Məhkəmə qərarları › İş №3(006)-1677/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1677/2025

18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1677/2025 18.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2, inzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 462.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən "xxxx" MMC-nin barəsində İXM-nin 462.1-ci maddəsi ilə MN ******* nömrəli, 13 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN ******* nömrəli, 13 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC 2023-cü il üzrə 2024-cü ildə illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etməmişdir. Bununla da "xxxx" MMC İXM-nin 462.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 yazılı etiraz təqdim edərək ona uyğun verdiyi izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən məhkəməyə təqdim edilmiş 27 fevral 2025-ci il tarixli 3-23/2-1393/2025 nömrəli "xxxx" MMC-nin nazirliyə dəvət edilməsi və həmin məktubda 2023-cü il üzrə birləşdirilmiş (konsolidə) hesabatlarının və audit rəyi ilə birlikdə təqdim edilməsi barədə dəvət məktubu cəmiyyətin kargüzarlığına, elektron poçtuna və poçt daşıyıcısı ilə cəmiyyətə göndərilməmişdir. Bildirir ki, cəmiyyətin 2023-cü ilin fəaliyyəti üzrə "xxxx" MMC və "xxxx" MMC auditdən keçmiş, konsolidə hesabat tərtib edilmiş və 30 may 2024-cü il tarixdə auditor rəyi verilmişdir. Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş 13 mart 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib edildiyi tarixə kimi və cəmiyyətə məhkəmə bildirişi gələn tarixə kimi protokol və nazirliyə hesabatların təqdim edilib müzakirəsi üçün cəmiyyətə heç bir məlumat göndərilməmişdir. Bundan başqa məhdud məsuliyyətli cəmiyyətlərin məcburi auditdən keçməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən müəyyən edilmiş və həmin Məcəllədə məhdud məsuliyyətli cəmiyyətlərin konsolidə hesabatlarının mətbu orqanlarda çap etdirməsi öz təsbitini tapmamışdır, həmin məcəllənin müvafiq maddələrində cəmiyyətin Nizamnaməsinə əsasən bu qeyd olduqda mətbu orqanlarda çap etdirilməsi qeyd edilir, cəmiyyətin nizamnaməsində isə bu hal nəzərdə tutulmayıb və qeydiyyatda bu mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində yalnız ASC, QSC-lərin və digər ictimai əhəmiyyətli qurumların hesabatlarının mətbu orqanlarda elan edilməsi qeyd edilir. Qeyd edilənləri diqqətinizə çatdıraraq Mülki Məcəllənin müvafiq maddələrində, Mühasibat uçotu haqqında Qanunun müvafiq maddələrində Məhdud Məsuliyyətli Cəmiyyətlərin illik hesabatlarının mətbu orqanlarda çap etdirilməsi - konkret olaraq öz təsdiqini tapmamışdır. Lakin məcburi auditdən keçməli olan məhdud məsuliyyətli cəmiyyətlər işçi sayının 50 nəfərdən artıq işçisi olan cəmiyyətlərə məcburiliyi qanunvericilikdə öz əksini tapır. Bununla yanaşı Mülki Məcəllədə məhdud məsuliyyətli cəmiyyətlər konsolidə hesabatlarının mətbu orqanlarda çap etdirilməsi konkret olaraq öz təsdiqini tapmadığından digər qanunlarda ehtimal edilən mənalara görə inzibati xəta haqqında protokolun tərtib edilməsi qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilməlidir, çünki məcəllə istənilən qanundan üstündür və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən konkret təsdiq edilməyən göstərişlər olmadıqda" üstünlük dövlət orqanlarına deyil qarşı tərəfin xeyrinə qəbul edilir. Deməli, Mülki Məcəllənin, İnzibati Xətalar Məcəlləsinin və Mühasibat uçot- haqqında qanunun maddələrini diqqətinizə çatdırmaqla bir daha “Bakı Tekstil Fabriki" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2023-cü il üzrə və konsolidə hesabat üzrə X1 Standartlarla auditdən keçməsini və audit rəyi ilə həmən hesabatların doğruluğunun təsdiq edilməsi sənədləri Maliyyə Nazirliyi tərəfindən yazılmış İnzibati xəta haqqında protokolun əsassız olmasını sübut edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2023-cü il üzrə və konsolidə hesabatı üzrə X1 Standartlarla auditdən keçməsini və audit rəyi ilə həmin hesabatların doğruluğunun təsdiq edilməsi sənədləri faktiki mövcud olduğundan və həmin hesabatların mətbu orqanda çap edilməsi ilə yanaşı hesabatların Maliyyə Nazirliyinə təqdim edilməsinə və Mülki Məcəllənin, İnzibati Xətalar Məcəlləsinin və Mühasibat uçotu haqqında qanunun maddələrinə düzgün əsaslanmadan tərtib edildiyinə görə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclası zamanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə məhkəməyə yazılı mülahizə təqdim edərək ona uyğun verdiyi izahatında göstərmişdir ki, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə uyğun olaraq digər kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli, 97 nömrəli qərarı itə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3.1-ci maddəsinə uyğun olaraq kommersiya təşkilatları hesabat dövrü başa çatdıqdan sonra, illik maliyyə hesabatlarını növbəti ilin aprel ayının 30-dan, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını isə, növbəti ilin iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən kommersiya təşkilatının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi barədə məlumatlar onların tabe olduqları yuxarı təşkilat və ya təsisçi (təsisçilər) tərəfindən bu hesabatların sonuncu təqdimetmə günündən sonra 10 gün ərzində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə verilir. Sözügedən Qaydaların 5.1.1-ci yarımbəndinə əsasən birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarından qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması tələb olunur. Adıçəkilən Qaydaların 5.2-ci bəndinə əsasən maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə dərc etməli olan kommersiya təşkilatlarının (Dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları istisna olmaqla) siyahısını Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ildə bir dəfə hesabat ilindən sonrakı ilin mart ayının 31-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir. Məlumat üçün diqqətə çatdırır ki, Şəxs digər kommersiya təşkilatı kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təqdim etdiyi 2023-cü il üzrə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə dərc etməli olan kommersiya təşkilatlarının siyahısına daxil edilmişdir. Bildirir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim olunması, dərc edilməsi ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına görə vəzifəli şəxslər və hüquqi şəxslər barəsində inzibati məsuliyyət nəzərdə tutulur. Qeyd edilən qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməsi üçün Maliyyə Nazirliyi tərəfindən illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim və dərc edilməsi barədə Maliyyə Nazirliyinin elanı 19 aprel 2024-cü il tarixdə Nazirliyin internet səhifəsində yerləşdirilməsi, Şəxs 2023-cü il üzrə illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim və dərc edilməməsi ilə əlaqədar inzibati Xətalar Məcəlləsinin 462.1 -ci maddəsi üzrə inzibati xəta haqqında işə 13 mart 2025-ci il tarixdə, saat 11-00 da baxılması ilə əlaqədar Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinə çağırılması barədə 27 fevral 2025-ci il tarixli 3-23/2- 1393/2025 nömrəli bildiriş Cəmiyyətə göndərilməsi, Qeyd olunan qanunvericilik aktlarının tələblərini yerinə yetirmədiklərinə görə Şəxs barədə “13" mart 2025-ci il tarixli ******* nömrəli “İnzibati xəta haqqında Protokol” tərtib edilməsi və 13 mart 2025-ci il tarixli "inzibati xəta haqqında protokol’’un surəti Maliyyə Nazirliyinin 3-23/2-1861/2025 nömrəli məktubu ilə Şəxsnə göndərilməsi tədbirləri həyata keçirilmişdir. "xxxx" MMC barəsində müvafiq inzibati tənbehin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 27 fevral 2025-ci il tarixli bildirişindən görünür ki, "xxxx" MMC 2023-cü il üzrə 2024-cü ildə illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təşkilatın rəsmi səhifəsində və ya mətbu orqanda dərc olunmamasına görə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı qismində xx.xx.2025ci il tarixdə saat 11:00-da Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinə çağırılmışdır. İXM-nin 462.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə -vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli, 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun: 12.3-cü maddəsinə əsasən ictimai əhəmiyyətli qurumlardan qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması tələb olunur. 16.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının hazırlanması, təqdim olunması, dərc edilməsi ilə əlaqədar qanunun tələblərini pozan şəxslər İXM ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hüquqi şəxs "xxxx" MMC tərəfindən İXM-nin 462.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Belə ki, "xxxx" MMC 2023-cü il üzrə 2024-cü ildə illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etməli idi. Sözügedən tələb "xxxx" MMC tərəfindən pozulmuş, yəni həmin hüquqi şəxs tərəfindən 2023-cü il üzrə 2024-cü ildə illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc edilməmişdir. İXM-nin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iclasında "xxxx" MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, "xxxx" MMC İXM-nin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 8, 43, 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar