Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1690/2024 16.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katib Fərəcova Təranə Aydın qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi̇ : Bakı şəhəri Nəsimi RPİ-nin Dövlət yol polisi şöbəsi inzibati təcrübə üzrə inspektor, polis mayoru - X1 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Azsamand LX” minik markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək verdiyi izahatında bildirmişdir ki, o, “Tik-Tok” sosial şəbəkəsində 3-4 ay əvvəl görüntülər paylaşmış, həmin görüntülərdə olan avtomobil onun idarə etdiyi avtomobil deyil, sadəcə kliplər hazırlanmış və paylaşılmışdır. Əgər həmin görüntülərdəki avtomobilin panelinə baxsanız görə bilərsiniz ki, o, “Azsamand” markalı avtomobil deyildir. Atası rəhmətə getdiyindən **-TO-*** dövlət nömrə nişanlı, “Azsamand” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olaraq həm ailəsini saxladığını, həm də təhsilini davam etdirdiyini bildirmişdir. Həmin videogörüntüdə inzibati xəta törədən şəxsin onun dostu Nurullayev Hikmət olduğu və onun avtomobilinin dövlət qeydiyyat nişanının **- RB-*** olduğunu bildirmişdir. Həmin görüntülərdə “Mercedes” markalı **-RB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxsin əlində ‘'taturovka” “döymə” mövcudur, onun əlində heç bir “tatu” yoxdur. İdarə etdiyi “Azsamand” markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilinin salonu “sükan, rol”, “işıq paneli", “manitorun olması” və digər amillər tamamilə bu 2 avtomobili bir-birindən fərqləndirir. Sürücünün siması “üzü” təqdim etdiyi videogörüntüdə tam olaraq düşür və bəlli olur ki, həmin nəqliyyat vasitəsi onun tərəfindən idarə olunmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq barəsində olan inzibatixəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq, onun səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində protokol tərtib olunan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi rayon DYPŞ-nin İXP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 10:00-da “Azsamand LX minik” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 may 2024-cü il tarixli, 3(006)-1690/2024 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından göünür ki, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsi ilə tənbeh edilməsinə dair 03 may 2024-cü il tarixli, 3(006)-1690/2024 saylı qərarı ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; 511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; 511.1.3-cü maddəsinə əsasən, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında iş materiallarında olan diskdəki görüntülərdən görünür ki, sürücüsü tərəfindən nəqliyyat vasitəsinin ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması kimi qərəzli hərəkətlərin edilməsi müəyyən olunur. Lakin həmin videogörüntüdə avtomobilin Şəxs tərəfindən idarə edilməsi öz təsdiqi tapmır. Belə ki, təqsirləndirilənin videogörüntüdəki şəxsə vizual bənzəməməklə yanaşı, həmçinin, inzibati xətanı törədən şəxsin sol əlindəki “döymə” Şəxs həmin əlində mövcud deyildir. Göründüyü kimi, videogörüntüdə olan inzibati xətanın Şəxs tərəfindən törədilmədiyi müəyyən olunur. Hazırda da məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirləndirildiyi inzibati xətanı törətmədiyini bildirir. Qanunvericiliyə əsasən şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Belə olan halda, Şəxs inzibati xətanın törədilməsi ilə bağlı məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 511.1.3-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 53, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-1690/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1690/2024
16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver