Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1675/2022 27.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" X4 Məxsus Müəssisəsi (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Nəcəfbəy Vəzirov küçəsi, ev 10, mənzil 35; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi üzrə tərtib olunmuş 28.04.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Statistika İdarəsi tərəfindən "xxxx" X4 Məxsus Müəssisəsi barəsində İXMin 389-cu maddəsi ilə MN ******* nömrəli, 28.04.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" X4 Məxsus Müəssisəsi 2021-ci ilin illik “1-əmək” formalı “İşçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında” rəsmi statistik hesabatı 2021-ci il üzrə 2022-ci ilin mart ayının 15-dək təqdim etməli olduğu halda, bir ay gecikmə ilə təqdim etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, "xxxx" X4 Məxsus Müəssisəsi 2021-ci ilin illik “1-əmək” formalı “İşçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında” rəsmi statistik hesabatı 2021-ci il üzrə 2022-ci ilin mart ayının 15-dək dövlət statistika orqanlarına təqdim etməli idi. Lakin 2021-ci ilin (illik) “1-əmək” formalı “İşçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında” rəsmi statistik hesabat 2022-ci ilin aprel ayının 15-də, yəni bir aylıq gecikmə ilə dövlət statistika orqanlarına təqdim edilmişdir. Mart ayının 15-də sistem bir həftəlik bağlanmış, lakin bəzi şirkətlər təqdim etdikləri hesabatlarda səhvlərə yol verdiklərindən həmin səhvləri düzəltmək üçün sistem yenidən açılmışdır. Qeyd edilənləri nəzərə alınaraq şirkətin inzibati məsuliyyətə cəlb olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, hesabatın təqdim edilməsi üçün sistem aprel ayının 15-dək açıq olmuş, onlar da hesabatı aprel ayının 15-də təqdim etmişlər. Qeyd edilənləri nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqdim olunmuş müvafiq sistemdən olan çıxarışa əsasən "xxxx" X4 Məxsus Müəssisəsi tərəfindən 2021-ci ilin (illik) “1-əmək” formalı “İşçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında” rəsmi statistik hesabat dövlət statistika orqanlarına gecikmə ilə təqdim edilmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, "xxxx" X4 Məxsus Müəssisəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin birinci hissəsinin 3-cü bəndinə görə dövlət statistika orqanlarına öz vəzifələrini yerinə yetirmək üçün statistik müşahidələrin aparılması üçün məlumatlar təqdim etməyən, yaxud məlumatları gecikdirməklə və ya təhriflə təqdim edən, statistik sirri yayan şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati icraat başlamaq və inzibati tənbeh tədbirləri tətbiq etmək hüququ verilir. Həmin Qanunun 11-ci maddəsinin 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yerləşən bütün hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslər dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatları müəyyən edilmiş həcmdə və müddətlərdə haqqı ödənilmədən kağız və ya müvafiq qanunvericiliyə uyğun olaraq məlumatların təqdim edilməsi təsdiq oluna bilən elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 25.02.2014-cü il tarixli, 14/06 saylı qərarı ilə təsdiq edilmiş Əmək üzrə 1-əmək №-li illik rəsmi statistika hesabatı forması”nda (Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində 06.03.2014-cü il tarixdə **********1406 nömrə ilə qeydiyyata alınmışdır) göstərilmişdir ki, hesabat sahibkarlıq subyekti olan bütün hüquqi şəxslər (onların filial və nümayəndəlikləri), publik hüquqi şəxslər, büdcə təşkilatları və büdcədənkənar dövlət fondları, bələdiyyələr, qeyri-hökumət təşkilatları və digər qeyri-kommersiya təşkilatları tərəfindən martın 15-dək yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron formada Dövlət Statistika Komitəsinin internet səhifəsində (www.stat.gov.az) real-vaxt rejimində təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hüquqi şəxs "xxxx" X4 Məxsus Müəssisəsinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, hüquqi şəxs German İndustrial and Medical Consalting» X4 Məxsus Müəssisəsinin törətdiyi inzibati xətanın xarakterini nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" X4 Məxsus Müəssisəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-1675/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1675/2022
27.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver