Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1593/2025 15.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-in Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ ********* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3, Azərbaycan Respublikası DİN-in Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ ********* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 03 mart 2025-ci il tarixli, EQ 26399521 №-li «inzibati tənbeh vermə haqqında» qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə görə barəsində 40 manat məbləğində cərimə tənbehinin tətbiq edilməsi qərara alınmışdır. Hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 03 mart 2025-ci il tarixli, EQ 26399521 №-li «inzibati tənbeh vermə haqqında» qərarı hüquq normalarının pozulması ilə qəbul edildiyindən, bu səbəbdən də əsassız və qanunsuz olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməlidir. Belə ki, həmin qərarda onun Nəsimi rayonu, Mirqasmov küçəsində ümumi istifadədə olan nəqliyyat vəsitələrinin dayanacaq meydançasında və ya 5,12, 5,13 yol nişanlarından 15 metrdən az yaxınlıqda istifadəsində olan nəqdiyyat vasitəsini saxlamağı əsas gətiririlərək barəsində inzibati tənbeh tətbiri tətbiq edilmişdir. Bununla bağlı qeyd edir ki, inzibati xətanın törədildiyi istinad olunan yerə viziual baxış keçirilən zaman xəbərdarlıq nişanının təsir dairəsini yəni, ümumi istifadədə olan nəqliyyat vasitəsinin dayanacaq meydançasının 15 metrlik hüdudlarını (xəbərdarlıq nişanının başlama və bitməsi hüdudunu) müəyyən edən hər hansı xəbərdaredici xətlərin mövcud olmadığı müəyyən olunmuşdur. Belə olan halda tərəfindən yol verildiyi qeyd olunan qayda pozuntusunun kamera görüntüsü əsasında necə müəyyən edildiyi və istinad olunan 15 metr məsafənin necə ölçüldüyü məyyən edilməmişdir. Həmçinin qeyd edir ki, ümumi istifadədə olan nəqliyyat vəsitələrinin dayanacaq meydançasını göstərən xəbərdarlıq nişanı ilə istifadəsində olan nəqliyyat vasitəsinin dayandığı məsafəni şəxsən ölçükdən sonra məlum oldu ki, istifadəsində olan nəqliyyat vasitəsi dayandığı yer ilə xəbərdarlıq nişanı arasındakı məsafə 18 metr təşkil etmişdir. Beləliklə tərəfindən qeyd olunan inzibati xətanı törətməyimi təsdiq edən hər hansı sübutedici fakt mövcud deyildir. Qeyd olunan əsaslara görə də hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 03 mart 2025-ci il tarixli, EQ 26399521 №-li «inzibati tənbeh vermə haqqında» qərarı qeyd olunan hüquq normalarının pozulması ilə qəbul edildyindən, bu səbəbdən də əsassız və qanunsuz olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməlidir. Qeyd etdiklərinin nəzərə alınaraq Azərbaycan Respublikası DİN-in Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ ********* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəfin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ ********* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X3 İXM-nin 346.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 40 manat məbləğində cərimə edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən parklanma – nəqliyyat vasitəsinin parklanma yerlərində durmasıdır. Həmin Qanunun 32-1-ci maddəsinə əsasən parklanma yeri – yaşayış məntəqələrinin hüdudlarında avtomobil yolunun hərəkət hissəsində və ya ona bitişik hissədə nəqliyyat vasitələrinin durması üçün ayrılmış, bu Qanunla müəyyən edilmiş qaydada işarələnmiş və təchiz edilmiş yerdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə – qırx manat məbləğində cərimə edilir. Əvvəla məhkəmə qeyd edir ki, X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair sübutlar kifayət etmir, başqa sözlə sübutetmə predmetinə daxil olan hallar iş üzrə mötəbər sübutlarla təsdiq edilmir və həmin inzibati xətanın törədilməsinə dair mövcud sübutlar İXM-in tələblərini pozmaqla rəsmiləşdirilmiş, yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Məhkəmə qeyd edir ki, inzibati orqan X3 tərəfindən “Ford Fusion” minik markalı **- FG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda saxlanılması qənaətinə gəlmiş və bununla da X3 barəsində İXM-in 346.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Lakin, məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı sözügedən ərazidə törədilməsi ehtimal edilən qayda pozuntusunun kamera görüntüsü əsasında necə müəyyən edilməsini və istinad olunan 15 metr məsafənin hansı formada ölçülməsini məyyən etmək mümkün olmamışdır və bu hal özlüyündə şəxsin İXM-in 346.2-ci maddəsi ilə məsuliyyətini istisna edir. Məhkəmə, qeyd edir ki, hər hansı bir şəxsin barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində qərar qəbul edilmiş şəxsin üzərinə düşmür. Bu yük qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM-in tələblərinə uyğun aparılmış araşdırmanın nəticəsi kimi qiymətləndirə bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Həmin qərardakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən İXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində qərar qəbul edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmə, hesab edir ki, Azərbaycan Respublikası DİN-in Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ ********* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar inzibati iş üzrə icraat aparan orqan tərəfindən inzibati xətalara dair hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasım, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməli, X3 barəsində Azərbaycan Respublikası DİN-in Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ ********* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. Azərbaycan Respublikası DİN-in Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli, EQ ********* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-1593/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1593/2025
15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver