Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1638/2024 22.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi ilə, X1 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 05 fevral 2024-cü il tarixli, AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 05 fevral 2024-cü il tarixli, AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, AR İXM-nin 38.6-cı maddəsinə əsasən Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Qanunverici bu müddəa ilə müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmənin əsaslarını müəyyən etmiş və inzibati tənbeh vermə haqqında elektron qərarın nəzərdə tutulan müddət ərzində şəxsin internet informasiya resursunda yaradılmış elektron kabinetində 1 gün ərzində yerləşdirilməsini şərtləndirmişdir. Həmçinin AR İXM-nin 57.6.1-ci maddəsinə əsasən 57.6. Bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan rəsmi qaydada verilmiş hesab olunyr. Lakin müvafiq olaraq inzibati xəta xx.xx.2024-cü il tarixdə törədilmiş, bununla bağlı qərar xx.xx.2024-cü ildə qəbul edilmiş, həmin qərar xx.xx.2024-cü il tarixdə elektron kabinetə yerləşdirilmişdir. Göründüyü kimi, inzibati tənbeh vermə haqqında qərarın qəbul edilmə tarixi və rəsmi qaydada verilmə tarixi arasında müddət AR İXM-də nəzərdə tutulan müddətdən artıqdır. AR İXM-nin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346- 1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin məcəllənin 127-2.1-ci maddəsinə əsasən Bu Məcəllənin 346-1.1-ci və 346-1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar parklanma yerlərində quraşdırılmış parkomatlar və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilir. Bütün parkomatlar və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında həmin mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir. AYNA-nın AR İXM-nin 346-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının inzibati xəta törədilmə və inzibati xəta haqqında qərarın verilməsi, həmçinin inzibati xəta haqqında qərar barəsində qanunla nəzərdə tutulan məlumatlandırmanın həyata keçirilməsinin bir gün müddətindən artıq olmasını və bunun AR İXM-nin 53.1.6-cı maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən halı yaratmasını nəzərə alaraq, AR İXM-nin 135.1.5-1-ci maddəsinə, yəni İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunmasına əsasən yuxarıda qeyd edilən inzibati xətalar barəsində inzibati tənbeh vermə haqqında qərarın – AYNA-nın xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etməyən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X3 məhkəmə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, X2 tərəfindən verilmiş şikayət əsassızdır və şikayət təmin edilməməklə AYNA-nın 05 fevral 2024-cü il tarixli AYN ******* X4 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, X2 idarə etdiyi “Changan uni-v minik” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobilin 11 yanvar 2024-cü il tarixində Bakı şəhəri, Mərdanov Qardaşları (Qoqol) küçəsində yerləşən P90075 saylı parklanma yerində nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş etməmişdir. AYNA parklanma yerlərini müəyyənləşdirir, onları təşkil və idarə edir, parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə əməl olunmasına nəzarət edir və parklanma qaydalarını pozmuş şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görür. Belə ki, “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2023-cü il 2109 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilməsi qərara alınmışdır. Həmin Fərmanın 1-ci hissəsinə əsasən Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edilməsi, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmənin və nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilmişdir. Ölkə Prezidentinin BNA-ya səlahiyyətlər verilməsinə dair əvvəlki Fərmandan sonra qəbul edilmiş “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2023-cü il 2109 nömrəli Fərmanı BNA- nın AYNA-ya birləşdirilməsi və BNA-nın bütün səlahiyyətlərinin AYNA ötürülməsinə ehtiva edir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 10.5-ci maddəsinə əsasən yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövləi orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2023-cu il 29 iyul tarixli 2258 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə Qaydası”nın 1.3-cü bəndinə əsasən Bakı şəhərinin inzibati ərazisində dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin hesabına yığılır. Analoji iş üzrə, İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsi ilə AYNA tərəfindən qəbul edilmiş qərar həm Səbail Rayon Məhkəməsinin 3(009)-305/2024 saylı 16 fevral 2024-cü il tarixli Qərarı ilə, həm də həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 3(103)-412/2024 saylı 01 mart 2024-cü il tarixli Qərarı ilə qüvvədə saxlanılmışdır. Hətta həmin şəxsin eyni məzmunlu digər şikayəti Yasamal Rayon Məhkəməsinin 3(004)- 1396/2024 saylı 07 mart 2024-cü il tarixli Qərarı ilə təmin edilməmiş, AYNA qərarı qüvvədə saxlanılmışdır. Belə ki, “Yol hərəkəti haqqında” Qanununun 1-ci maddəsinin 32-hissəsinə əsasən parklanma nəqliyyat vasitəsinin parklanma yerlərində durmasıdır. Həmin maddənin 32-1-ci hissəsinə əsasən parklanma yeri - yaşayış məntəqələrinin hüdudlarında avtomobil yolunun hərəkət hissəsində və ya ona bitişik hissədə nəqliyyat vasitələrinin durması üçün ayrılmış, bu Qanunla müəyyən edilmiş qaydada işarələnmiş və təchiz edilmiş yerdir. Həmin Qanunun 53-cü maddəsinin 16-cı hissəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi parklanmaya görə ödənişi parklanma yerinə daxil olarkən də apara bilər. Bu zaman ödəniş parklanma müddətindən asılı olaraq bu maddə ilə müəyyən edilmiş üsullardan biri vasitəsilə həyata keçirilir və ödəniş qəbzi nəqliyyat vasitəsinin salonunda, ön şüşənin arxasında aydın görünən və oxunan yerə qoyulur. Ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə edən şəxs parklandığı müddətə müvafiq əlavə ödəniş etməlidir. Nəqliyyat vasitəsinin istifadəçisi ödəniş edilmiş müddətdən sonra 10 dəqiqə ərzində parklanma yerini tərk etməlidir və bu müddət üçün əlavə ödəniş tələb olunmur. Həmin maddənin 21-ci hissəsinə əsasən sürücülər nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün bu maddənin 16-cı hissəsi nəzərə alınmaqla əlavə ödəniş etmədən parklanma yerinin tərk edilməsinə görə məsuliyyət daşıyırlar. AYNA-nın 05 fevral 2024-cü il tarixli AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əlavə edilmiş fotoşəkildən açıq-aydın görünür ki, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobil P90075 saylı parklanma yerində 15 dəqiqədən artıq durmuşdur. Nəqliyyat vasitəsini idarə edən şəxs həmin parlanmaya görə heç bir ödəniş etməmişdir. Bu fakt səlahiyyətli şəxs tərəfindən müəyyən edilərək, fotoşəkillər çəkilmişdir. Qərara əlavə olunmuş nəqliyyat vasitəsinin ilk fotoşəkili saat 18:06:46-da, sonuncu isə saat 19:58:45-də qeydə alınmışdır ki, bu 15 dəqiqədən çox vaxt edir və ödəniş etməmişdir. İnzibati xətanın törədilməsi inzibati tənbeh vermə haqqında qərar və şikayətə əlavə edilmiş fotoşəkil ilə tam təsdiq olunur və bu hal da şəxsin İXM-nin 346-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün əsasdır. İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə on manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlanılması üçün səbəbdir. Beləliklə AYNA-nın 05 fevral 2024-cü il tarixli AYN ******* inzibati tənbeh vermə haqqında qərar mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən X1 şikayətləri əsassızdır və təmin edilməməlidir. Qeyd olunanları nəzərə alaraq, X1 şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs və AYNA-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, AYNA tərəfindən qəbul edilmiş 05 fevral 2024-cü il tarixli, AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan AYNA tərəfindən qəbul edilmiş 05 fevral 2024-cü il tarixli, AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X2 xx.xx.2024-cü il tarixdə saat 19:58-də Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində “Changan Uni-V” minik markalı, **-YF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dayanma və ya durma qaydalarını pozmuş və bununla da, Azərbaycan Respublikasının İXM-nin 346-1.1-ci maddəsi ilə təqsirli bilinərək 10 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Şikayətdən görünür ki, şikayətdə inzibati xəta hadisəsinin baş verib-verməməsi, şəxs tərəfindən törədilən xətanın sübuta yetirilib-yetirilməməsi mübahisələndirilməmişdir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sübutlarla inzibati xəta hadisəsinin mövcudluğu, şikayətçinin təqsiri sübuta yetirilir. Şikayətçi, müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad edilməsini xahiş etmişdir. Azərbaycan Republikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin tələbinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.6-cı maddəsinə əsasən Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Hazırkı iş üzrə inzibati xəta hadisəsi 11 yanvar 2024-cü il tarixdə törədilmiş, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş, inzibati tənbeh vermə haqqında qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilməmişdir. Beləliklə hazırkı iş üzrə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən bir gün müddətində verilməli olmuş, lakin, qərar inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməli, AYNAnın 05 fevral 2024-cü il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 115, 128- 130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. AYNA tərəfindən qəbul edilmiş 05 fevral 2024-cü il tarixli, AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-1638/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1638/2024
22.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver