Məhkəmə qərarları › İş №3(006)-1670/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1670/2025

11.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1670/2025 11.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, X1 Baş X7i İdarəsinin 23 fevral 2025-ci il tarixli, EQ 26254863 saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş 23 fevral 2025-ci il tarixli, EQ 26254863 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o hər zaman qanunsevər və qanunlara riayət edən vətəndaş kimi yaşamağa çalışmışdır. Əks mövqe onun əqidəsinə, xassiyyətinə ziddir. İndiyədək ona ancaq parkinqə görə cərimələr tətbiq edilmişdir. Onları da dərhal 10 faiz güzəştlə ödəmişdir. Ümumiyyətlə, son zamanlar parkinqlərə görə də pozuntuları minimum dərəcəyə endirmişdir. Təəsüflər olsun ki, X7 İdarəsi tərəfindən barəsində avtobus zolağına daxil olmaqla bağlı inzibati tənbeh vermə barədə əsassız və ədalətsiz qərar qəbul edilmişdir. Həmin qərarı əsassız hesab edir və ləğv edilməsini xahiş edir. Belə ki, 22 fevral 2025-ci il tarixdə qarlı buzlu qış günündə barəsində saat 21:43 radələrində avtobus zolağına daxil olmağına görə 100 manat cərimə və 2 bal sanksiyası olan inzibati tənbeh barədə qərar qəbul edilmişdir. Həmin gün bütün media boyunca avtobusların ümumiyyətlə saat 21:00-dan sonra işləməyəcəyi barədə əhali məlumatlandırılmışdır. Bu rəsmi xəbərlərdə belə elan edilmişdir. Faktiki olaraq isə avtobuslar artıq 17:00-dan sonra işləməmişlər. Qayda pozuntusu etdiyi iddia edilən yolda nişanlanma xətləri çəkilməmişdir. Daha doğrusu əvvəl çəkilmiş xətlər qara rənglə silinmişdir. Yeni xətt isə çəkilməmişdir. Qayda pozuntusu görüntüyə alınan sahə isə yolayrıcısına yaxın yerdir. Video görüntüdən də göründüyü kimi o qəsdən, kobudcasına, digər hərəkət iştirakçılarına hörmətsizcəsinə və nümayişkəranə şəkildə avtobus zolağına daxil olmamışdır. O, yolayrıcında sağa dönəcəyi ilə bağlı avtobus zolağına daxil olmuşdur. Bu zaman dönmə işığından da istifadə etmişdir. Həmin günü qar yağmışdır. Belə bir şəraitdə hər bir hərəkət iştirakçısı öz təhlükəsiz hərəkəti barədə düşünmüşdür. Ona görə də maşınların bir-birindən məsafə saxlaması normal hal hesab edilməlidir. O qayda pozuntusu etməyi barədə sms alan kimi, onun baş vermə şəraitinə baxdıqda, dərhal asan pay vasitəsilə şikayətini bildirmişdir. Lakin ona həmin şikayəti ilə bağlı hər hansı cavab verilməmişdir. 14 mart 2025-ci il tarixdə inzibati orqanın inzibati binasında şikayətini bildirdikdə, polislər ona haqlı olduğunu amma kompyuter tərəfindən tərtib edilmiş cəriməni silə bilmədiklərini və yalnız məhkəmə qərarı əsasında cərimənin silinə biləcəyini izah etmişlər. 14 mart 2025-ci il tarixdə də inzibati tənbeh barədə qərarı ona təqdim etmişlər. Barəsində tətbiq edilən maddənin dispozisiyasına baxdıqda orada “ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə” sözlərinə rast gəlinir ki, həmin hal da ona aid deyil, o “zolaqda” (əslində zolaq çəkilməmişdir-mövcud deyildi) dönmə hərəkəti etmişdir. Zolaqda davamlı hərəkətə yol verməmişdir. Ona əgər etdiyi hərəkətə görə tənbeh tətbiq edilməlidirsə o zaman qeyd edilən tənbehlərdən ən yüngülünün tətbiq edilməsi məqsədə müvafiq hesab edilməlidir. Daha doğrusu barəsində ən pis halda “xəbərdarlıq” tənbeh tədbiri tətbiq edilsə, qanunun məqsədinə nail olmuş hesab edilməlidir. Belə ki, qanun törədilmiş inzibati xətanın xarakterinə, törədilmə üsullarına və törədən şəxsin şəxsiyyətinə uyğun cəza verilməsini nəzərdə tutur. Bu Məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Bu səbəbdən hesab edir ki, ona yazılan cərimə əsassız olduğundan barəsində qəbul olunmuş 23 fevral 2025-ci il tarixli EQ 26254863 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, şikayətçi və Baş X7 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmişlər, yalnız şikayətçi elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəmədə iştirak edə bilməyəcəyini və onun iştirakı olmadan məhkəmənin keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə, şikayətçinin və Baş X7 İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş X7i İdarəsin tərəfindən tərtib olunmuş 23 fevral 2025-ci il tarixli EQ 26254863 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 22 fevral 2025-ci il tarixdə saat 21:43-də “X6” markalı **-ER-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsi əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən 100 (yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 23 fevral 2025-ci il tarixli EQ 26254863 saylı inzibati tənbeh vermə haqqında qərarda X1 22 fevral 2025-ci il tarixdə saat 21:43-də “X6” markalı **-ER-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsi əsas gətirilərək yüz manat məbləğində cərimə tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 23 fevral 2025-ci il tarixli EQ 26254863 saylı qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X2 inzibati xətanın törədilməsi zamanı sübut əhəmiyyəti kəsb edən sənədlər təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X1 barəsində 23 fevral 2025-ci il tarixli EQ 26254863 saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X3 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXMlə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, Baş X7i İdarəsi tərəfindən qəbul olunmuş 23 fevral 2025-ci il tarixli EQ 26254863 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin edilsin. Baş X7i İdarəsi tərəfindən qəbul olunmuş 23 fevral 2025-ci il tarixli EQ 26254863 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar