Məhkəmə qərarları › İş №3(006)-1624/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1624/2022

28.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1624/2022 28.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X30 Prokuror: Baş prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X8 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1974-cü il tarixdə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, ali təhsilli, Naxçıvan MR, Naxçıvan şəhəri, Təbriz küçəsi, ev 1, mənzil 49-da qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 26, mənzil 923-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında Baş prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisinin qərarına və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 2021-ci il 26 oktyabr – 01 noyabr tarixləri arasında bir neçə şəxsin pul vəsaitini aldatma yolu ilə tələb edərək dələduzluq yolu ilə ələ keçirib xırda talama etmişdir. Məhkəmə iclasında çıxış edən Baş prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X25 izahatında bildirdi ki, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının həkim-mütəxəssisi (biokimyəvi) vəzifəsini icra edərkən Müdafiə Nazirliyinin təlim kurslarında iştirak etmək üçün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında müayinələrdən keçmiş hərbi qulluqçuların guya qanında şəkər xəstəliyi göstəricilərinin normadan yüksək olmasını bildirib cavabların müsbət yazılması müqabilində hərbi qulluqçular X16 28.10.2021-ci il tarixdə 50 manat, X2 29.10.2021-ci il tarixdə 40 manat, X5 27.10.2021-ci il tarixdə 60 manat, X27 28.10.2021-ci il tarixdə 50 manat, X6 28.10.2021-ci il tarixdə 50 manat, X3 28.10.2021-ci il tarixdə 20 manat, X9 27.10.2021-ci il tarixdə 30 manat, X17 28.10.2021-ci il tarixdə 40 manat, X11 28.10.2021-ci il tarixdə 50 manat, X12 28.10.2021-ci il tarixdə 50 manat, X7 26.10.2021-ci il tarixdə 50 manat, X18 27.10.2021-ci il tarixdə 50 manat, X28 27.10.2021-ci il tarixdə 100 manat, X19 26.10.2021-ci il tarixdə 50 manat, X20 27.10.2021-ci il tarixdə 50 manat, X4 01.11.2021-ci il tarixdə 50 manat, X10 28.10.2021-ci il tarixdə 100 manat, X1 29.10.2021-ci il tarixdə 30 manat, X13 01.11.2021-ci il tarixdə 30 manat, X14 28.10.2021-ci il tarixdə 20 manat, X26 26.10.2021-ci il tarixdə 50 manat, X21 27.10.2021-ci il tarixdə 50 manat, X22 01.10.2021-ci il tarixdə 40 manat, X23 01.10.2021ci il tarixdə 25 manat, X24 01.11.2021-ci il tarixdə 15 manat, X15 29.10.2021-ci il tarixdə 50 manat məbləğdə pul vəsaitini aldatma yolu alıb ələ keçirmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığı üçün 21.04.2022-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd olunmuş, onun inzibati məsuliyyətə cəlb olunması üçün material aidiyyəti üzrə Baş prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinə göndərilmişdir. Şəxs zərər çəkmiş şəxslərə vurulmuş zərəri ödəməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının həkim-mütəxəsssisi (biokimyəvi) vəzifəsində çalışır. Vəzifəsinin icrası zamanı heç bir hərbi qulluqçudan və müki şəxsdən pul tələb etməmişdir. Həkim komissiyasından keçən şəxslər laboratoriya nəticələrinin tez verilməsi üçün özləri ona müxtəlif məbləğdə pul vəsaiti təklif etmiş, o da bu vəsaiti qəbul edərək həmin şəxslərə köməklik göstərmişdir. Törətdiyi əməldən peşmandır, himayəsində İ qrup əlil anası var. Göstərilənlərin nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru Nicat Şəmşirov tərəfindən qəbul edilmiş “Cinayət işi başlanılmasının rədd edilməsi haqqında” 21 aprel 2022-ci il tarixli qərara əsasən Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanılması rədd edilmiş, onun əməllərində inzibati xətanın tərkib əlamətləri olduğundan material hüquqi qiymət verilməsindən ötrü aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə məsuliyyət müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə görə talanmış əmlakın dəyəri beş yüz manatdan yuxarı olmadıqda, bu, xırda talama hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini səciyələndirən halları, əmlak vəziyyətini və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona 03 (üç) ay müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 28.04.2022-ci il tarixdən, saat 17:50-dən hesablansın. Qərarın icrası Baş prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinə, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar