Məhkəmə qərarları › İş №3(006)-1656/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1656/2022

18.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1656/2022 18.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC-nin (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, ev 17B, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş 29.04.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola görə Şəxs MMC 30.000 ABŞ dolları məbləğində vəsaiti 03.03.2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 30.000 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 31.03.2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X2 izahatında bildirmişdir ki, Şəxs MMC-nin barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, 30.08.2017-ci ildə Şəxs MMC ilə İsraildə yerləşən “Telrad Networks LTD” şirkəti arasında malların göndərilməsinə dair müqavilə imzalanmışdır. Müqavilə üzrə avadanlıqlar ölkəyə idxal edilmiş, xidmətlər göstərilmişdir. 03.04.2019-cu il tarixdə müvəqqəti idxal rejiminin uzadılması xahiş edilmiş və uzadılmışdır. 2020-ci ilin aprel ayında pandemiya rejimi mövcud olduğundan gömrük orqanı tərəfindən ləngimələr yaradılmışdır. Onlar gömrük orqanına şifahi olaraq müraciət edib, pandemiya ilə bağlı iş rejimində dəyişiklik edildiyindən gözləmələrini xahiş etmişlər. Bu səbəbdən də onlardan asılı olmayan səbəblərdən 2 il müddət vaxt keçmişdir. Göründüyü kimi, Şəxs MMC-yə istinad edilən inzibati xəta hadisəsi yoxdur. Göstərilənləri nəzərə alaraq, Şəxs MMC-nin barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 30.08.2017-ci il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə “Sifarişçi”- Şəxs MMC ilə “İcraçı” – “Telrad Networks LTD” şirkəti arasında bağlanmış, müqaviləyə görə Sifarişçinin tapşırığı ilə İcraçı tərəfindən səsin, təsvirin və ya başqa məlumatların qəbul edilməsi, dəyişdirilməsi və ötürülməsi və ya bərpa edilməsi üçün maşınlar, kommutasiya qurğularının göndərilməsi razılaşdırılmışdır. İş materiallarında olan 282 saylı, 18.03.2020-ci il tarixli köçürmə ərizəsindən görünür ki, Şəxs MMC tərəfindən “Telrad Networks LTD” şirkətinin hesabına 30.08.2017-ci il tarixli müqavilə üzrə 28.03.2018-ci il tarixli, T112246 saylı İnvoice əsasən 30.000 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. İş materiallarında olan 08.04.2022-ci il tarixli, **********4901 saylı gömrük bəyannaməsindən görünür ki, 30.08.2017-ci il tarixli müqavilə üzrə sifariş olunmuş 30.000 ABŞ dolları dəyərində mallar ölkə ərazisinə idxal edilmişdir. İş materiallarında olan Şəxs MMC tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinə ünvanlanmış ərizələrdən görünür ki, 04.04.2018-ci il tarixində **********8805 sorğu nömrəsi ilə gömrük bəyannaməsi müvəqqəti idxal rejimində rəsmiləşdirilmişdir. Yükün müvəqqəti idxal müddəti bitdiyi üçün həmin sorğu nömrəsi ilə qeydiyyatdan keçmiş gömrük bəyannaməsinin müvəqqəti idxal müddətinin 04.04.2020, növbəti dəfə 04.04.2021, daha sonra isə 1 il müddətinə uzadılmasına icazə verilməsi xahiş edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC ilə İsraildə yerləşən “Telrad Networks LTD” şirkəti arasında 30.08.2017-ci il tarixdə səsin, təsvirin və ya başqa məlumatların qəbul edilməsi, dəyişdirilməsi və ötürülməsi və ya bərpa edilməsi üçün maşınlar, kommutasiya qurğularının göndərilməsinə dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən 30.03.2020-ci il tarixdə 30.000 ABŞ dolları məbləğində vəsait “Telrad Networks LTD” şirkətinin hesabına köçürülmüş, həmin köçürməyə əsasən sonuncu tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində sifariş olunan mallar ölkəyə idxal edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə sifariş olunan mallar ölkəyə idxal edildiyi üçün Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar