Məhkəmə qərarları › İş №3(006)-16/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-16/2024

11.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-16/2024 11.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakları ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 266.2 və 271-ci maddələri ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi "xxxx" MMC barəsində İXM-in 266.2 və 271-ci maddələri ilə MN seriyalı ******* nömrəli, 13 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, M.Qaşqay, M.Rəfili, R.Axundov və S.Zeynalov küçələrinin kəsişməsində yaşayış binalarının tikilməsi məqsədilə qazılmış bünövrədə tullantıların qalaqlanması müəyyən edilmişdir. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 266.2 və 271-ci maddələrində nəzərdə tutulan inzibati xətalar törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 protokolu müdafiə edərək izahatında göstərdi ki, Azərbaycan Respublikasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə daxil olmuş vətəndaş şikayəti əsasında Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, M.Qaşqay, M.Rəfili. R.axundov və S.Zeynalov küçələrinin kəsişməsində «AZƏRİ TİKİNTİ ŞİRKƏTİ” MMC tərəfindən yaşayış binasının tikilməsi üçün ayrılmış ərazidə xx.xx.2023-cü il tarixdə yoxlama aparılmış, həmin yoxlama nəticəsində qazılmış bünövrədə tullantıların qalaqlanması aşkar olunmuşdur. Həmin yoxlamanın nəticəsində 83269 saylı AKT tərtib olunmuş, həmin akt tərtib olunarkən MMC-nin nümayəndəsi iştirak etsə də akta imza çəkməkdən imtina etmişdir. "xxxx" MMC bu hərəkəti ilə ekoloji qanunvericiliyin və İXM-nin 266.2, 271-ci maddələrinin tələblərini pozmuş və nəticədə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023cü il tarixli, MN NQ ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu müdafiə edərək, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələrinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X5 izahatında göstərdi ki, hadisə "xxxx" MMC tərəfindən törədilməmişdir. Onlar əvəzləşmə müqaviləsi əsasında həmin ərazidə yalnız söküntü işləri aparmışlar. Lakin buna baxmayaraq onlar həmin ərazidə təmizlik işləri aparmışlar. Hal-hazırda həmin xəta tərəflərindən aradan qaldırılmışdır. Bundan başqa da bildirmək istəyir ki. protokol özü də düzgün tərtib olunmamışdır. Belə ki, hüquqi şəxsin burada heç bir təqsiri yoxdur, yalnız işi icra edən şəxsin bu məsuliyyəti ola bilər. Ona görə də hər iki halı nəzərə alaraq təmsil etdiyi "xxxx" MMC barəsində tərtib olunmuş protokola xitam verilməsini xahiş edir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, "xxxx" MMC tərəfindən İXM-in 266.2 və 271-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 13 dekabr 2023-cü il tarixli 83269 saylı aktdan görünür ki, baxış zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış müraciət əsasında İdarənin əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, M.Qaşqay, M.Rəfili, R.Axundov və S.Zeynalov küçələrinin kəsişməsi ünvanına baxış keçirilmişdir. Baxış zamanı "xxxx" MMC tərəfindən ərazidə söküntü-tikinti işlərinin aparılmadığı, lakin yaşayış binalarının tikilməsi məqsədilə qazılmış bünövrədə tikinti-söküntü tullantılarının qalaqlanması müşahidə olunmuşdur. Araşdırma zamanı "xxxx" MMC tərəfindən ərazidə tikinti işlərinin aparılması üçün müvafiq qurumlarla bağlanmış müqavilə və aidiyyatı qurumlarla formalaşan tullantıların yerləşdirilməsi üçün razılaşma sənədləri təqdim edilməmişdir. - İşə əlavə edilmiş fotoşəkillərdən görünür ki, yaşayış binalarının tikilməsi məqsədilə qazılmış bünövrədə tullantılar qalaqlanmışdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 266.2-ci maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə - vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi - fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən istismarı zamanı tullantıların əmələ gəldiyi bina, tikili, qurğu və digər obyektlərin layihələndirilməsi, tikintisi, yenidən qurulması, konservasiyası və ləğvi zamanı fiziki və hüquqi şəxslər: ətraf mühitin və insan sağlamlığının qorunması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ekoloji, sanitar və digər tələblərə əməl etməyə; əmələ gələn tullantıların istifadəsi, zərərsizləşdirilməsi barədə müvafıq icra hakimiyyəti orqanları tərəfindən müsbət rəy verilmiş texniki və texnoloji sənədlərə malik olmağa borcludurlar. Yaşayış binalarının, habelə istismarı zamanı tullantıların əmələ gəldiyi müəssisə, bina, tikili, qurğu və digər obyektlərin layihələndirilməsi zamanı tullantıların idarə olunması sahəsində müəyyən edilmiş qaydalara, normativlərə və tələblərə uyğun olaraq belə tullantıların yığılması üçün yerlər (meydanlar) nəzərdə tutulmalıdır; 9-cu maddəsinə əsasən tullantıların emalı zamanı tullantıların əmələ gəldiyi yerlərdə toplanması və onların texniki cəhətdən təchiz olunan xüsusi tutarlarda və ya bu məqsədlə ayrılan sahələrdə növlər üzrə saxlanılması; yerləşdirildiyi, yaxud saxlanıldığı yerlərdə tullantıların ətraf mühitdən təcrid olunması; tullantıların ətraf mühitə təsirinin azaldılması üçün onların emalının və zəərsizləşdirilməsinin bioloji, fiziki-kimyəvi, mexaniki-texniki, termik və digər üsullarla həyata keçirilməsi təmin edilməlidir; 11-ci maddəsinə əsasən tullantıların yerləşdirilməsi müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Dövlət Ekologiya və X3 Komitəsi, Səhiyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanları] icazəsi əsasında və normativ aktlarda müəyyən edilən tələblərə uyğun həyata keçirilir; Yuxarıda istinad olunan qanunvericilik normalarına və inzibati material üzrə sübutların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanaraq məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən İXM-nin 266.2 və 271-ci maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi tam sübuta yetirilir və sonuncu, həmin maddələrlə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Bununla yanaşı, məhkəmənin mövqeyinə görə hazırki iş üzrə inzibati xəta haqqında protokoldan, eləcə də səlahiyyətli orqan tərəfindən təqdim edilmiş digər sübutlardan (yoxlama aktı və fotoşəkillərdən) əlavə, barəsində icraat aparılan hüquqi şəxsin nümayəndəsinin öz izahatından aydın olur ki, həmin ərazidə söküntü işlərini məhz "xxxx" MMC aparmış və həmin ərazidə təmizlik işlərini də sonradan məhz MMC həyata keçirmişdir. Beləliklə, hazırki iş üzrə qanunvericiliyin sadalanan tələblərinin "xxxx" MMC tərəfindən pozulması müəyyən edilmişdir ki, həmin hallara görə adı çəkilən hüquqi şəxs məsuliyyətə inzibati cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3cü maddəsinin tələbləri nəzərə alınmaqla, MMC-yə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 25, 40.0.1, 43, 48-51, 53, 55, 114,115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və İXM-nin 34.3cü maddəsi nəzərə alınmaqla 10.000 (on min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar