Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1612/2025 18.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, X1 Daxili İşlər Nazirliyi NBPİ X5 Polis İdarəsinin İTŞ-nin 07 mart 2025-ci il tarixli MN ******* saylı protokol əsasında qəbul edilmiş MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək barəsində Daxili İşlər Nazirliyi NBPİ X5 Polis İdarəsinin İTŞ-nin 07 mart 2025-ci il tarixli MN ******* saylı protokol əsasında qəbul edilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DİN Nəqliyyatda Baş Polis İdarəsinin X5 Polis İdarəsi tərəfindən mənim barəmdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi haqqında xx.xx.2025-ci il tarixində Qərar qəbul etmişdir. Qərara əsasən mənə 50 manat məbləğində cərimə ödəmək vəzifəsi təyin edilmişdir. Hesab edirəm ki, həmin Qərar qanunsuzdur, işin halları obyektiv araşdırılmamış və bu halların düzgün hüquqi qiymətləndirilməsinə əsaslanmır. Belə ki, həmin Qərarda qeyd edilir ki, mən xx.xx.2025-ci il tarixində Azərbaycan Dəmir Yolları QSC-nin Sərnişin daşıma departamentinin rəisi Azər Fərəcova qarşı xoşagəlməz hərəkət edərək, ictimai qaydanı pozmuşam. Bildirirəm ki, Qərarda qeyd edilənlər həqiqəti əks etdirmir. Mən Sərnişin daşıma departamentinin rəisi Azər Fərəcovla ancaq əmək haqqımın kəsilməsi ilə bağlı danışmışam, narazılığımı bildirmişəm. Belə ki, mən Azərbaycan Dəmir Yolları QSC-nin Sərnişin daşıma departamentinin Sərnişin daşımanın təşkili Xidmətinin Planlaşdırma və icraya nəzarət şöbəsində Tarif üzrə mütəxəssis vəzifəsində işə başlamışam. Mən hər ay 563,37 manat tarif üzrə, habelə 1 həftə sonra 236,63 manat, cəmi 800 manat əmək haqqı almışam. 2025-ci ilin yanvar ayının 18-də mənim təqsirim olmadan “Turan” Tovuz Futbol klubunun şəxsi heyətinin daşınması ilə bağlı çətinlik yarandığından, mənə xx.xx.2025-ci il tarixində əsassız olaraq şiddətli töhmət verilmişdir. Halbuki mənim bu işdə təqsirim olmamışdır mənim əmək funksiyama aid olmayan iş aydın və birmənalı olmayan formada mənə tapşırılmış, mənə yetərincə məlumat verilməmişdir. Hazırda həmin əmrdən məhkəməyə iddia vermişəm və iş Nəsimi rayon məhkəməsinin icraatındadır. X9, töhmət verilməsi ilə bağlı əmrdə bu barədə qeyd olmadığı halda əmək haqqımın hansı əsasla kəsilməsini maraqlanmışam. Bu zaman heç bir xuliqanlıq hərəkətlərinə yol verməmişəm. X5 Polis İdarəsi tərəfindən inzibati xəta haqqında qərarın hansı əsaslara istinad edib, sözügedən qərarı qəbul etdiyi mənə aydın deyil. Mənə hansısa sübutlar təqdim edilməmiş, bunlara dair mənim münasibətim öyrənilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərdiyi əsaslara istinad edərək, hesab edir ki, onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, MN № ******* saylı protokolunun və onun əsasında verilmiş xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli qərarın ləğv edilməsi və əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən X2 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verib əlavə olaraq bildirmişdir ki, o, iş materialları ilə tanış olmuşdur. Xidmət rəisinin otağına daxil olsa da, onun tərəfindən hər hansı xuliqanlıq hərəkətləri edilməmişdir. Göstərilənləri nəzərə alaraq, Daxili İşlər Nazirliyi NBPİ X5 Polis İdarəsinin İTŞ-nin 07 mart 2025-ci il tarixli MN ******* saylı protokol əsasında qəbul edilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. İnzibati orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi NBPİ X5 Polis İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Buna görə də, məhkəmə işə inzibati orqan Daxili İşlər Nazirliyi NBPİ X5 Polis İdarəsinin səlahiyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin çıxışını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyi NBPİ X5 Polis İdarəsinin İTŞ-nin 07 mart 2025-ci il tarixli MN ******* saylı protokol əsasında qəbul edilmiş MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 50 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. HK-1/19 nömrəli materialda olan 17 fevral 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il saat 21:07 radələrində DİN-nin “102 zəng xidmətindən” daxil olmuş məlumata əsasən Bakı D/Y vağzalının ərazisində "xxxx" QSC-nin Planlaşdırma və İcraya nəzarət departamentinin rəisi Azər Fərəcovun tabeçiliyində olan "xxxx" QSC-nin sərnişin daşımaları departamentinin şöbə rəisini öz xidməti otağına dəvət edərək, mühafizəçilər vastəsi ilə güc tətbiq etdirərək digər işçinin işdən azad olması üçün imza atmasına məcbur edilmişdir. Daxil olmuş məlumatın araşdırılması məqsədilə tərəfindən hər 3 (üç) şəxsin X3, mühafizəçi X4 və digər işçi Azad Azayevin zahatları alınmışdır. HK-1/19 nömrəli materialda olan 14,17 fevral 2025-ci il tarixli aktdan görünür ki, ADYnin Sərnişin daşımaları departamentinin Sərnişin daşımanın təşkili xidmətinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Emil İsmayılov, Departamentin Biznesin inkişafı və satışa dəstək şöbəsinin rəisi Mahmud Mustafayev, Departamentin hüquq məsləhətçisi Murad Abasquliyev, İnsan resursları şöbəsinin mütəxəssisi Əvəz Muradov, Xidmət keyfiyyətinin ölçülməsi şöbəsinin aparıcı mütəxəssisi Murad Yusufov bu aktı ondan ötrü tərtib etdik ki, xx.xx.2025-ci il tarixində təxminən saat 17:49 radələrində ADY-nin Sərnişin daşımaları departamentinin Sərnişin daşımanın təşkili xidmətinin Planlaşdırma və icraya nəzarət şöbəsinin rəisi X6 Departament rəisinin xidməti otağına daxil olaraq özünəməxsus mobil telefon vasitəsilə qarşı tərəfin razılığı olmadan qanunsuz və əsassız olaraq audio və video qeydiyyat aparmış, yüksək səs tonu ilə danışaraq Departament rəisinə qarşı qeyrietik ifadə və hərəkətlərə yol vermişdir. Ona xidməti otaqdan getməsi təklif olunsa da, o, xidməti otağı uzun müddət tərk etməyərək Departament rəisinin iş rejimini pozmuş, görülməli olan işlərin keyfiyyətli və vaxtında icra edilməsinə ciddi mane törətmişdir. Bundan sonra ADY-nin Mühafizə departamentinin əməkdaşlarına müraciət edilmiş, onlar Departament rəisinin xidməti otağına gəlsələr də, Ziyad Dəmirov xidməti otağı tərk etməyərək qayda pozuntularını davam etdirmişdir. Sonrakı mərhələdə saat 18:59 radələrində X5 Polis İdarəsinin əməkdaşlarının müdaxiləsi nəticəsində o, xidməti otağı tərk etmişdir. Əlavə olaraq Ziyad Dəmirova bu hadisədən sonra xx.xx.2025-ci il tarixində əvvəlcədən ADY-nin Sərnişin daşımaları departamentinin Sərnişin daşımanın təşkili xidmətinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Emil İsmayılov tərəfindən məlumat verilərək həmin gün səhər saatlarında planlaşdırma iclasında iştirak etməsinə zərurət olmadığına dair elektron məktubla, həmçinin “whatsapp” mobil tətbiqi vasitəsilə əvvəlcədən xəbərdarlıq edilməsinə baxmayaraq, Ziyad Dəmirov həmin tarixdə saat 09:10 radələrində zorla Departament rəhbərliyi tərəfindən keçirilən planlaşdırma iclasında işitrak etmək istəmiş, “Azərbaycan Dəmir Yollan" Qapalı Səhmdar Cəmiyyətinin daxili intizam qaydalarının 3-cü maddəsinin 1-ci hissəsinin 12-ci (işçi birbaşa və ya yuxarı rəhbərinin qanunauyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməlidir) bəndinin tələblərini qəsdən pozaraq iclası tərk etməmişdir. Onun bu hərəkəti planlaşdırma iclasının ləğv edilməsinə səbəb olmuşdur. Daha sonra Ziyad Dəmirov təkrarən xx.xx.2025-ci il tarixində saat 11:39 radələrinədə rəhbərlik etdiyi Şöbənin əməkdaşları Azad Azayev, Aygün Cəfərova və Toğrul Əşrəfov ilə birlikdə yenidən Departamentin Sərnişin daşımanın təşkili xidmətinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Emil İsmayılovun xidməti otağına daxil olmuş, Azad Azayev və Ziyad Dəmirov özlərinə məxsus mobil telefon vasitəsilə audio və video qeydiyyat apararaq Emil İsmayılovun xidməti işinə ciddi maneə törədərək iş prosesini pozmuş, onunla qeyri-etik tərzdə söhbətlər aparmışlar. Nəticədə iş prosesi dayanmış, heç bir iş icra edilməmişdir. Bundan başqa təxminən saat 14:10 radələrində təkrarən Ziyad Dəmirov və Azad Azayev, Departament rəisinin xidməti otağına daxil olmuş, yenidən iş prosesinə mane törədərək yüksək səs tonları ilə qeyri-etik formada Departament rəisinin ünvanına nalayiq ifadələr səsləndirmiş və şəxsi əşyalarını götürmüşlər. Departament rəisi xidməti otağından çıxmış, adıçəkilən şəxslər də onun arxasınca otaqdan dəhlizə çıxmışlar. Daha sonra Departament rəisi xidməti otağına qayıtdıqda qapını bağlamış, lakin Azad Azayev və Ziyad Dəmirov zor tətbiq etməklə otağa daxil olmuş və hərəkətlərini davam etdirmişlər. Bu dəfə də Departament rəhbərliyinin müraciəti əsasında ADY-nin Mühafizə departamentinin əməkdaşları və həmçinin X5 Polis İdarəsinin əməkdaşları Sərnişin daşımaları departamentinə dəvət olunaraq, adıçəkilən şəxsləri Departament rəisinin xidməti otağından təxminən saat 14:35 radələrində kənarlaşdırmışlar. Bu işçilərin pozuntu halları xx.xx.2025-ci il tarixində Departamentin iş prosesini dayandırmışdır. HK-1/19 nömrəli materialda olan 03 mart 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, “Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları departamentində baş vermiş mübahisə faktı əsasında X5 Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsində toplanmış HK-1/19 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən 07 mart 2025-ci il tarixli MN ******* saylı protokol əsasında qəbul edilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar HK-1/19 nömrəli material ilə birlikdə məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X6 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin dispozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, şikayətçinin protokolda göstərilən vaxtda, yəni 14 fevral 2025-ci il tarixdə hansı xoşəgəlməz halları etməsi və xuliqanlıq niyyətini ehtiva edən hansı hərəkətləri etməsi müəyyən olunmamışdır. X6 barəsində qəbul edilmiş 07 mart 2025-ci il tarixli MN ******* inzibati tənbeh vermə haqqında qərar da heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, xırda xuliqanlıq etməsi və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. X3 törətdiyi xətanın hansı sübutla müəyyən edildiyi göstərilməmişdir. Bundan əlavə, HK-1/19 nömrəli material məhkəmə iclasında tədqiq edilərkən həmin materialda izahatı alınmış şəxslərin qeyd etdikləri arasında ziddiyyətlər mövcud olsa da, həmin ziddiyyətlər aradan qaldırılmamış, yalnız formal mülahizələr əsasında qərar qəbul edilmişdir. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən, araşdırma aparmadan qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir.Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür.Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Həmçinin, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, X6 tərəfindən AR İXM-nin 510-cu maddəsinin tələblərinin pozulması ilə bağlı qeyri-müəyyənliklər mövcuddur. Bu da nəticədə obyektiv həqiqətin müəyyən olunmasında çətinliklər yaratmışdır. Buna görə də, məhkəmə hesab edir ki, qeyd edilən nöqsanları aradan qaldırmaq üçün şikayət qismən təmin edilməli, Daxili İşlər Nazirliyi NBPİ X5 Polis İdarəsinin İTŞ-nin 07 mart 2025-ci il tarixli MN ******* saylı protokol əsasında qəbul edilmiş MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə əlavə araşdırma aparılması üçün Daxili İşlər Nazirliyi NBPİ X5 Polis İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şikayət qismən təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi NBPİ X5 Polis İdarəsi tərəfindən qəbul edilmiş 07 mart 2025-ci il tarixli MN ******* saylı protokol əsasında qəbul edilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında materiallar yenidən araşdırılması üçün Daxili İşlər Nazirliyi NBPİ X5 Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi və ya təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1612/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1612/2025
18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver