Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1611/2022 19.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsi tərəfindən 25 aprel 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, ünvan 1 ünvanında 25.04.2022-ci il tarixdə, saat 12:30 radələrində müvafiq icazə müqaviləsinin şərtlərini pozaraq, açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin səlahiyyətli nümayəndəsi X2 verdiyi izahatında göstərmişdir ki, Şəxs ona məxsus olan ünvan 1 ünvanında yerləşən «Arabika Dia» adlı obyektin üzərində yerləşdirdiyi reklama görə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi ilə əvəllər müvafiq müqavilə bağlamış, lakin sonradan müqavilənin müddəti uzadılmamışdır. Buna baxmayaraq, sonradan Şəxs tərəfindən ödənişlər edilməklə 10 mart 2020-ci il tarixdən 10 mart 2023-cü il tarixədək açıq məkanda reklam yerləşdirilməsinə dair müvafiq icazə alınmışdır. Hal-hazırda Şəxs tərəfindən bütün aylar üzrə ödənişlər edildiyindən onun barəsində qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, onunla Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsi arasında əvvəllər açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsi bağlanmışdır. Lakin müqavilə bağlanılan obyektdə əlavə icarə əsasında işlədən şəxslər olmuş və əvvəllər həmin şəxslərlə birlikdə açıq məkanda reklam yerləşdirilməsinə dair müvafiq icazə alınmasına dair birlikdə ödənişlər edilsə də, sonradan həmin şəxslər ödənişin edilməsinə köməklik göstərmədiyindən və ölkə ərazisində baş vermiş pandemiya ilə əlaqədar olaraq obyektdə həmin şəxslər fəaliyyət göstərmədiyindən müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Onun tərəfindən həmin obektdə özünün istifadə etdiyi sahə üzrə müvafiq reklam ödənişləri həyata keçirilmişdir. Hal-hazırda İ**********0001 nömrəli, 18.05.2022-ci il tarixli açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsinə əsasən Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi ilə onun arasında açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsi bağlanılmışdır. İcazənin müddəti 10 mart 2020-ci il tarixdən 10 mart 2023-cü il tarixədək müəyyən edilmişdir. Hal-hazırda yaranmış borc onun tərəfindən ödənildiyindən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını dinləyib, tərəflərin məhkəməyə təqdim etdiyi sənədləri tədqiq edib, material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsinin tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İ**********0001 nömrəli 18.05.2022-ci il tarixli açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsindən görünür ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi ilə Şəxs arasında açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsi bağlanılmışdır. İcazənin müddəti 10.03.2020-ci il tarixdən 10.03.2023-cü il tarixədək müəyyən edilmişdir. İXM-in 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın: 2.1-ci bəndinə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün reklam yayıcısı (reklam qurğusunun mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibi) "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir. Ərizə müvafiq qurum tərəfindən "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır; 3.1-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda yerləşdirilmiş (yerləşdirilən) reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür; 3.6-cı bəndinə əsasən açıq məkanda reklam fəaliyyətinə nəzarət çərçivəsində reklam yayıcısının yerləşdiyi ünvanda yoxlama aparılması zərurəti yarandıqda, həmin yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə uyğun həyata keçirilir; 3.7-ci bəndinə əsasən müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, İXM-ə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Belə ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdətutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 53.1, 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş 25 aprel 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1611/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1611/2022
19.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver