Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1635/2022 03.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (vəkil) «Ədalət» Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 28 aprel 2022-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, "xxxx" ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 117500,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından 30.03.2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 117500,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (vəkil) X2 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İnzibati icraat və məhkəmə işləri şöbəsi tərəfindən tərtib edilmiş İnzibati xəta haqqında 28 aprel 2022-ci il tarixli, EP ******* nömrəli Protokolda qeyd olunmuşdur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 117500,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından 30.03.2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 117500,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Protokolun tərtib olunmasına səbəb yük gömrük bəyannaməsində texniki səhv olmuşdur. Bundan sonra onlar gömrük orqanına müraciət etmişlər, həmin yanlışlıq aradan qaldırılmışdır. Mərkəzi Bank tərəfindən də həmin düzəliş qəbul olunmuşdur. Belə ki, təqdim olunmuş yük gömrük bəyannaməsindən və iş materiallarında olan sənədlərdən görünür ki, köçürülmüş vəsait müqabilində mallar ölkəyə tam şəkildə idxal edilmişdir. Göstərilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş köçürmə haqqında ərizənin surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Baku ORME KUMAS SAN. VE TİC LTD STİ” şirkətinin müvafiq bank hesabına 117500,00 ABŞ dolları ödəniş edilmişdir. Məhkəməyə təqdim edilmiş **********6483 nömrəli, 02.07.2020-ci il tarixli gömrük bəyannaməsinin bank tərəfindən təsdiq olunmuş surətindən və "xxxx" ASC-nin Müştərilərə Xidmət Departamentinin Əməliyyatlar üzrə səahiyyətli şəxsi S.X. Məmmədova tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış 02 iyun 2022-ci il tarixli məktubdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qabaqcadan ödəniş etməklə köçürülmüş 117500,00 ABŞ dolları məbləğində vəsait hesabına malların ölkəyə idxalı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol 28 aprel 2022-ci il tarixdə tərtib edilməsinə baxmayaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 117500,00 ABŞ dolları məbləğində məhsul ölkəyə idxal edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi baş vermədiyindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1635/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1635/2022
03.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver