Məhkəmə qərarları › İş №3(006)-1664/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1664/2024

21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1664/2024 21.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən İXP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlərdən görünür ki, sürücü Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:00 radələrində etibarnamə ilə idarə etdiyi “TOYOTA PRİUS” minik” markalı **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti ilə Ş.Bədəlbəyli küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X3 bədən xəsarətləri almışdır. Bununla da, Şəxs barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 23 radələrində etibarnamə əsasında idarə etdiyi, “Toyota Prius” markalı, “**-KA-***” dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti ilə üzü konservatoriya istiqamətində hərəkət edərkən Ş.Bədəlbəyli küçəsinin kəsişməsinə daxil olub sol istiqamətdə dönərkən ehtiyatsızlıq nəticəsində qarşısında piyada zolağı ilə yolu keçməkdə olan bir nəfər cavan oğlanı avtomaşının ön hissəsi ilə vurmuş, həmin şəxs yerə yıxılaraq yüngül xəsarət almışdır. O, dərhal avtomaşından düşüb həmin şəxsə yaxınlaşaraq ona öz köməkliyini edib onu idarə etdiyi avtomaşına əyləşdirərək xəstəxanaya aparmaq istəmişdir. Lakin zərər çəkmiş xəstəxanaya getməyə ehtiyacının olmadığını və ona qarşı şikayətçi olmadığını bildirmişdir. Sonradan zərər çəkmişin anası şikayətçi olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Nəsimi RPİ-nin növbətçi hissəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 70 nömrəli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 06:30 radələrində X6 Klinikasından daxil olmuş məlumatda Heydər Əliyev parkının yanında baş vermiş YHN-si zamanı X1 dizin əziyi xəsarətini almışdır. İş materiallarına əsasən izahatı alınmış Şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 23:00 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan, Toyota Prius markalı **-KA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti ilə üzü konservatoriya istiqamətində hərəkət edərkən Ş.Bədəlbəyli küçəsinin kəsişməsinə daxil olub sol istiqamətdə dönərkən ehtiyatsızlıq nəticəsində qarşısında piyada zolağı ilə yolu keçməkdə olan bir nəfər cavan oğlanı avtomaşının ön hissəsi ilə vurmuş, həmin şəxs yerə yıxılaraq yüngül xəsarət almışdır. O, dərhal avtomaşından düşüb həmin şəxsə yaxınlaşaraq ona öz köməkliyini edib onu idarə etdiyi avtomaşına əyləşdirərək xəstəxanaya aparmaq istəmişdir. Lakin zərər çəkmiş xəstəxanaya getməyə ehtiyacının olmadığını bildirdi. Daha sonra isə ona öz mobil nömrəsini vermiş və onun da mobil nömrəsini götürmüşdür. Canur adlı şəxs Kapital bankın qarşısında avtomaşından düşərək özü çıxıb getmiş və ona qarşı şikayətçi olmadığını bildirmişdir. İş materiallarına əsasən izahatı alınmış zərər çəkmiş şəxs X3 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 23:00 radələrində işdən çıxıb və gedərkən Heydər Əliyev parkının qarşısında Ş.Bədəlbəyli küçəsi istiqamətində piyada zolağı ilə yolu keçərkən sağ tərəfdən hərəkətdə olan sonradan marka və nömrə nişanını bildiyi “Toyota Prius” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü maşının ön hissəsi ilə onu vurmuş, zərbənin təsirindən o asfalt üzərinə yıxılmışdır. Sürücü maşından düşüb ona köməklik etmək , xəstəxanaya aparmaq istəyəndə tanımadığı üçün imtina etmişdir. Evə gəldikdə ayağında şiddətli ağrılar başladığından X7 xəstəxanasına müraciət etmişdir. Müayinə zamanı sağ diz nahiyəsində əziklər olduğu məlum olmuş və müalicəni evdə davam etdirmişdir. Hadisəni törədən şəxs zərər çəkmişin müalicə və müayinə xərclərini ödəmədiyindən məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X4 xx.xx.2024-cü il tarixli, 163 nömrəli rəyindən görünür ki, 2004-cü il təvəllüdlü X2 bədənində aşkar edilmiş xəsarətlər - sağ diz oynağı həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan iri ölçülü dərialtı hematoması. sağ çənəaltı və sol diz oynağı nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 6-8 gün əvvəl əmələ gəlmişdir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. C.R.Nəbiyevin bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasım nəzərə alaraq demək olar ki. həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi mümkündür. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 26 fevral 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə toplanmış materialın Nəsimi RPİ-nin DYPŞ-si vasitəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işin hallarını araşdırıb və tərəflərin çıxışlarını dinləyib belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən o, Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə, həmçinin belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55, 105, 114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar