Məhkəmə qərarları › İş №3(006)-1680/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1680/2025

19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1680/2025 19.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili (Bakı şəhəri 20 saylı Vəkil Bürosu) X2 iştirakları ilə, xx xxxxxx 2000-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Q.Vəliyev küçəsi, ev 9, mənzil 4-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri, Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Bakı Apellyasiya Məhkəməsinin 16(103)-92/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, o, 19 mart 2025-ci il tarixdə səhər saatlarında həkimə getmiş və səhhətində pnevmoniya ilə əlaqədar problemlər olmasına görə bülleten götürərək əvvəllər fəaliyyət göstərdiyi və mühasib kimi işlədiyi ünvana getmişdir. Onun həmin ünvana getməkdə məqsədi orada yaşayan şirkətin rəhbərinə bülleteni təqdim etmək olmuşdur. Belə ki, şirkətin rəhbəri həmin ünvanda olmasa da, orada olan təmizlik işlərini görən şəxsə bülleteni vermək niyyətində olmuşdur. Həmin bülleten sayəsində onun əmək haqının qırx faizə qədərini əldə etmək imkanı yarana bilər. Lakin liftlə qalxdıqdan sonra orada onu icra məmurları qarşılamış və nə məqsədlə gəlməsini soruşmuşdur. O bülleteni təqdim etmək üçün həmin ünvana gəldiyini bildirsə də, icra məmurları onun icra şöbəsinə aparılacağını bildirmişdir. Bundan sonra, o, vəkili ilə danışaraq hadisə barədə məlumat vermişdir. O məcburi qaydada icra şöbəsinə gətirilmiş və barəsində heç bir əsaslı səbəb olmadan inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanları nəzərə alaraq, barəsində olan inzibati xəta haqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin icra məmuru X3 verdiyi izahatında göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 16(103)-92/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 57də yerləşən 342 nömrəli mənzildən qeyri-yaşayış məqsədilə istifadə edilməsi (mnzildə kommersiya və digər bu kimi fəaliyyətin həyata keçirilməsi) X4 və digər şəxslərə qadağan olunmuşdur. Bundan sonra tələbkar tərəfindən təqdim edilmiş kamera görüntülərindən həmin mənzilə işçilərin mütəmadi olaraq girib-çıxması müəyyən olunmuşdur. Buna görə də, icra məmurları ilə birlikdə 28 fevral 2025-ci il tarixdə qeyd olunan mənzilə baxış keçirilmiş və həmin mənzildə kommersiya fəaliyyəti ilə məşğul olan doqquz nəfər şəxs müəyyən olunmuşdur. Həmin vaxt Şəxs mənzildə olan şəxslərdən biri olmuş və fakt üzrə akt tərtib olunarkən sonuncu aktı imza etməkdən imtina etmişdir. Buna baxmayaraq, qeyd olunan mənzildə kommersiya fəaliyyəti ilə məşğul olan şəxslərə xəbərdarlıq edilərək bir daha analoji hallara yol verməmələri tapşırılmışdır. Buna baxmayaraq, tələbkar tərəfindən kamera görüntüləri ilə yenə də həmin mənzilə işçilərin daxil olması və kommersiya fəaliyyəti ilə məşğul olmaları barədə məlumat daxil olmuşdur. Buna görə də, icra məmurları ilə birlikdə həmin mənzilə baxış keçirilməsi üçün qeyd olunan ünvana getmişlər. Həmin vaxt liftlə Şəxs 13-cü mərtəbəyə qalxması, lakin onları gördükdən sonra uzaqlaşaraq kiməsə zəng vurması müşahidə edilmişdir. O, Şəxs nəyə görə yenidən ünvana gəlməsi barədə soruşduqda sonuncu bülleten vermək üçün gəldiyini bildirmişdir. Halbuki, həmin mənzildə Rüfət Abbasov yaşamadığından sonuncunun kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün qeyd olunan mənzilə gəlmək niyyətində olması təsdiq olunur. Bundan sonra, Şəxs heç bir zor tətbiq edilmədən icra şöbəsinə dəvət edilmiş, sonuncu bundan sonra vəkilinə telefonla zəng etmişdir. Şəxs şəxsi avtomobili ilə icra şöbəsinə gətirmiş və orada sonuncu barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq, inzibati xəta haqqında protokolu müdafiə etdiyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, təqdim edilmiş icra işinin materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 16(103)-92/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 57-də yerləşən 342 nömrəli mənzildən qeyri-yaşayış məqsədilə istifadə edilməsi (mənzildə kommersiya və digər bu kimi fəaliyyətin həyata keçirilməsi) X4 və digər şəxslərə qadağan olunmuşdur. İş materiallarında olan ******* saylı əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, Şəxs 13-15 mart və 16-18 mart tarixlərində xəstəliyinə görə işdən azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin, onun vəkilinin və icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərdən müəyyən olunur ki, barəsində protokol tərtib olunmuş şəxs tərəfindən Bakı şəhəri Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 57-də yerləşən 342 nömrəli mənzildə kommersiya və digər bu kimi fəaliyyətin həyata keçirilməsi aşkar olunmamışdır. Belə ki, Şəxs xəstəliyi ilə bağlı bülleteni təqdim etmək üçün yuxarıda qeyd olunan ünvana getmiş və həmin mənzilə daxil olmaq istəsə də bu mümkün olmamış, o, icra məmuru tərəfindən izahatının alınması üçün şöbəyə dəvət edilmişdir. Yəni, Şəxs mənzilə daxil olması, orada hər hansı kommersiya və digər fəaliyyətlə məşğul olması faktı aşkar olunmamışdır. Belə olan halda Şəxs Bakı Apellyasiya Məhkəməsinin 16(103)- 92/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsində qadağan edilmiş hansı fəaliyyəti həyata keçirdiyini müəyyən etmək mümkün olmamış və bunu təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən proses iştirakçılarının izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qərarını məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Məhkəmə onu da qeyd edir ki, məhkəmə qətnaməsi icraya yönəlməsindən müəyyən müddət keçməsinə baxmayaraq icra məmuru məhkəmə qətnaməsinin icrası üçün Azərbaycan Respublikasının “İcra haqqında” Qanununda nəzərdə tutulmuş lazımi tədbirləri görmədən (işlə təmin olunmasının təmin edilməsi Dövlət Məşğulluq Xidmətində qeydiyyata durması hüququnun izah edilməsi, adına məhkəmə qətnaməsinin icrasının yönəldilə biləcəyi hər hansı əmlakın olub-olmamasının müəyyən edilməsi və.s.), yəni qətnamənin icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün imkanlar tükənmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35- ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun hansı qanuni tələbini yerinə yetirməməsi məhkəmə araşdrılması zamanı müəyyən edilməmiş, bu barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da, onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar