdən qeyd edilən vəsaitin Amerikadakı müxbir bankda (JPM) bloklanaraq qalması qeyd edilmişdir. Yəni, qeyd edilmiş 25 000 ABŞ dolları məbləğində vəsaitin qarşılığında heç bir mal və ya xidmətin ölkəyə daxil olmaması və göndərilmiş vəsaitin özünün də ölkəyə qayıtmaması nəinki Şəxs MMC-nin təqsiri ucbatından olmuş, Şəxs MMC özü qeyd edilmiş faktlar nəticəsində 25 000 ABŞ dolları məbləğində zərər görmüşdür. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 12-ci maddəsinə əsasən, inzibati xəta dedikdə bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, əməlin inzibati xəta hesab edilməsi üçün onun bir sıra elementləri özündə əks etdirməsi zəruridir. İlk növbədə, əməlin inzibati xəta hesab edilməsi üçün mövcud ictimai münasibətləri pozmağa yönəlik əlamətləri özündə əks etdirməsi vacibdir. Yəni törədilən əməl nəticəsində müəyyən ictimai münasibət üçün əhəmiyyətli təhlükə yaranmalıdır. Digər bir məqam isə, məhz hüquqi və ya fiziki şəxsin ictimai münasibətləri pozmağa yönəlmiş niyyətinin olub-olmamasıdır. Niyyət o zaman mövcud olur ki, planlaşdırılmış şəkildə və israrlı olaraq hər hansı bir əməlin baş verilməsi üçün daimi olaraq aktiv və ya passiv bir hərəkət həyata keçirilir. Xətanın əsas əlaməti olan subyektiv tərkibin mövcudluğu üçün Cəmiyyətin avans ödəniş həyata keçirdiyi mallar ölkəyə gəlməmiş, yəni idxal edilməmiş olmalı, Cəmiyyət bunu arzulamalı və könüllü şəkildə xətanı törətməlidir. Lakin yuxarıda göstərilən işin hallarından aydındır ki, Cəmiyyətin belə bir niyyəti mövcud olmamış, ödənişi həyata keçirilmiş mallar ölkəyə gəlmiş və idxal edilmişdir. Qeyd edilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş edilir. Məhkəmə, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan "xxxx" ASC-nin 05 aprel 2024-cü il tarixli, 6-2/2-500/2024 nömrəli Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış məktubundan görünür ki, ödəniş aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi (və ya qismən təqdim edən) sənədləri və ya idxal olunan xidmətlərin göstərlməsini təsdiq edən sənədləri banka təqdim etməyən (və ya qismən təqdim edən) müştərilərin ödəniş əməliyyatlarının siyahısında Şəxs MMC göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli köçürmə ərizəsindən görünür ki, Şəxs MMC 25000.00 ABŞ dolları məbləğində pulun ölkə xaricinə köçürülməsi üçün "xxxx" ASCyə müraciət etmişdir. İş materiallarında olan Şəxs MMC tərəfindən "xxxx" ASC-nin İdarə Heyətinin sədrinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Şəxs MMC xx.xx.2022-ci il tarixində bank hesablarının olduğu "xxxx" ASC-nin Qaradağ filialından Rusiyanın POA TMK şirkətinə 25 000 USD (iyirmi beş min dollar) ödəniş etmişdir. Ödənişlə bağlı swift verilsə də 25 000 USD vəsait sonuncu alıcının hesabına çatmamış, nədə onların hesaba geri qaytanlmamışdır. Həmin vəsaiti onların "xxxx" ASC-nin Qaradağ filialında olan hesabına geri qaytarılmasında köməklik göstərilməsi xahiş olunur. İş materiallarında olan "xxxx" ASC-nin baş direktoru tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 6-2-18/2-18214/2024 nömrəli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixində 2030CT********** referens nömrəsi ilə köçürülən 25000 (iyirmi beş min) ABŞ dolları məbləğində vəsaitin geri qaytarılması üçün müvafiq məlumatlar araşdırılmış və nəticə olaraq həmin vəsaitin müxbir bank tərəfindən bloklandığı aşkarlanmışdır. Müvafiq olaraq, məlumatınız olduğu kimi tərəfindən ABŞ-ın Xarici Vəsaitlərin İdarəsi Ofisinə (bundan sonra "OFAC") müraciət ünvanlanmışdır (əlavə olunur) və köçürmənin geri qaytarılması xahiş olunmuşdur. OFAC-ın rəsmi saytında müraciəti Case Number RUSSİA-E014024-2022-956510-1 nömrə ilə qeydə alınıb və hələ də gözləmə statusundadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 45/1 nömrəli 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda (xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən) bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulmuş “270 (iki yüz yetmiş)” sözləri “02 (iki) il” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.4-cü bəndinə görə Azərbaycan Respublikasına idxal olunan mallar və xidmətlər müdafiə və milli təhlükəsizlik ehtiyacları üçün nəzərdə tutulduqda və bu Qaydaların 4.3.1-ci yarımbəndində göstərilən köçürmələrin (avans ödənişləri daxil olmaqla) icrası üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi tapşırığı (qərarı, sərəncamı, müraciəti, dərkənarı) olduqda köçürmə əməliyyatları idxal müqaviləsi, gömrük bəyannaməsi və hər hansı digər sənəd tələb olunmadan icra edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2020-ci il tarixli Qərarında vurğulanır ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Beləliklə, məhkəmə, Şəxs MMC tərəfindən xaricə köçürülmüş vəsaitin geri qaytarılmaması və ya həmin vəsait müqabilində alınmış malların (xidmətlərin) idxal edilməməsində qeyd edilən MMC-nin təqsiri müəyyən edilməmişdir. Belə ki, iş materiallarında olan sənədlərlə, xüsusən "xxxx" ASC-nin baş direktoru tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 6-2-18/2-18214/2024 nömrəli məktubla müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə köçürülən 25.000 (iyirmi beş min) ABŞ dolları məbləğində vəsaiti ABŞ-da yerləşən müxbir bank tərəfindən bloklanmışdır. Buna görə də Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından, barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 125,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhər Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar