Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1653/2020 21.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X2 qızının katibliyi, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair xx xxxx 2020-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən,Şəxs xx xxx 2020-ci il tarixdə, saat 17:00 radələrində S.Vurğun küçəsi ilə hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin tələbini pozaraq özü ilə eyni istiqamətdə sağ tərəfi ilə hərəkətdə olan “İveco Creals” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusla toqquşmuş, toqquşma nəticəsində həmin avtobusda sərnişin olan S.Ə.Bəşirovanın baş və sifət nahiyəsi dəmir tutacağa dəyərək yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, xx xxx 2020-ci il tarixdə, saat 17 radələrində etibarnamə əsasında idarə etdiyi “Nazlifan” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Nəsimi rayonu, S.Vurğun küçəsi ilə üzü Təzə Bazar istiqamətində hərəkət edərkən Maliyyə Nazirliyinin qarşısından keçdikdə yolda asvalt örtüyü qazıldığı üçün asta sürətlə hərəkət etdiyi orta zolaqda olarkən yolun sağ tərəfində nisbətən ondan qarşıda dayanaraq sonradan hərəkətə başlayan “xxxxxxxx” MMC-yə məxsus “İveko Creails” markalı, **-JH- *** dövlət qeydiyyat nişanlı marşurut avtobusu ön sol hissəsi ilə onu sola tərəf sıxdıqda avtomobilin ön sağ qanad hissəsi ilə avtobusun sol qabarit işığı sürtünməklə toqquşmuşdur. O, avtomobili saxlayıb maşından düşərək avtomaşınların əzilən hissəsinə baxmış və sürücüyə tərəf yaxınlaşmışdır. Yolda tıxac yarandığı, hadisə yerində özünü günahkar bilmədiyi və qəzada ciddi ziyan olmadığı üçün getmiş, hadisə nəticəsində avtobusda olan qadın sərnişinin xəsarət aldığını görməmiş, bu barədə yalnız polis əməkdaşları tərəfindən çağırıldıqdan sonra məlumatı olmuşdur. Avtomobili təxminən 10 km saat sürəti ilə idarə etmiş, hadisə ehtiyatsızlıq nəticəsində baş vermişdir. Həmin zaman onun avtomobilinin sağ qanad hissəsi sürtülmüş, avtobusun isə sol qabarit işığının üzlüyü sınmışdır. Lakin, buna baxmayaraq, həmin yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılarkən işin bütün halları hərtərəfli araşdırılmamış, inzibati xəta haqqında protokol əsassız olaraq onun barəsində tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq, inzibati xəta haqqında protokolun və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş orqana geri qaytarılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs S.Ə.Bəşirova izahatında bildirmişdir ki, o, xx xxx 2020-ci il tarixdə, saat təxminən 17 radələrində “xxxxxxxx” MMCyə məxsus “İveko Creails” markalı, 88A saylı avtobusda sərnişin qismində əyləşərək Nəsimi rayonu, S.Vurğun küçəsi ilə üzü Təzə Bazar istiqamətində gedərkən Maliyyə Nazirliyinin qarşısından keçdikdə avtobusdan düşmək üçün hazırlaşan zaman sürücü qəfil olaraq tormoz əyləcindən istifadə etmiş, həmin zaman onun baş və sifət nahiyəsi avtobusun dəmir tutacağına çırpılaraq xəsarət almış və ona məxsus olan “Samsung G-3” markalı mobil telefonu da dəmirə çırpılma nəticəsində ekranı sınmış və yararsız vəziyyətə düşmüşdür. Baş nahiyəsindən ciddi xəsarət aldığı üçün təcili yardım çağırılmış, həkimlər ona ilkin tibbi yardım göstərmiş, daha sonra onu 1 saylı KTM-nə aparmışlar. Xəstəxanada həkimlər başına cərrahi tikiş qoyaraq müayinədən keçirmişdir. Ona avtobus ilə sol tərəfdə hərəkətdə olan digər “Lifan” markalı avtomobilin toqquşması zamanı avtobusun sərt tormuzlanma etdiyini və nəticədə yol qəzası baş verdiyini hadisə yerində məlum olmuşdur. Həmin hadisəni törədən avtomobilin sürücüsü isə hadisə yerindən yayınmışdır. Göstərilənləri nəzərə alaraq, Şəxs ona dəymiş maddi ziyanın ödənilməsini və barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi RPİ-nin DYPŞ-nə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Nəsimi RPİ-nin DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə Nəsimi RPİ-nin DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Nəsimi RPİ-nin DYPŞ-nə geri qaytarılmalıdır. Belə ki, əvvəla, toplanmış material üzrə natamam araşdırma aparılmış, işin bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatında qeyd etdiyi hallara qiymət verilməmiş, yolnəqliyyat hadisəsinin baş verməsi anını qeydə almış videogörüntününün (iş materiallarına əlavə edilsə də) olub-olmaması müəyyənləşdirilməmiş və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, inzibati xəta haqqında protokol da düzgün tərtib edilməmiş, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs fərdi identifikasiya nömrəsi, zərərçəkmiş şəxs S.Ə.Bəşirovanın təvəllüdü və yaşadığı ünvan göstərilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 100.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi (100.1.3); olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı (100.1.6.); barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları (100.1.7) göstərilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirli olub-olmamasını müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material Nəsimi RPİ-nin DYPŞ-nə qaytarılmalıdır. Qeyd olunanlara əasən və Azərbaycan Respublikasının İXM-nin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə qaytarılsın. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-1653/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1653/2020
21.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver