Məhkəmə qərarları › İş №3(006)-1616/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1616/2025

02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1616/2025 02.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1995-ci ildə Naxçıvan MR, Ordubad rayonu, Dırnıs kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.10-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Nəsimi rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Məhkəmənin icraatına Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 338.10-cu maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 21:25-də Bakı şəhəri, H.Seyidzadə küçəsində onun idarə etdiyi “Tufan” markalı moped eyni istiqamətdə hərəkətdə olan “BMW” markalı, **-UL- *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan güzgüsünə toxunmuşdur. Həmin vaxt əvvəlcədən qəbul etdiyi kokteylin tərkibində olan spirtli içki hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən müəyyən olunmuşdur. Onun tərəfindən avtomobilinə ziyan dəymiş şəxsə zərər ödənilmiş və ona qarşı şikayət və tələb yoxdur. Qeyd olunanları nəzərə alaraq, onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 12 mart 2025-ci il tarixdə idarə etdiyi “Tufan” markalı mopedi idarə edərkən İXM-in 338.10-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Alcovisor-Jupiter X” markalı 91012514 seriya nömrəli sərxoşluq vəziyyətini müəyyən edən xüsusi texniki vasitənin nəticəsini əks etdirən sənəddən görünür ki, 10 mart 2025-ci il tarixdə Şəxs müayinəsi zamanı onda alkoqol miqdarının 0,226 promil olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.10-cu maddəsinə əsasən bu Məcəllənin 338.8 və 338.9-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə – iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli 209 nömrəli Qərarının 2.4-cü maddəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs xx.xx.2025-ci il tarixdə alkoqoldan istifadə etdiyi müəyyən olunsa da, onun istifadə etdiyi alkoqol miqdarı məhz sərxoşluq vəziyyətində inzibati məsuliyyət yaratmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, səlahiyyətli orqan onun həmin əməlini İnzibati Xətalar Məcəlləsinin 338.10-cu maddəsi ilə düzgün tövsif etməmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 338.10-cu maddəsində göstərilir ki, bu Məcəllənin 338.8 və 338.9-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə məsuliyyət müəyyən edilmişdir. Lakin iş materialları ilə müəyyən olunur ki, Şəxs 10 mart 2025-ci il tarixdə inzibati məsuliyyət yaradan sərxoşluq vəziyyətində olmamışdır . Belə ki, “Alcovisor-Jupiter X” markalı 91012514 seriya nömrəli sərxoşluq vəziyyətini müəyyən edən xüsusi texniki vasitənin nəticəsini əks etdirən sənəddən görünür ki, 10 mart 2025-ci il tarixdə Şəxs müayinəsi zamanı onda alkoqol miqdarı 0,226 promil olmuşdur. Maddənin məzmunundan göründüyü kimi, şəxsin əməlində o halda İXM-nin 338.10cu maddəsinin tərkibi yarana bilər ki, o, bu Məcəllənin 338.8 və 338.9-cu maddələrində nəzərdə tutulmuş sərxoşluq vəziyyətində olsun. Belə olan halda məhkəmə hesab edir ki, hazırki material üzrə Şəxs istinad edilən əməldə İXM-in 338.10-cu maddəsinin deyil, həmin Məcəllənin 338.7-ci maddəsinin tərkibi mövcuddur. İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibatı Xətalar Məcəlləsinin 6.3cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibatı xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs əməli İXM-nin 338.10-cu maddəsindən həmin Məcəllənin 338.7-ci maddəsinə tövsif edilməlidir. Onun inzibati məsuliyyətini istisna edən və icraatı rədd edən hallar müəyyən edilməmişdir. Ona görə də, o, İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə baxışı zamanı inzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 338.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar