Məhkəmə qərarları › İş №3(006)-1586/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1586/2021

12.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1586/2021 12.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Şikayət vermiş şəxs X2 və onun nümayəndəsi X1 iştirakı ilə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin EPQ ******* saylı, 25.05.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 şikayətlə məhkəməyə müraciət edərək Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin EPQ ******* saylı, 25.05.2021-ci il tarixli inzibati xəta haqqında qərarının ləğv edilməsini və ona dəymiş 500 manat mənəvi ziyanın Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin sahə rəisi X8 tərəfindən ödənilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 25.05.2021-ci il tarixində təqribən saat 16:20 radələrində 28 may stansiyasının yanında 125 saylı avtobusdan düşərək “28 mall” istiqamətinə irəliləmişdir. Bu zaman polis ona yaxınlaşmış və ona maskadan düzgün istifadə etmədiyini bildirmişdir. O isə polisə bildirmişdir ki, baxmayaraq ki, ətrafında 3 metrlikdə adam yoxdur, amma o, buna baxmayaraq maska taxmış, maska həm ağzını, həm də burun hissəsini tutmuşdur. Polis əməkdaşı ona protokol tərtib etməli olduğunu demiş, o da polisdən özünü təqdim etməsini xahiş etmişdir. Polis əməkdaşı ona yekə-yekə danışmamasını, bu dəqiqə post patrol çağırıb onu içəri basdıracağını demişdir. O, polis əməkdaşına özünü təqdim etməyin onun vəzifə borcu olduğunu demiş, bu zaman sonuncu adının Azər Abbas olduğunu demişdir və post patrola zəng etmişdir. Post patrol bir neçə nəfər gəlmiş, ondan burada nə baş verdiyini soruşmuş, o da hadisəni olduğu kimi danışmışdır. Post patrol onun adını, soyadını soruşmuş, o, adını, soyadını demişdir. Sonra post patrol polis əməkdaşından ona müqavimət göstərib-göstərilmədiyini soruşmuş, polis əməkdaşı müqavimət göstərilmədiyini bildirmiş, post patrol onlarlıq bir iş olmadığını bildirərək çıxıb getmişdir. Polis ona protokol tərtib etməmiş getmiş. Mən polisin öz səhvini başa düşdüyünü hesab etmişdir. Bundan sonra ona məxsus ***-***-**-** nömrəli mobil telefonuma sms vastəsilə mesaj gəlmiş və 100 manat cərimə olunduğu bildirilmişdir. Bundan sonra o, polis idarəsinə getmiş və öyrənmişdir ki, həmin polis adını, soyadını ona səhv demişdir. Məlum olmuşdur ki, həmin polis Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin sahə rəisi X6r. O, sahə rəisindən barəsində tərtib olunmuş EXP ******* protokolu və eyni zamanda inzibati tənbeh vermə haqqında EPO ******* qərarı ona təqdim etməsini xahiş etmiş, S.Abbasov bir neçə gün onu süründürdükdən sonra, nahayət, 09.06.2021-ci il tarixdə onu Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin qarşısında 4 saat saxlatdıqdan sonra 25.05.2021-ci il tarixli EPO ******* inzibati tənbeh vermə haqqında qərarı ona vermişdir. O, sahə rəisi X3 25.05.2021-ci il tarixli EXP ******* protokolu da istədikdə protokolu ona verməmişdir. Göründüyü kimi, Azərbaycan polisi tərəfindən qanunlara hörmət əvəzinə, qanunlar tapdanır. X4 qanunsuz hərəkətləri nəticəsində həmçinin o, mənəvi zərbələr almışdır. Göstərilənlərə əsasən, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin EPQ ******* saylı, 25.05.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini və ona dəymiş 500 manat mənəvi ziyanın Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin sahə rəisi X8 tərəfindən ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X7 yuxarıda göstərilən məzmunda izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxsin nümayəndəsi X5 şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin EPQ ******* saylı, 25.05.2021-ci il tarixli inzibati xəta haqqında qərarından görünür ki, X2 epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimləri qaydalarını pozduğu əsas gətirilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi göstərilmiş və barəsində 100 (yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki işin faktiki hallarından müəyyən edilir ki, X2 inzibati xətanı törətməsi sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, şikayətçi tibbi maskadan düzgün istifadə etdiyini bildirir. Barəsində protokol tərtib edilmiş şəxs, protokolla razı olmadıqda, onun təqsiri digər əlavə sübutlarla təsdiq edilməlidir. Lakin şikayətçinin qeyd etdiklərinə qarşılıq inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X2 İXM-nin 211.2-ci maddəsində göstərilən inzibati xətanı törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, şikayət Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin EPQ ******* saylı, 25.05.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə şikayətin “mənəvi zərərin ödənilməsi” hissəsinə münasibətdə bildirir ki, qeyd edilən məsələyə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 36.3-cü maddəsinə görə inzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 25.05.2021-ci il tarixli EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar