Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1654/2024 15.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X4 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Prokurorluğu Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2024-cü il tarixli Qərar qəbul etmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, Hüquqi şəxs "xxxx" MMC (“Elmed” Tibb Mərkəzi, VEÖN **********) əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən uzman doktor Elşən Hüseynovu 2023-cü ilin dekabr ayı ərzində vətəndaşı X1 abdominoplastika əməliyyatının icra edilməsinə cəlb edərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqında iş üzrə icraat aparmış Bakı şəhəri Binəqədi rayon Prokurorluğuna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə inzibati xəta haqqında iş üzrə icraat aparmış səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X6 izahatında göstərdi ki, o, bundan əvvəlki məhkəmə iclasında iş materialları ilə tanış olmuşdur. Barələrində tərtib olunmuş qərarla razı deyillər. Bunun üçün əsasları da var. Belə ki, xx.xx.2024-cü il tarixli qərara əsasən hüquqi şəxs Şəxs MMC əmək müqaviləsi hüquqi qüvvəyə minmədən uzman doktor Elşən Hüseynovu vətəndaş X1 abdominoplastika əməliyyatının icra edilməsinə cəlb edilməsi həmin xətanın törədilməsinə əsas kimi göstərilmişdir. Məlumat üçün bildirmək istəyir ki. həmin həkim sadəcə klinikada müəyyən cərrahi əməliyyatların həyata keçirilməsi üçün cəlb olunmuş, bununla bağlı 01 dekabr 2023-cü il tarixdə Şəxs MMC ilə X7 arasında MMC-nin nəzdində “ELMED TİBB MƏRKƏZİ”ndə tibbi xidmətlərin yerinə yetirilməsi haqqında Xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilə ********* nömrəsi ilə qeydiyyata alınmışdır. Müqavilənin müddəti bir ay göstərilmişdir, vətəndaş X1 abdominoplastika əməliyyatının icra edilməsi isə xx.xx.2023-cü il tarixdə həyata keçirilmişdir. Həmin dövrdə isə göstərdiyi kimi onlarla Elşən Hüseynov arasında xidməti müqavilə olmuşdur. Buna görə də «KARONA LTD” MMC tərəfindən hər hansı bir qayda pozuntusu olmamışdır. Qeyd edilənlərə əsasən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında ona ünvanlanan suallara cavab olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X6 bildirmişdir ki, xəstənin özünün istəyi ilə, özləri tərəfindən klinikaya müəyyən uzman həkimlər sadəcə müəyyən müddətə xidmət göstərmək üçün dəvət olunurlar. Həmin həkimlərlə sadəcə xidməti müqavilələr bağlanılır. Elşad həkim də onların dəvəti ilə klinikada bir ay müddətində müəyyən əməliyyatlarda iştirak etmiş, xidməti müqaviləsinin vaxtı bitdikdən sonra isə onlarda fəaliyyəti dayandırılmışdır. Beləliklə, məhkəmə işdə iştirak edən şəxsi dinləyib, sənədləri tədqiq edib, aşağıda qeyd olunan hüquq normalarına əsaslanıb belə hesab edir ki, Şəxs MMC tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxs Elşən Hüseynovun işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, bununla da Azərbaycan Respublikası İXMin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsinə dair Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə qəbul olunmuş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2024-cü il tarixli Qərar üzrə başlanmış icraata əməldə inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Araşdırma zamanı X2 izahatında bildirmişdir ki, 08 dekabr 2023-cü il tarixdə “Elmed” Tibb Mərkəzində “üz gərmə” cərrahi əməliyyatı olunmuş, əməliyyat təqribən 5 saat davam etmiş, əməliyyatdan sonra cəmi bir gün xəstəxanada qalmış, növbəti gün evə buraxılmış, əməliyyatdan bir neçə gün keçdikdən sonra anlamışdır ki, düzgün əməliyyat edilməmişdir. Belə ki, əməliyyatdan sonra üz nahiyəsində ciddi dəyişiklik edilmədiyini, üzündə istədiyi estetik nəticənin alınmadığını görmüş, həkim onu düzgün əməliyyat etmədiyi üçün arzuladığı estetik görünüşə sahib ola bilməmişdir. Əməliyyatdan evə buraxıldıqdan beş gün sonra halı pisləşdiyi üçün yenidən “Elmed” Tibb Mərkəzinə yerləşdirilmiş, bir neçə saatdan orada qalmış, bilmədiyi səbəbdən təzyiqi qalxmış, özünü çox pis hiss etmiş, sonradan Firuz həkimdən ona vurduğu maddi və mənəvi ziyanı ödəməsini tələb etdikdə Firuz onu ələ salaraq gözəlləşdiyini demiş, o, o, isə öz növbəsində Firuz həkimə onu uğursuz əməliyyat etdiyini, üz nahiyəsində qırışlar qaldığını, baş nahiyəsində isə lazımsız kəsiklər edildiyini, habelə qulaq nahiyəsində tikişin simmetrik edilmədiyini və ümumilikdə arzuladığı estetik nəticəni ala bilmədiyini demişdir; - Araşdırma zamanı X3 izahatında bildirmişdir ki, 2023-cü ilin avqust ayından “Elmed” Tibb Mərkəzində baş həkim vəzifəsində işləyir, ixtisasca həkim anestezioloq reanimatoloqdur və mərkəzdə həm Mərkəzin özünün, həm də kənardan dəvət olunmuş həkim cərrahlar iştirak edirlər. 2023-cü ilin dekabr ayında X2 üz dərisinin dartılması cərrahi əməliyyatı etdirmək üçün Mərkəzə müraciət etmiş, 08 dekabr 2023-cü il tarixdə cərrah həkim Elşən Hüseynov tərəfindən əməliyyat icra edilmiş, bir gün sonra xəstə evinə buraxılmış, əməliyyat təxminən 1-1,5 saat çəkmiş, əməliyyat fəsadsız başa çatmış, bu səbəbdən hər hansı problem olmadan xəstə evinə buraxılmış, əməliyyatın məqsədi xəstənin yaşlılıqla bağlı üzündə dərinin dartılması və bu yolla cavanlaşdırılması olmuş, X9 ali tibb təhsili almış və müqavilə əsasında onun dəvəti ilə bu əməliyyatı icra etmiş, əməliyyat tam uğurlu olmuş, heç bir fəsad və ya nöqsan olmamış, bütün tibbi protokollara uyğun qaydada yerinə yetirilmiş, hər hansı səhvə yol verilməmiş, xəstənin istəyinə uyğun estetik göstərişlər icra edilmişdir; - “EPlS”-dən əldə olunmuş çıxarışlardan görünür ki, “Elmed” Tibb Mərkəzi ilə Elşən Hüseynov adlı şəxslə hər hansı əmək müqaviləsi bağlanmamışdır; - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 15 aprel 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi qərara alınmışdır; - Şəxs MMC-nin nəzdində “ELMED TİBB MƏRKƏZİ”ndə tibbi xidmətlərin yerinə yetirilməsi haqqında xx.xx.2023-cü il tarixli, 01011223 nömrəli xidmət müqaviləsindən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən «Sifarişçi» Şəxs MMC -nin nəzdində "ELMED TİBB MƏRKƏZİ"ndə "İCRAÇİ”nın fəaliyyəti üçün nəzərdə tutulan normal tibbi şəraiti, iş rejimini, müasir tibbi avadanlıqlarla təmin etməyi, «İcraçı» isə «Sifarişçi»nin müəyyən etdiyi qaydada bu müqavilədə göstərilən şərtlərlə həkim-cərrah kimi tibb mərkəzinə qəbul edilən xəstələr üzərində cərrahi əməliyyatlar aparmağı, müalicə və manipulyasiya üzrə tibbi xidmətləri yerinə yetirməyi, xəstələrin qəbulu, müayinəsi, müalicələrin və cərrahi əməliyyatların təyin edilməsi, müalicə prosedurlarının aparılması zamanı həkim-cərrah kimi vəzifə funksiyaların aid olan xidmətləri (bundan sonra “Xidmət”) göstərməyi öhdəsinə götürür. "İcraçı dərman və preparatların məsrəf edilməsinə nəzarəti həyata keçirir və dərman percparatların istifadəsi zamanı onların mühafizəsi,saxlanması üçün məsuliyyət daşıyır. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir və imzalandığı tarixdən 1 ay müddətində qüvvədədir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən göstərilən xidmətlərin dəyəri “İCRAÇİ”ya razılaşma yolu ilə apardığı əməliyyatların müqabilində ödənilir. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Bakı şəhəri Binəqədi rayon Prokurorluğu inzibati xətaya dair iş üzrə icraat zamanı araşdırma apararkən işin hallarına düzgün hüquqi qiymət vermədən, Elşən Hüseynov ilə Şəxs MMC arasında əmək münasibətlərinin mövcud olması, həmin şəxsin MMC tərəfindən işə cəlb edilməsi və bununla da İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qənaətinə gəlmişdir. Halbuki, məhkəmə iclasında araşdırılan sübutlarla Elşən Hüseynovla MMC-nin arasında əmək münasibətlərinin olması öz təsdiqini tapmır. Məhkəmə, iş üzrə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır:
1. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsi hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsində təqsirli bilinməsi üçün işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuş şəxslə onu bu cür işə (xidmətə) cəlb etmiş şəxs arasında olan münasibətin məhz əmək hüquq münasibəti olması zəruridir. Çünki, əmək müqaviləsi məhz əmək hüquq münasibətləri üçün tələb olunur. Buna görə də, ayrı-ayrı xidmətlərin göstərilməsi ilə bağlı yaranan mülki hüquq münasibətləri ilə əmək münasibətlərinin hazırki halda fərqləndirilməsi olduqca zəruridir. Məhkəmə isə hesab edir ki, Bakı şəhəri Binəqədi rayon Prokurorluğu tərəfindən işin halları tam araşdırılmayaraq Elşən Hüseynovla Şəxs MMC arasında olan münasibətlər əsassız olaraq əmək münasibətləri kimi qiymətləndirilmiş, başqa sözlə inzibati xəta haqqında iş üzrə icraat aparan orqan işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-də xidmət göstərmiş Elşən Hüseynovla ilə həmin MMC arasında olan münasibətlərə düzgün hüquqi qiymət verilməsi bütövlükdə inzibati xəta tərkibinin yaranmasına səbəb olan öhdəliyin (əmək müqaviləsinin bağlanması) mövcudluğuna təsir edən əsas amildir. Buna görə də məhkəmə, inzibati xəta haqqında iş üzrə icraat aparan orqanın diqqətini cəlb edərək bildirir ki, hər hansı tərəflər arasında olan faktiki münasibətləri əmək müqaviləsi bağlanması tələb edən əmək münasibətləri olmasını, yoxsa mülki-hüquqi müqavilə əsasında həyata keçirilən münasibətlər olmasını müəyyən etmək üçün aşağıdakı xüsusatlar aydınlaşdırılmalıdır: - mülki hüquqla tənzimlənən münasibətlər zamanı tərəflər arasındakı faktiki münasibətlər bərabərlik prinsipinə, əmək münasibətləri zamanı isə tabelilik prinsipinə əsaslanır; - mülki hüquqla tənzimlənən münasibətlər zamanı vətəndaşın işi yerinə yetirməsi sərbəst rejimdə, əmək münasibətləri zamanı isə işəgötürənin müəyyənləşdirdiyi rejimdə həyata keçirilir; - mülki hüquqla tənzimlənən münasibətlər zamanı tərəflər arasındakı faktiki razılığın predmetini görülən işin nəticəsi, əmək münasibətləri zamanı isə əmək prosesinin özü təşkil edir. Başqa sözlə, əmək münasibətlərində işçi görülən işinin nəticəsindən asılı olmayaraq əmək haqqı aldığı halda, mülki münasibətlər zamanı isə xidmət haqqı görülmüş işin nəticəsinə görə verilir; - mülki hüquqla tənzimlənən münasibətlər zamanı işin görülməsi müddəti həmin işinin nəticəsinin meydana çıxdığı vaxtla şərtləndirilir, əmək münasibətləri zamanı isə bu müddət qanunla müəyyən edilmiş müddətdə davam edir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2023-cü il tarixli Qərarında da göstərilir ki, Əmək Məcəlləsi ilə əmək münasibətlərinə verilmiş anlayışa əsasən, bu münasibətlərin xarakterik cəhətləri olaraq, ilk növbədə, bir tərəfin fiziki şəxs olması, onun, yəni işçinin müəssisədaxili intizam qaydalarına tabe olması, əmək müqaviləsi üzrə şərtləşdirilmiş əmək funksiyalarını müvafiq iş yerində şəxsən yerinə yetirməsi çıxış edir. Münasibətlərin digər subyekti olan işəgötürən isə işçini müvafiq işlə, habelə sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin etməli və onun əməyinin qarşılığını (əmək haqqını) ödəməlidir. Əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır. Əmək münasibətlərindən fərqli olaraq, mülki hüquq münasibətləri isə əsasən istər hüquqi, istərsə də faktiki cəhətdən tərəflərin bərabərliyinə əsaslanan münasibətlərdir və mülki qanunvericiliyin təməl prinsiplərindən biri olaraq mülki hüquq subyektlərinin bərabərliyi qəbul edilmişdir. Məhz bu səbəbdəndir ki, mülki münasibətləri tənzimləyən mülki hüquq normaları mahiyyətcə daha çox dispozitiv xarakterli olmaqla, tərəflərin azad iradə ifadəsi ilə müəyyən etdikləri müqavilə şərtləri üzrə tənzimetməyə üstünlük verir. Məhkəmə, yuxarıda göstərilən hər bir xüsusatı işin faktiki halları ilə müqayisə edərək belə nəticəyə gəlir ki, Şəxs MMC ilə Elşən Hüseynov arasında olan faktiki münasibətlər mülki xarakterli olmuşdur. İş üzrə dindirilmiş şəxslərin izahatları, iş materiallarında olan sənədlər və bir-birini tamamlayan digər mötəbər sübutlarla müəyyən edilmişdir ki, Elşən Hüseynov Şəxs MMC tərəfindən həkim-cərrah kimi tibb mərkəzinə müraciət etmiş xəstələt üzərində tibbi xidmətləri həyata keçirmək üçün cəlb olunmuşdur. İş üzrə dindirilmiş şəxslərin izahatlarından, tədqiq edilmiş sənədlərdən, xüsusən tərəflər arasında 01011223 nömrəli xidmət müqaviləsinin bir aylıq müddətə bağlanması xüsusatından aydın olur ki, Elşən Hüseynov Şəxs MMC-də yalnız konkret müraciətlər üzrə, daimi xarakter daşımayan tibbi fəaliyyətin həyata keçirilməsi üçün cəlb edilmiş, həkim-cərrah kimi xidmət göstərdiyi 1 aylıq müddətdə onun fəaliyyəti sərbəst şəkildə həyata keçirilmiş, yəni onun üçün hər hansı əmək rejimi (iş və istirahət vaxtı və s.) müəyyən edilməmiş, mülki-hüquqi müqavilə üzrə münasibətlər həmin müqavilədə göstərilən xidmətin icrası ilə əlaqədar 1 ayın sonunda başa çatmışdır. Bundan başqa, işin faktiki hallarından o da aydın olur ki, göstərilən xidmətlərin dəyəri “İCRAÇİ”ya razılaşma yolu ilə apardığı əməliyyatların müqabilində, başqa sözlə işin nəticəsinə görə ödənilmişdir. Bütün bunlar onu göstərir ki, Şəxs MMC ilə Elşən Hüseynov arasıda tibbi xidmətlərə dair mövcud olmuş münasibətlər həm işin predmeti, həm vaxt nöqteyi-nəzərindən məhdud və qeyri-mütəmadi xarakterli olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülki-hüquqi məzmunludur.
2. Məhkəmə, eyni zamanda “tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin yerinə yetirilməsi ilə bağlı yaranmasına dair” məsələyə münasibət bildirməyi zəruri hesab edir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinin 2-3.4cü bəndinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda həmin münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Tərəflər arasında yaranmış münasibətlərinin işəgötürənin əsas fəaliyyət sahəsinə aid olan işlərin yerinə yetirilməsi ilə bağlı olub-olmadığını müəyyən etmək üçün isə hüquqi şəxsin nizamnaməsi nəzərdən keçirilməlidir. Çünki, hüquqi şəxsin fəaliyyət istiqaməti onun nizamnaməsi ilə müəyyən edilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 47.2-ci maddəsi). Lakin, hazırda məhkəmə bu halın araşdırılmasını zəruri hesab etmir. Belə ki, işin mübahisəsiz halıdır ki, Elşən Hüseynov Şəxs MMC-nin nəzdində fəaliyyət göstərən “ELMED TİBB MƏRKƏZİ”ndə xidmət göstərmişdir və onun göstərdiyi xidmətin sözügedən tibb mərkəzinin əsas fəaliyyət sferasına aid olması istisna deyil. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2023-cü il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqe bundan ibarətdir ki, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Lakin, bir sıra hallarda işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlər də birdəfəlik və ya qeyri-mütəmadi olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülki-hüquqi məzmunlu ola bilər. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflər arasında əmək münasibətlərinin olub-olmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir. Buna görə də məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini işin yuxarıda tədqiq edilən faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, Elşən Hüseynovun göstərdiyi xidmətlər Şəxs MMC-nin (“ELMED TİBB MƏRKƏZİ”nin) əsas fəaliyyət sahəsinə aid olsa da onlar arasında olan münasibətlər xarakterinə və hüquqi təbiətinə görə mülki-hüquqi münasibət hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 1-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; Həmin Məcəllənin 7-ci maddəsinə əsasən:
1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42-ci maddənin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəyə əsasən:
1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Beləliklə, hazırkı iş üzrə işəgötürən Şəxs MMC ilə Elşən Hüseynov arasında məhz əmək münasibətlərinin mövcud olması öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış Bakı şəhəri Binəqədi rayon Prokurorluğu Şəxs MMC tərəfindən fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi barədə pozuntuya yol verilməsi və işəgötürən tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün olmayan hüquqi nəticəyə gəlmiş və Şəxs MMC barəsində əsassız olaraq “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar qəbul etmişdir. Odur ki, Şəxs MMC tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, bununla da Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Bakı şəhəri Binəqədi rayon Prokurorluğu tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Anar İbadzadə