Məhkəmə qərarları › İş №3(006)-1647/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1647/2024

30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1647/2024 30.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X6 İnzibati xəta haqqında iş üzrə Bakı şəhəri Qaradağ rayon prokurorunun icraatın başlanması haqqında köməkçisi X11 qərarı qəbul etmiş orqan: oğlunun iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 40, mənzil 39, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” Bakı şəhəri Qaradağ rayon prokurorunun xx.xx.2024-cü il tarixli qərarına və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC X4 ilə əmək müqaviləsi bağlamadan 2023-cü ilin sentyabr ayından noyabr ayınadək fəhlə kimi onu müəyyən işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Qaradağ rayon prokurorunun köməkçisi X7 bildirdi ki, xx.xx.2024-cü il tarixdə X4 Bakı şəhəri Qaradağ rayon prokurorluğuna müraciət edərək bildirmişdir ki, o, 2023-cü ilin sentyabr, oktyabr ayları və noyabr ayının 13-dək Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində olan “Günəş panelləri” ərazisində "xxxx" MMC-də işləmiş və bu müddət ərzində onunla əmək müqaviləsi bağlanılmamışdır. O, özünə məxsus “Mercedes-Benz Sprinter” markalı avtomobillə həmin əraziyə işçiləri aparmış, eyni zamanda orada olan müddətdə fəhlə kimi işləmişdir. Şirkətdə ona tapşırıq verən, gördüyü işə nəzarət edən və əmək haqqı verən Tural adlı şəxs olmuşdur. Bu müddət ərzində Tural onun əmək haqqısının bir hissəsini versə də, 1.265 manat pulunu verməmişdir. Bununla əlaqədar aparılmış araşdırma zamanı izahatı alınmış Şəxs MMC-də satış müdiri işləyən X5 izahatında göstərmişdir ki, X4 2023-cü ilin sentyabr ayından noyabr ayınadək olan müddət ərzində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən “Günəş Panelləri” ərazisində Şəxs MMC-də fəhlə kimi işlərin yerinə yetirilməsinə cəlb edilmiş və ona əmək haqqı verilmiş, onunla heç bir əmək müqaviləsi və ya xidməti müqavilə bağlanılmamışdır. "xxxx" MMC ilə Şəxs MMC arasında bağlanılmış müqaviləyə əsasən işçiləri işə götürmək vəzifəsi Şəxs MMC-nin üzərinə qoyulmuşdur. Beləliklə, Şəxs MMC hüquqi şəxs kimi X4 ilə 2023-cü ilin sentyabr ayından noyabr ayınadək olan müddət ərzində əmək müqaviləsi bağlamadan sonuncunu fəhlə kimi işlərin yerinə yetirilməsinə cəlb etmiş və bununla da İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Faktla əlaqədar Qaradağ rayon prokuroru tərəfindən xx.xx.2024-cü il tarixdə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir. Şirkətin məsuliyyətə cəlb edilməsini xahiş edir. İş üzrə təyin olunmuş üç məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin rəsmi qaydada məlumatlandırılması üzrə tədbirlər görülmüş, “sms-bildiriş”lər göndərilmiş, həmçinin işdə olan, X1 010 ***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlanılan zaman sonuncu MMC-nin nümayəndəsinin bugünki məhkəmə iclasında mütləq iştirak edə biləcəyini qeyd etsə də, nümayəndə prosesə gəlməmişdir. Məhkəmə işə hüquqi şəxsin nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • X4 tərəfindən Bakı şəhəri Qaradağ rayon prokurorluğuna ünvanlanmış xx.xx.2024-cü il tarixli müraciətdə və xx.xx.2024-cü il tarixli izahatda qeyd olunur ki, o, 2023-cü ilin sentyabr, oktyabr ayları və noyabr ayının 13-dək Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində olan “Günəş panelləri” ərazisində "xxxx" şirkətində işləmiş və bu müddət ərzində onunla əmək müqaviləsi bağlanılmamışdır. O, özünə məxsus “Mercedes-Benz Sprinter” markalı avtomobillə həmin əraziyə işçiləri aparmışdır. Eyni zamanda orada olan müddətdə fəhlə kimi işləmişdir. “Ona tapşırıq verən, gördüyü işə nəzarət edən Tural adlı şəxs olmuş, əmək haqqını Tural vermişdir. Bu müddət ərzində Tural onun əmək haqqısının bir hissəsini versə də, hal-hazırkı vaxta qədər 1.265 manat pulunu verməmişdir; • X1 Bakı şəhəri Qaradağ rayon prokurorluğunda verdiyi izahatında qeyd olunur ki, o, Şəxs MMC-də satış müdiri vəzifəsində çalışır. Şəxs MMC-nin direktoru X2r. Onun işlədiyi şirkət 2023-cü ilin sentyabr ayında Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində olan “Günəş panelləri” ərazisində işləməyə başlamışdır. O, X3 2023-cü ilin oktyabr ayından tanıyır. X4 həmin vaxtdan noyabr ayına kimi onunla birlikdə işləməyə başlamışdır. X4 ilə əmək müqaviləsi bağlanmamışdır. M.Həbiyevin əmək haqqı vaxtında ödənilmişdir. Lakin işin sonlarında ödəmələrdə çətinlik yarandığı üçün M.Həbiyevə 800 manat pul verilməmişdir. Qısa müddət ərzində həmin pul ona ödəniləcək. "xxxx" MMC ilə Şəxs MMC arasında bağlanılmış müqaviləyə əsasən işçiləri işə götürmək vəzifəsi Şəxs MMC-nin üzərinə qoyulmuşdur; • Bakı şəhəri Qaradağ rayon prokurorunun “İnzibatı xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2024-cü il tarixli qərarı ilə hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır; • Müvafiq portaldan çıxarışdan aydın olur ki, Şəxs MMC-nin (VÖEN: **********) hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 40, mənzil 39, təmsilçisi X2r. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən: • Əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir (3-cü maddə); • Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır (7-ci maddənin 2-ci hissəsi); • Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir (49cu maddənin 1-ci hissəsi); • Bu Məcəllənin 52-ci maddəsində göstərilən hallar istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir. Sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir. Sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur (51-ci maddə). Məhkəmədə müəyyən olunur ki, Şəxs MMC-də X4 2023-cü ilin sentyabr ayından noyabr ayınadək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan və hüquqi qüvvəsini almadan işə cəlb edilərək fəhlə kimi işlədilmiş və bu fakt həm həmin şəxsin, həm də Şəxs MMC-nin satış müdiri X1 Bakı şəhəri Qaradağ rayon prokurluğuna vermiş olduğu izahatı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət nəzərdə tutur. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs (18.2.1-ci maddə); hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs (18.2.2-ci maddə); hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs (18.2.3-cü maddə)və bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi (18.2.4-cü maddə). Bu Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd olunan Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, qurum İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək aşağı həddə cərimə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar