Məhkəmə qərarları › İş №3(006)-1588/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1588/2021

24.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1588/2021 24.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, protokolu tərtib edən şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin sahə rəisi X1 iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 07 dekabr 2020-ci il tarixdə, saat 19:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsində yerləşən «Xəzinə» adlı kafedə Zərərçəkmiş şəxs məxsus 350 manat dəyərində mobil telefonu dələduzluq yolu ilə ələ keçirmişdir. Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin sahə rəisi X3 izahatında göstərmişdir ki, 07.12.2020-ci il tarixdə Zərərçəkmiş şəxs Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinə müraciət edərək, 07 dekabr 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsində yerləşən «Xəzinə» adlı kafedə ona məxsus 350 manat dəyərində mobil telefonun sonradan ad və soyadını tam olaraq bildiyi Şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirildiyini bildirmişdir. Bundan sonra aparılmış əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxsin Şəxs olduğu müəyyən edilmiş və sonuncu polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmiş, daha sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, 07.12.2020-ci il tarixdə o, “Bulvar” adlanan ərazidə sonradan ad və soyadını tam olaraq bildiyi Zərərçəkmiş şəxs ilə tanış olmuş və bundan sonra onlar birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsində yerləşən «Xəzinə» adlı kafeyə gəlmişlər. Orada əyləşdikdən sonra o, Zərərçəkmiş şəxs mobil telefonunu zəng etmək məqsədilə götürmüş və həmin kafedən çıxdıqdan sonra ərazidən uzaqlaşmışdır. Daha sonra həmin telefonu sataraq əldə etdiyi məbləği öz şəxsi ehtiyaclarına xərcləmişdir. Lakin sonradan polis əməkdaşları tərəfindən saxlanılmış və etdiyi əməli etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onu Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinə gətirmişlər. Polis şöbəsində etdiyi əməli etiraf etmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Hal-hazırda törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək barəsində aparılan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, 07.12.2020ci il tarixdə Şəxs ona yaxınlaşaraq duxusunun çox yaxşı olmasını bildirərək iltifat etmiş və bundan sonra onlar arasında ünsiyyət yaranmışdır. Daha sonra onlar birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsində yerləşən «Xəzinə» adlı kafeyə gəlmişlər. Orada əyləşdikdən sonra Şəxs ondan mobil telefonunu zəng etmək məqsədilə götürmüş, o da inandığından heç bir etiraz etməmiş, lakin sonuncu həmin obyektdən çıxdıqdan sonra barəsində inzibati iş üzrə icraat aparılan şəxs geri qayıtmamışdır. Bundan sonra aiddyəti üzrə Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinə ərizə ilə müraciət edərək şikayətçi olmuşdur. Sonradan ona qarşı dələduzluq əməlini törədən şəxs yəni, Şəxs polis əməkdaşları tərəfindən saxlanılmış və 22-ci Polis şöbəsinə aparılaraq izahatı alınmışdır. Hal-hazırda ona dəymiş zərər Şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir və sonuncu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 23 iyun 2021-ci il tarixdə inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin təhqiqatçısı Zaur Hacızadə tərəfindən qəbul edilmiş 07.12.2020-ci il tarixli qərardan görünür ki, Şəxs ərizəsi əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş 23 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyəti müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs müddətinin əvvəli 23 iyun 2021-ci il tarixdən, saat 16:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X2 Məntəqəsinə və Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar