Məhkəmə qərarları › İş №3(006)-1636/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1636/2024

30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1636/2024 30.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X1, zərər çəkmiş şəxs X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxx 1993-cü il tarixdə Yardımlı rayonu, Köryədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, “Miraj” şadlıq sarayında adminstrator işləyən, Yardımlı rayonu, Vəlixanlı ərazi dairəsi, Köryədi kəndində olan, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski 9 ünvanında yaşayan Şəxs barəsində Nəsimi RPİ-nin 21-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkənə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə dair protokol tərtib edilmişdir ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsində yerləşən “Firuzə” gözəllik salonuna gələrək X4 nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X3 inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X7 izahatında göstərmişdir ki, Şəxs ilə 3 ilə yaxındır ki, münasibətləri olmuş, lakin son vaxtlar aralarında olan münasibət pozulduğundan təxminən 1 ildir ki, Şəxs ayrılmışdır. Ayrılmasına baxmayaraq, Şəxs onu tez-tez narahat edir. Belə ki, mütəmadi olaraq gecələr telefonuna zəng edir, yolunu kəsir, hətta sonuncu dəfə işlədiyi iş yerinə gələrək orada onu narahat etməklə səs-küy salmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, X7 ilə 2021-ci ildə tanış olmuş və həmin vaxtdan son bir ilə kimi münasibətləri normal olmuşdur. Lakin keçən ilin aprel ayından münasibətləri pozulduğu üçün Ləman ondan ayrılmışdır. Əməlindən peşmandır. Bir daha X5 narahat etməyəcəyinə söz verir. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 29 aprel 2024-cü il, saat 18:00-da tutulmuşdur. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının İXM-nin 510cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 05 (beş) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 29 aprel 2024-cü il, saat 18:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-nin X6 Saxlanılma Mərkəzinə təhvil verilməsi Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar