Məhkəmə qərarları › İş №3(006)-1591/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1591/2021

12.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1591/2021 12.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 25.05.2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan və İXP ******* saylı inzibati xəta haqqında protokolundan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 25.05.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın və İXP ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 13.05.2021-ci il tarixdə YPX əməkdaşı ona əsassız və qanunsuz 60 manat məbləğində cərimə tətbiq etmişdir. Belə ki, 28 may metrosunun yaxınlığında asfaltın üzərində 1.18 və 1.3 yol işarələri çəkilmişdir ki, bu da öz növbəsində biri-birinə ziddiyət yaradır və sürücünü çaşqınlıq halına gətirir. Halbuki, yol hərəkəti nişanları sürücünün rahat, sərbəst və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulmuşdur. O da ilkin olaraq 1.3 yol işarəsini görərək sola hərəkət edərkən ** YP *** dövlət nömrə nişanlı xidməti maşınla yol polisi onu saxlayaraq, haqsız yerə 327.2. 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozulması maddələrinə istinadən qərarsız cərimə protokolu (ixp 3957363) tərtib etmişdir. O, YPX əməkdaşından özünü təqdim etməsini xahiş etmişdir. Buna baxmayaraq YPX əməkdaşı özünü ona təqdim etməkdən boyun qaçırmışdır. Sonra o, YPX əməkdaşına izah etmişdir ki, asfaltda çəkilən 1.18 və 1.3 işarələri biri-birinə ziddiyət yaradır və haqsız yerə protokol tərtib edir. Lakin YPX əməkdaşı onun əsaslı iradına baxmayaraq protokolu tərtib etmişdir. 1.18 və 1.3 yol nişanları biri-birinə ziddiyyət yaratdığına görə, sürücü hərəkət zamanı istiqaməti seçməkdə sərbəstdir. Ona görə ki, X4 Vyana Konvensiyasına əsasən yol nişanları və işarələri elə çəkilib və ya quraşdırılmalıdır ki, biri-birinə ziddiyət yaratmasın, sürücü onu rahat görə bilsin. Əgər biri-birinə ziddiyət yaradırsa və görünmədə məhdudiyyət varsa, buna görə sürücü heç bir məsuliyyət daşımır, qanunla heç bir cərimə nəzərdə tutulmamışdır və tədbiq edilə də bilməz. Əgər həmin yerdə 4.1.1, 4.1.2 və ya 4.1.4 məcburedici yol nişanı mövcud olarsa, o zaman sürücü həmin (4.1.1, 4.1.2, 4.1.4) yol nişanına tabe olaraq hərəkəti ona görə davam etdirməlidir. Lakin qeyd olunan yerdə heç bir məcburedici yol nişanların quraşdırılmadığına görə hərəkət istiqamətini seçərək yolunu sola götürmüşdür. Buna görə də YPX əməkdaşı tərəfindən ona qarşı yazılan (İXP 3957363) cərimə protokolunu və (TP 4392526) qərarını əsassız və qanunsuz sayır. Göstərilənlərə əsasən, İXP ******* saylı inzibati xəta haqqında protokolun və TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək inzibati tənbeh vermə haqqında qərarın və cəriməyə dair protokolun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhər DYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Bakı şəhər DYPİ-nin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayət vermiş şəxsin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, 25.05.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X2 ** DR *** dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” minik markalı avtomobili idarə edərkən 1.1. 1.3 və 1.11 üfiqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydaları pozmuşdur. X2 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 60 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir (5.2-ci maddə); İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48-ci maddəsi); İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir (6.2ci maddə); İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun (61.3-cü maddə); İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat,-o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi-və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası (115.1-ci maddə). Beləliklə məhkəmədə müəyyən edilir ki, Bakı şəhər DYPİ tərəfindən hazırki inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, işin bütün halları tədqiq edilmədən, zəruri araşdırma aparılmadan, barəsində icraat aparılan şəxsin təqsirliliyinə dair hər hansı görüntü və ya başqa bir təkzibedilməz dəlil olmadan işə baxılaraq inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, X2 İXP ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsini məhkəmədən xahiş etsə də, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 25.05.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 25.05.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər DYPİ-yə qaytarılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar