Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1612/2022 19.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı Şəhəri Reklam İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), sahibkarlıq fəaliyyəti ilə məşğul olan (VÖEN: **********), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə toplanmış inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 26.04.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, 26.04.2022-ci il tarixdə, saat 10:25-də Bakı Şəhər Reklam İdarəsi tərəfindən fərdi sahibkar Şəxs məxsus ünvan 2 ünvanında yerləşən “Elit” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı Şəhəri Reklam İdarəsinin nümayəndəsi C.C.Abduləzimov bildirmişdir ki, Şəxs 15.02.2021-ci il tarixdə Bakı Reklam İdarəsinə müraciət edərək reklam yerləşdirilməsinə dair icazə verilməsini xahiş etmiş, ona 15.01.2021-ci il tarixdən 15.02.2022-ci il tarixədək icazə verilmişdir. Lakin həmin müqaviləninin müddəti bitmiş və dövlət rüsumu ödənilməmişdir. Bundan sonra Şəxs tərəfindən təkrar Reklam İdarəsinə müraciət edilmiş və müqavilənin müddəti 15.02.2023-ci il tarixədək müəyyən edilmişdir. Həmçinin Şəxs tərəfindən bütün dövlət rüsumları ödənilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, 19 may 2022-ci il tarixdə dövlət rüsumunu tam həcmdə ödəmiş və onunla Bakı Şəhər Reklam İdarəsi arasında müvafiq müqavilə bağlanmışdır. Həmin halı təsdiq edən bütün sənədləri hazırda məhkəməyə təqdim edir. Göstərilənləri nəzərə alaraq, barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 19.05.2022-ci il tarixli, İ**********0007 saylı, İ**********0006 saylı, İ**********0004 saylı və İ**********0005 saylı açıq məkanda reklam yerləşdirilməsinə dair icazələrdən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi 295 ünvanında reklam yerləşdirilməsi üçün Şəxs 15.02.2022-ci il tarixdən 15.02.2023-cü il tarixədək qüvvədə olan icazə verilmişdir. İş materiallarında olan 19.05.2022-ci il tarixli qəbzdən görünür ki, 150 (bir yüz əlli) manat məbləğində yayım haqqı həmin tarixdə Şəxs tərəfindən ödənilmişdir. İş materiallarında olan 19.05.2022-ci il tarixli qəbzdən görünür ki, 35 (otuz beş) manat məbləğində rüsum həmin tarixdə Şəxs tərəfindən ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs tərəfindən 26.04.2022-ci il tarixdə, saat 10:25-də ünvan 2 ünvanında yerləşən “Elit” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmiş və buna görə də sonuncu barəsində Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan sonra, Şəxs Bakı Şəhər Reklam İdarəsinə müraciət etmiş 19.05.2022-ci il tarixdə həm dövlət rüsumunu, həm də yayım haqqını tam şəkildə ödəmiş və Bakı Şəhər Reklam İdarəsi ilə 19.05.2022-ci il tarixdə müvafiq icazə müqaviləsi rəsmi şəkildə bağlanmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırda Şəxs və Bakı Şəhər Reklam İdarəsi arasında icazə müqaviləsi rəsmi şəkildə bağlandığı üçün Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi yoxdur. Belə ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanından icazə almalı, ərazinin, daşınmaz əmlakın mülkiyyətçisi və ya onlar barədə sərəncam vermək hüququ olan şəxslə müqavilə bağlamalıdır. Həmin müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən reklama dair texniki şərtlər pasportu hazırlanır. Reklama dair texniki şərtlər pasportu mülkiyyətçiyə təqdim edildikdən sonra reklam yerləşdirilə bilər. Reklama dair texniki şərtlər pasportunun formasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” Qaydasının 2.1-ci maddəsinə əsasən, açıq məkanda reklam yerləşdirilməsinə icazə (bundan sonra – icazə) alınması üçün reklam yayıcısı (reklam qurğusunun mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibi) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir. Ərizə müvafiq qurum tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır. Həmin Qaydanın 2.7-ci maddəsinə əsasən, müvafiq qurum təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmasının nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 7 iş günündən gec olmayaraq reklam yayıcısına icazə üçün dövlət rüsumunu ödəməsi vəzifəsi barədə bildiriş göndərir və ya icazənin verilməsindən imtina haqqında inzibati akt qəbul edir. Həmin Qaydanın 2.9-cu maddəsinə əsasən, icazə verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi məbləğdə dövlət rüsumu müvafiq qurumun verdiyi bildiriş alındığı tarixdən 5 iş günü ərzində reklam yayıcısı tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd müvafiq quruma təqdim olunur. Həmin Qaydanın 2.10-cu maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd reklam yayıcısı tərəfindən müvafiq quruma təqdim edildikdən sonra 2 iş günündən gec olmayaraq: 2.10.1. icazə, həmçinin reklama dair texniki şərtlər pasportu hazırlanaraq reklam yayıcısına təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir; 2.10.2. reklam yayıcısı ilə icazə müqaviləsi bağlanılır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-1612/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1612/2022
19.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver