Məhkəmə qərarları › İş №3(006)-1594/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1594/2025

11.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1594/2025 11.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, X1 Baş Dövlət Yol Polis İdarəsinin 07 mart 2025-ci il tarixli, EQ 26473415 saylı qərarın ləğv olunması barədə şikayətinə Nəsimi rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə Nəsimi rayon məhkəməsinə müraciət edərək Baş Dövlət Yol Polis İdarəsinin 07 mart 2025-ci il tarixli, EQ 26473415 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, DİN BDYPİ X3 xx.xx.2025-ci il tarixli inzibati Qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs X7 300 manat cərimə növündə inzibati tənbeh edilmişdir. Qərar belə əsaslandırılmışdır ki, Əfqan İmanov xx.xx.2025-ci il tarixdə Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 143-cü kilometrliyində **-BR-*** nömrəli avtomobillə hərəkət sürətini 61 km/saat aşdığı üçün İXM-nin 328.4-cü maddəsi ilə tənbeh edilməlidir. Qərarı tam əsassız və qanunsuz sayır. Yol Patrul Xidməti əməkdaşı inzibati xətanı aşkarlamaq üçün Yol Patrul Xidməti Haqqında Təlimatın, X4 tələblərini pozduğu üçün tərtib edilmiş inzibati protokol və qərar ləğv edilməlidir. Belə ki, Yol Patrul Xidməti əməkdaşı patrul xidməti apararkən sayrışan işıqları qoşmayaraq, yol hərəkət iştirakçıları üçün kifayət edən məsafədən görünən olmamışdır. X10 Xidməti Haqqında Təlimatın 4.3-cü və 4.4-cü bəndlərinin tələbləri pozulmuşdur. Yol Patrul Xidməti əməkdaşı xətanı qanunla qadağan olunan məsafədə qeydə almışdır. Belə ki, Yol Patrul Xidməti Haqqında Təlimatın 7-ci bəndinin tələbinə görə radardan əvvəl ***-**** metr məsafədə radarın mövcudluğunu göstərən nişan quraşdırılmalıdır. Lakin, polis əməkdaşı əks istiqamətdə hərək edərək patrul aparmış və nəticədə X4 50-ci maddəsinin tələbini pozmuşdur. Xətanın aşkarlandığı yolda sürət həddi 110 km/saat olmuşdur. X12 Xidmətinin elektron cihazı texniki səhvə yol verərək həmin yolda sürət həddini 90 km/saat göstərmişdir. X4 50-ci maddəsinin Vİİ bəndinə əsasən yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi" servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan ***-**** metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır. Yol Patrul Xidməti Haqqında Təlimatın 4.3-cü maddəsinə əsasən patrul avtomobili və YPX İnspektoru yol hərəkəti iştirakçıları üçün kifayət edəcək məsafədən görünən olmalıdır. YPX avtomobillərinin görüntünü məhdudlaşdıran hər hansı bir maneələrin (ağaclar, bina və qurğular, reklam lövhələri və s.) arxasında, o cümlədən “X9” Azərbaycan Respublikasının Qanunu ilə dayanma, durma və parklanmanın qadağan edildiyi yerlərdə yerləşdirilməsi qadağandır. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin məcəllənin 76.2-ci maddəsinin tələbinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin məcəllənin 53.2-ci maddəsinin tələbinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Qeyd olunanları nəzərə alaraq, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 07 mart 2025-ci il tarixli, EQ 26473415 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, şikayətçi və Baş Dövlət Yol Polis İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, şikayətçinin və Baş Dövlət Yol Polis İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə şikayətçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 328.4-cü maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat həddində aşmağa görə üç yüz manat məbləğində cərimə edilir. İş materiallarına əlavə edilmiş Baş Dövlət Yol Polis İdarəsinin 07 mart 2025-ci il tarixli qərarından görünür ki, X7 06 mart 2025-ci il tarixdə, saat 18:07-də “X6” markalı, **- BR-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən yolda müəyyən edilmiş hərəkət surətini 61 km/saat həddində aşmış və 300 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd olunmalıdır. Belə ki, Baş Dövlət Yol Polis İdarəsinin 07 mart 2025-ci il tarixli, EQ 26473415 saylı qərarına əsasən məlum olur ki, X7 07 mart 2025-ci il tarixdə, saat 18:07-də “X6” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla yolda müəyyən edilmiş hərəkət surətini 61 km/saat və daha artıq həddə aşmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.4-cü maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat həddində aşmağa görə-üç yüz manat məbləğində cərimə edilir. Şikayətçi inzibati xəta törətməməsi barədə heç bir sübutu iş materiallarına əlavə etməmiş və məhkəməyə təqdim etməmişdir. Sadəcə olaraq izahatında bu barədə məlumat vermişdir. Belə olan halda, məhkəmə hesab edir ki, X1 Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 07 mart 2025-ci il tarixli, EQ 26473415 saylı qərarın ləğv olunması barədə verdiyi şikayət rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Baş Dövlət Yol Polis İdarəsinin 07 mart 2025-ci il tarixli, EQ 26473415 saylı qərarın ləğv olunması barədə verdiyi şikayət rədd edilsin. Qərardan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar