Məhkəmə qərarları › İş №3(006)-1599/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1599/2024

26.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1599/2024 26.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin sahə inspektoru X2, zərərçəkmiş şəxs – X3 və onun qanuni nümayəndəsi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Masallı rayonunda doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 140-cı Binə küçəsi, 9 saylı cəzaçəkmə müəssisəsi, inzibati bina ünvanında qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsində tərtib olunmuş iş materialları baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nin sahə inspektoru X5 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 13:07 radələrində ünvan 1 ünvanında Muğan parkında içərisində kitab, pul kisəsi, diş üçün kap olan əl çantasını oğurlayaraq inzibati xəta törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nin sahə inspektoru X5 protokolu müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, 17 aprel 2024-cü il tarixdə Səməd Vurğun bağından çanta götürmüşdür, sonra həmin çantanın içərisində olan pul qabından 28 manat pul götürüb, çantanı içərisində olan qalan əşyalarla birlikdə zibil qutularının yanına atmış, həmin 28 manat puldan 15 manatına yemək içmək almış və qalan pulu üzərində saxlamış, elə həmin günü onu polis əməkdaşı saxlamışdır. Çantanı atdığı yeri polis əməkdaşına göstərmişdir. Üzərində olan 13 manatı isə qaytarmışdır. Sonda Şəxs əməlindən peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 bildirmişdir ki, 17 aprel 2024-cü il tarixdə dərsdən çıxdıqdan sonra uşaqlarla birlikdə voleybol oynamaq qərarına gəlmişlər, bunun üçün Səməd Vurğun bağına gəlmişlər. O və digər uşaqlar çantalarını otluqda qoymuş, o, çantamın üzərinə koftanı salmışdır, telefonunu isə özü ilə götürmüşdür. Voleyboldan sonra o və rəfiqəsi çantanı tapmamışlar. Bununla bağlı şikayət etmişlər. Onun çantanın içərisində isə pul qabı, onun içərisində 30 manat pul, nəqliyyatdan istifadə etmək üçün kartı, həmin kartın üzərində şəkli, eynəyi, dişlərinə taxmaq üçün kap, kitabları və dəftərləri olmuşdur. Həmin əşyaların ümumi qiymətini təhqiqatçı ilə birlikdə hesablayanda ümumilikdə 486 manat hesablamışlar. Həmin dəymiş ziyandan cəmisi ona 13 manat pul qaytarılıbdır. Digər əşyaları isə ona qaytarılmayıbdır. O dəymiş ziyanı tələb edir əks halda isə oğurluq edən şəxs ən ağır cəzanın verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Araşdırma zamanı izahatı alınmış Şəxs göstərmişdir ki, 2024-cü ilin fevral ayında həbsxanadan azadlığa çıxmışdır. Hazırda yaşadığı evdən çıxmış, 2 gün idiki parklarda yaşayır. Səbəb isə spirtli içki çox qəbul etdiyindən evdə mübahisə olmuşdur deyə evdən çıxıb tüfeyli həyat tərzi keçirir. xx.xx.2024-cü il tarixdə, təxminən saat 14 radələrində Nəsimi rayonu, Səməd Vurğun parkında olarkən parkda yerdə çanta görmüş və ətrafda adamlar voleybol oynamışdılar. O, gizlin olaraq həmin çantaya yaxınlaşmış onu kimsə görmədiyinə əmin olmuş və həmin çantanı götürüb hadisə yerindən uzaqlaşmışdır. Hadisə yerindən uzaqlaşdıqdan sonra çantanı açmış içərisində pul qabını götürüb içərisindən 28 manat pulu götürmüşdür, çantanı isə zibil qutusuna tullamışdır. Həmin 28 manat puldan 15 manatını xərcləmiş, spirtli içki alıb parkda tanış olduğu Vüsal ilə birlikdə yeyib içmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, götürməkdə məqsədi ancaq pul götürmək olub, çantanın içərisində başqa nəsə görməmişdir, pulu götürüb çantanı tullamışdır, tək götürmüşdür Vüsalın xəbəri olmayıb, lakin pulu birikdə xərcləmişdilər. “İnzibati qaydada tutma haqqında” AB seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:00-da inzibati qaydada tutulmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, vətəndaş X1 müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi müəyyən edilmədiyi üçün Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs xırda talama inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlər daxilində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 30 (otuz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsdə saxlamanın əvvəli «24» aprel 2024-cü il tarixdən, saat 19:00dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar