Məhkəmə qərarları › İş №3(006)-1640/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1640/2024

01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1640/2024 01.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək Əkbər oğlu, X1 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19359727 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti və ondan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatəti məhkəmə iclasında baxılmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: X2 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19359727 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətlə müraciət edərək onun ləğv olunmasını xahiş etmişdir. Eyni zamanda, həmin qərardan şikayət edilməsi üçün ötürülmüş müddətin bərpasına dair müraciət edərək bunun üzrlü səbəbi kimi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadında göstərilən bir neçə inzibati tənbeh vermə haqqında qərardan ayrı-ayrılıqda şikayət verilməli olduğunun bilməməsi göstərilmişdir. Məsələ ilə bağlı qeyd olunmalıdır ki, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə baxılmanın xüsusiyyətləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120-127-2-ci maddələri ilə tənzimlənir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 125.2-ci maddəsinə görə inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir (125.2.1-ci maddə); eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir (125.2.2-ci maddə); inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir (125.2.3-cü maddə). Qeyd olunan Məcəllənin 57.6-cı maddəsinə görə bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; nəqliyyat vasitəsinin istifadəçisi bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, yaxud nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərarın verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); bu Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərar verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). Şikayətin məzmunundan və ona əlavə edilmiş “ASAN Ödəniş” Sistemindən çıxarışdan görünür ki, X2 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19359727 saylı inzibati tənbeh vermə haqqında qərar bu Məcəllənin yuxarıda qeyd olunan normalarının tələblərinə uyğun olaraq xx.xx.2024-cü il tarixdə onun elektron kabinetinə yerləşdirilməklə mobil telefon nömrəsinə SMS məlumatla çatdırılmışdır. Qərardan isə şikayət bu müddətdən 20 gündən artıq vaxt keçdikdən sonra verilmiş və müddətin ötürülməsinin üzrlü səbəbi hazırki vəziyyətdə müəyyən edilməmişdir. Belə olan halda da hesab edirəm ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19359727 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət edilməsi üçün ötürülmüş müddətin bərpası qeyri-mümkündür və bununla bağlı verilmiş vəsatət rədd olunaraq şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1– 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Bu Məcəllənin 126.1-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Həmin Məcəllənin 130.2 və 130.3-cü maddələrinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: X1 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19359727 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatəti rədd edilsin, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan (müddətin bərpasının rədd olunması hissəsindən) Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar