Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1637/2024 31.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi X10 iştirakı ilə, Şəxs (bundan sonra – MMC) (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 19 aprel 2024-cü il tarixli “İnzibati xəta haqqında” protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış şəxslərin adına (X6 (2U1U5ME), X1 (3BXTGQG),X16 (3WH00ZA), X11(6BM989P)) Nazirliyin “Əmək və məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmiş, həmin şəxslər əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi X17 izahatında göstərdi ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətin tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ile nəzərdə tutulmuş inzibati xətanı törətməsinə xx.xx.2024-cü il tarixli, MNNe ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Belə ki, «Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş» informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında müəyyən olunmuşdur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti işğaldan azad olunmuş ərazilərə iş icazəsi aldığı şəxslər X7, X1, X16, X12 Nazirliyin «Əmək və məşğulluq» sistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmiş, həmin şəxslərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar olunmuşdur. Protokol tərtib olunarkən MMC-nin nümayəndəsi dəvət olunmasına baxmayaraq iştirak etməmişlər, onların iştirakı olmadan araşdırma aparıldıqdan sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tarixədək Şəxs MMC-nın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Şəxs MMC-nin nümayəndəsi X13 izahatında göstərmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti işğaldan azad olunmuş ərazilərdə əkinçiliklə məşğul olur. Həqiqətən də X7, X1, X16, X12 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçiləri deyillər. MMC-nin X3 ilə xidməti müqaviləsi olmuşdur. Həmin adları sadalanan şəxslər də Namizəd Muxtarovun işçiləri olmuşlar. X20 bizim MMC-nin bəzi işlərini görmüşdür. 04 oktyabr 2023-cü il tarixdə Namizəd Muxtarov işçiləri X7, X1, X16, X4 Qarabağ ərazisində əkin işlərini görmək üçün portal icazəsi alınması üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə yazılı müraciət etmişdir. Həmin müraciət əsasında da onlar DİN-nə müraciət etmişlər. Göstərilənlərə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərmişdir ki, o, əkinçilik və suvarma işləri ilə məşğul olur. Onunla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xidməti müqaviləsi olubdur. Həmin müqavilə əsasında xidmət göstərmişdir. Adları sadalanan şəxslər X19 oğlu, X1, X16, X8 o işə cəlb etmişdir. Həmin şəxslərin MMC-yə hər hansı bir aidiyyatları olmamışdır. Onların işğaldan azad olunmuş ərazilərdə işləmələri üçün icazə lazım olduğundan o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət ünvanlamışdır. Həmin şəxslər 4 saatlıq iş görməlidirlər, həmin 4 saatdan ötrü onların işə götürülmələrinə ehtiyac yoxdur. O, özü şumlama işləri görür, həmin şəxslərin hər biri Ağdam rayonundan cəlb edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, MMC inzibati xətaya baxılmasının vaxtı və yeri barədə, həmçinin zəruri sübutların təqdim edilməsi barədə məlumatlandırılmışdır; - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, S-091 nömrəli məktubdan görünür ki, bundan sonra “icraçı” adlanacaq "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə bundan sonra “Sifarişçi" adlanacaq Şəxs MMC arasında biznes prosesinin autsorsinqi xidmətlərinə dair çərçivə sazişi imzalanmışdır. Həmin saziş çərçivəsində İcraçı Sifarişçiyə müvəqqəti xidmətlərin göstərilməsi üçün işçi təqdim edir. Saziş qoşma olaraq təqdim olunur. Eyni zamanda bildirmək istəyir ki, məktubda qeyd etdiyiniz dörd şəxs Sifarişçiyə İcraçı tərəfindən təqdim olunub və İcraçı ilə əmək münasibətləri mövcuddur; - "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (İcraçı) ilə Şəxs MMC (Sifarişçi) arasında bağlanmış “Biznes prosesisinin autsorsinqi xidmətlərinə dair” xx.xx.2023-cü il tarixli, FA22-063 nömrəli Çərçivə Sazişindən görünür ki, həmin sazişin predmetini hazırki saziş üzrə İcraçının Sifarişçi ilə razılışdırılmış xidmətləri göstərməsi, Sifarişçinin isə bu Sazişin tələblərinə uyğun olaraq həyata keçirilmiş həmin xidmətləri qəbul edərək razılaşdırılmış xidmət haqqını ödəməsi təşkil edir; - FA23-063 saylı və xx.xx.2023-cü il tarixli Çərçivə Sazişi daxilində Xidmətlərin yerinə yetirilməsinə dair Xidmət Sifarişindən görünür ki, İcraçı Sifarişçinin sifarişinə uyğun olaraq Sifarişçiyə kadrların cəlb olunması ilə bağlı xidmətləri göstərməyi, Sifarişçi isə bu xidmətləri qəbul edir və müqabilində razılaşdırılmış haqq ödəməyi öhdəsinə götürür. Həmin sənədin 2.9cu bəndinə əsasən Sifarişçi İcraçının hər hansı işçisinin müqavilə məsələlərinə və ya onun razılaşdırılmışı xidmət çərçivəsində işçi ilə əlaqəli olan inzibati, vergi və ya qanunvericiliklə bağlı öhdəliklərinə görə məsuliyyət daşımamalıdır; - Namizəd Muxtarov tərəfindən Şəxs MMC-nin direktoruna ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, X19 oğlu, X1, X16, X4 Qarabağ ərazisində əkin sahələrində işləmələri üçün portal icazəsinin alınmasına köməklik göstərilməsi xahiş olunur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, həmin Məcəllənin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi əmək hüquq münasibətlərini tənzimləyən yazılı sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 1-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; Həmin Məcəllənin 7-ci maddəsinə əsasən:
1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəyə əsasən:
1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
2. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir.
3. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir.
4. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinin 2-3.4-cü bəndinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda həmin münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2023-cü il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqe bundan ibarətdir ki, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Lakin, bir sıra hallarda işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlər də birdəfəlik və ya qeyri-mütəmadi olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülkihüquqi məzmunlu ola bilər. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflər arasında əmək münasibətlərinin olub-olmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən Şəxs MMC tərəfindən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən X19 oğlu, X1, X16, X22 ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə iş üzrə araşdırılmış digər sübutlarla müəyyən olunmuşdur ki, işəgötürən Şəxs MMC tərəfindən X19 oğlu, X1, X16, X12 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. “Biznes prosesisinin autsorsinqi xidmətlərinə dair” xx.xx.2023-cü il tarixli, FA22-063 nömrəli Çərçivə Sazişi və FA23-063 saylı və xx.xx.2023-cü il tarixli Çərçivə Sazişi daxilində Xidmətlərin yerinə yetirilməsinə dair Xidmət Sifarişi ilə bağlı məsələyə gəldikdə isə məhkəmə qeyd edir ki, həmin sənədlər X9, X1, X16, X12 ilə Şəxs arasında mövcud olmuş əmək münasibələrini mülki-hüquqi müqavilələrlə pərdələnməsinə yönəlmişdir. Məhkəmə, bu qənaətə gələrkən işin həqiqi hallarını əsas götürür. Belə ki, işin mübahisəsiz halıdır ki, Şəxs MMC işğaldan azad olunmuş ərazilərdə əkinçiliklə məşğul olur. Digər tərəfdən X2 özü izahatında göstərmişdir ki, o da əkinçilik işləri ilə məşğul olur və X9, X1, X16, X12 da bu məqsədlə onun tərəfindən işlərə cəlb edilmişdir. Belə olan halda, aydın olur ki, sadalanan şəxslərin fəaliyyəti MMC-nin əsas fəaliyyət istiqamətinə aiddir. Məhkəmə, göstərilən subyektlər arasında mövcud olan münasibətlərin daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək xarakterli olması barədə nəticəyə gələrkən, həmçinin nəzərə alır ki, Namizəd Muxtarov xx.xx.2023-cü il tarixdə məhz Şəxs MMC-nin direktoruna ərizə ünvanlayaraq X7, X1, X16, X4 Qarabağ ərazisində əkin sahələrində işləmələri üçün portal icazəsinin alınmasına köməklik göstərilməsini xahiş etmişdir. Bu xüsusat özlüyündə onu göstərir ki, subyektlər arasında əmək münasibətləri üçün xas olan işəgötürən tərəfindən əmək şəraitinin təşkil olunması xarakterikdir. Əks halda, sadalanan şəxslərin işlərə cəlb edilməsi MMC tərəfindən deyil, Namizəd Muxtarovun özü tərəfindən həyata keçirilməli idi. Buna görə də məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən hüquqi mövqeyini işin tədqiq edilən faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, X9, X1, X16, X4 göstərdiyi xidmətlər Şəxs MMC-nin əsas fəaliyyət sahəsinə aiddir və onlar arasında olan münasibətlər xarakterinə və hüquqi təbiətinə görə əmək münasibətləri hesab edilməlidir. Beləliklə, məhkəmədə tədqiq edilən sübutlarla Şəxs MMC-nın İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Buna görə də, məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış X14 Xidməti Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş Şəxs MMC barəsində haqlı olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Beləliklə, məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsi hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi, bununla da Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. (İXM-in 32-ci və 33-cü maddələri). Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20000 (iyirmi min) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Anar İbadzadə