Məhkəmə qərarları › İş №3(006)-1615/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1615/2024

29.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1615/2024 29.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İnzibati xəta haqqında qərarı tərtib etmiş orqanın nümayəndəsi - Bakı şəhəri Nəsimi rayon prokurorunun köməkçisi - X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhəri, Mərdəkan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olan, Zərdab şəhəri, Zərdabi küçəsi, ev 66-da Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nəsimi rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 29 aprel 2024-cü il tarixdə şəxs Bakı şəhəri Nəsimi rayon prokuroru Həsən Hənifəyev tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fiziki şəxs Şəxs (FİN: xxxxxxx) - xx.xx.2024-cü il tarixdə, saat 14:10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospektində yerləşən “Spartak” YDM-nin dizel yanacağı doldurma sahəsində yanacaq doldurmaq üçün növbəni pozduğuna görə ona irad tutan X1 üzərinə hücum çəkərək sonuncu ilə mübahisə etməklə fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunmayan, lakin ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş xırda xuliqanlıq inzibati xətasını törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon prokurorluğunun nümayəndəsi X5 protokolun məzmununa uyğun çıxış edərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, əsəbi olduğundan bu hal baş vermişdir. Belə ki, o, yanacaqdoldurma məntəqəsinə dizel yanacağı doldurmaq üçün daxil olmuşdur. Həmin vaxt növbə olmasını bilməmiş, avtomobili aparatın qarşısına verərkən bir yaşlı kişi arxadan iradını bildirmiş, o səhvini başa düşüb oradan çıxıb getmək istəyəndə onun barəsində nalayiq ifadədələr işlətmiş, ona iradını bildirəndə o, söyüş işlətmiş, onun üzərinə yeriyəndə ətrafdakılar buna müdaxilə etmiş və o, geri qayıdaraq avtomobilinə oturub hadisə yerindən çıxıb getmişdir. Törətdiyi əmələ görə peşmandır, barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə müəyyən olundu: - Araşdırma zamanı X2 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, yol vərəqəsi ilə idarə etdiyi London TX-4 markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Az Petrol LTD MMC-nin Tbilisi prospektində fəaliyyət göstərən “Spartak” YDM-də dizel yanacağı doldurmaq üçün növbədə olan zaman, Şəxs ondan qabaqda bir neçə avtomobil növbədə olsa da, növbədən kənar 2-ci avtomobilin qabağından keçərək yanacaq doldurmaq istədiyindən növbədə olan 2-ci avtomobilin sürücüsünün ona irad tutmasına baxmayaraq hərəkətinə davam etdiyindən, o Qorxmaza yaxınlaşaraq irad tutmuş, sonuncu isə avtomobili geri çəkmədiyindən aralarında mübahisə yaranmış, ona təpik zərbəsi endirmişdir. - Araşdırma zamanı Şəxs izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə etibarnamə ilə idarə etdiyi Ford Tranzit markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə Az Petrol LTD MMC-nin Tbilisi prospektində fəaliyyət göstərən “Spartak” YDM-də dizel yanacağı doldurmaq üçün daxil olaraq yanacaq doldurma aparatına yaxınlaşdıqda orada növbə olmasını hiss etmədiyi üçün hazırda yanacaq dolduran avtomobilin arxasına keçərkən bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq növbəni gözləməyi tövsiyyə etmiş, o da növbə olduğunu bilmədiyini demişdir. Bundan sonra Şəxs ona yaxınlaşaraq kobud formada növbəni pozduğunu bildirmiş, daha sonra onların arasında mübahisə yaranmış, bu zaman İlqar Quliyevə xəsarət yetirməmiş, sadəcə yaxasından tutaraq onu itələmiş, mübahisə zamanı ətrafda avtomobillərində əyləşən şəxslərin onları gördüyünü, YDM-nin işçiləri və tanımadığı bir neçə nəfərin orada olduğunu bildirmişdir. - “Video görüntülərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2024cü il tarixdə saat 14:10:00-da Şəxs idarə etdiyi Ford Tranzit markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Az Petrol LTD MMC-nin Tbilisi prospektində fəaliyyət göstərən “Spartak” YDM-də dizel yanacağı doldurma sahəsinə daxil olaraq növbədə dayanmış avtomobillərə fikir verməyərək sıraya keçdikdə arxada olan avtomobilin sürücüsü yaxınlaşıb irad tutarkən X2 idarə etdiyi London TX-4 markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobildən düşərək Şəxs yaxınlaşıb ona irad tutduqda tərəflər arasında mübahisə başlanır, Şəxs əli ilə İlqar Quliyevi itələyir, ətrafdakı şəxslər onu kənarlaşdırdıqdan sonra, yenidən İlqar Quliyevin üstünə gedərək ona təpik zərbəsi atır, onu kənarda olan şəxslər geri çəkir, bir müddət aralarında sözlə mübahisə davam etdikdən sonra Şəxs avtomobilini idarə edərək YDM-dən çıxır, mübahisə ilə bağlı saat 14:00-dan 14:15-dək YDM-də iş iflic vəziyyətə düşür. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X8 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 162 nömrəli rəyindən görünür ki, X1 bədən səthində heç bir xəsarət aşkar edilməmişdir. - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 510-cu maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclas zalında 01 ədəd diskə baxış keçirilən zaman Şəxs əli ilə İlqar Quliyevi itələməsi, ətrafdakı şəxslərin onu kənarlaşdırdıqdan sonra, yenidən İlqar Quliyevin üstünə gedərək ona təpik zərbəsi atması və bununla ictimai qaydanı pozan hərəkətlər etməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət vəənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməlindən peşman olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 100 (bir yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar