Məhkəmə qərarları › İş №3(006)-1610/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1610/2025

17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1610/2025 17.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin polis sahə inspektoru, polis mayoru X3, Bakı şəhər BPİ-nin X18 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yol-patrul xidməti inspektoru, polis serjantı X4, Bakı şəhər BPİ-nin X18 İdarəsinin nümayəndəsi X8 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 332.1, 332.2, 334-1.1 və 511.1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər BPİ-nin X18 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yolpatrul xidməti inspektoru, polis serjantı X10 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2, 334-1.1 və 511.1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin polis sahə inspektoru, polis mayoru X11 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-1611/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə hər iki protokol bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs Bakı şəhər BPİ-nin X18 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yol-patrul xidməti inspektoru, polis serjantı X10 izahatında bildirmişdir ki, 15 mart 2025-ci il tarixdə gecə saatlarında “Tufan S150 Motosikl” markalı motosikletin sürücüsü yol hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq etdiyi üçün polis əməkdaşları tərəfindən saxla işarəsi verilmiş, lakin sürücü işarəyə məhəl qoymayaraq hərəkətini davam etdirmiş, saxla işarəsinə tabe olmayaraq öz hərətlərini davam etdirməklə hadisə yerindən qaçmışdır. Dərhal sürücünün yerinin müəyyən edilməsi məqsədi ilə videomüşahidə kameralarına baxış keçirilmişdir. Baxış zamanı “Tufan S150 Motosikl” markalı motosiklet ilə avtoxuliqanlıq edən şəxsin Şəxs olduğu müəyyən edilmiş və həmin şəxs Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində saxlanılaraq Polis İdarəsinə dəvət edilmişdir. Polis İdarəsində Şəxs izahatı alınan zaman sonuncu öz əməlini etiraf etmişdir. Bundan sonra Şəxs müayinə olunması üçün Respublika Narkoloji Mərkəzə aparılmış və müayinədən keçirilmişdir. Nəticədə məlum olmuşdur ki, Şəxs narkotik vasitədən istifadə edir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Bakı şəhər BPİ-nin X18 İdarəsinin nümayəndəsi X1 Elnur Bayram oğlunun izahatında göstərilmiş xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin polis sahə inspektoru, polis mayoru X11 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhər X17 əməkdaşları tərəfindən dövlət nömrə nişanı olmayan “Tufan S150 Motosikl” markalı motosiklet ilə avtoxuliqanlıq edən şəxs Şəxs saxlanılmış, Şəxs özünü qeyri-odekvat apardığı üçün narkotik maddələrin təsiri altında olması şübhəsi ilə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə gətirilmişdir. Bölmədə Şəxs izahatı alınmış və müayinə olunması üçün Respublika Narkoloji Mərkəzə aparılmış və müayinədən keçirilmişdir. Nəticədə məlum olmuşdur ki, Şəxs narkotik vasitədən istifadə edir və sidiyində narkotik vasitə MOP, AMP, MET və THC aşkar olunmuşdur. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, 15 mart 2025-ci il tarixdə tanışının avtotəmir yerində olan zaman polis əməkdaşları yaxınlaşaraq onu Polis İdarəsinə dəvət etmişlər. O, etiraz etmədən polis əməkdaşları ilə birlikdə X18 İdarəsinə yaxınlaşmışdır. İdarədə ona video göstərilmiş və “Tufan S150 Motosikl” markalı, 99-X-258 dövlət qeydiyyat nişanlı motosiklet ilə avtoxuliqanlıq edən şəxsin o olduğu bildirilmişdir. O, həmin motosikleti idarə etmədiyini, videoda olan şəxsin o, olmadığını bildirsə də, lakin polis əməkdaşları onun sözlərinə məhəl qoymamışdır. Polis İdarəsində polis əməkdaşlarının qeyd etiklərini izahatında yazmışdır. Həmin izahatı öz sözləri ilə yazmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı qərəzli münasibət göstərilmişdir. Video görüntülərdə avtoxuliqanlıq edən şəxs o, deyildir. O, tutulmamışdan bir neçə gün əvvəl narkotik vasitədən istifadə etsə də, lakin avtoxuliqanlıq etməmişdir. O, narkotik vasitədən istifadə etsə də, narkoman deyil. Narkotik vasitədən istifadə etdiyi üçün əməlindən peşmandır. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 206, 334-1.1 və 511.1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarına əlavə edilmiş inzibati xəta hadisəsini özündə əks etdirən DVD diskə məhkəmə iclasında baxış zamanı Bakı şəhər BPİ-nin X18 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yol-patrul xidməti inspektoru, polis serjantı X10 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda əks olunan hallar öz təsdiqini tapmışdır. İş materiallarında olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2025ci il tarixli, 1/294 nömrəli Aktdan görünür ki, Şəxs həmin tarixdə narkotik vasitə qəbul etməsi nəticəsində sərxoş olması müəyyən olunmuşdur. İş materiallarına olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsi Ambulator X2 xx.xx.2025-ci il tarixli, 1618 saylı rəyindən görünür ki, müayinə zamanı Şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İnzibati xəta haqqında materiala əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün Bölmənin aidiyyəti əməkdaşına həvalə ediməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; 511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 334-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin polis sahə inspektoru, polis mayoru X11 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu və Bakı şəhər BPİ-nin X18 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yol-patrul xidməti inspektoru, polis serjantı X10 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206, 334-1.1 və 511.1.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini, iş üzrə digər halları nəzərə alaraq hesab edir ki, Məmmədov X6 Xətalar Məcəlləsinin 206, 334-1.1 və 511.1.1-ci maddələri ilə təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində həmin Məcəllənin 206-cı maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, nəzərdə tutulan həbs inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Ona görə də məhkəmə qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.1 və 332.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta üzrə işə baxılması məhkəmənin səlahiyyətlərinə aid deyildir. Bu səbəbdəndə məhkəmə hesab edirki, Şəxs həmin hissədə əməlinə qiymət verilməsi üçün material Bakı şəhər BPİ-nin X18 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 49-51, 77, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 334-1.1 və 511.1.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və İXM-nin 34.3-cü maddəsi nəzərə alınmaqla nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətə məhdudlaşdırılmaqla, 02 (iki) ay müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 16 mart 2025-ci il tarixdən, saat 16:30-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X7 Məntəqəsinə həvalə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Şəxs Azərbaycan Respublikası İXM-nin 332.1 və 332.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə baxılması məhkəmənin səlahiyyətlərinə aid olmadığından, həmin hissədə onun əməlinə qiymət verilməsi üçün material Bakı şəhər BPİ-nin X18 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar