Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1692/2024 03.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, İmişli şəhəri, Bül- Bül küçəsi, ev 29 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Məhəmmədi qəsəbəsi, Mənsur Şirinov küçəsində nömrəsiz fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Protokola görə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)- 4541/2023 saylı icra vərəqəsinə əsasən ünvan 2 ünvanda yerləşən əmlak kompleksinin tikililərinə gedən asfalt örtüklü keçid yolunun “B” tikilisinə qədər olan hissəsi ümumi istifadədə saxlanılmaqla, “A” tikilisi ilə “B” tikilisi arasındakı asfalt örtüklü sahədə sərhəd divarları hörülməklə və bölünmüş sahələrə ayrı-ayrılıqda giriş-çıxış qapıları qoyulmaqla asfalt örtüklü 1-ci hissə (hər hansı bir hüquq tanımadan), “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş 40,3 kv.m olan qeydə alınmayan tikili iddiaçı X2 (faktiki 602,1 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə), asfalt örtüklü 2-ci hissə (hər hansı bir hüquq tanımadan), eləcə də “C” tikilisi (faktiki 609,5 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə) isə bütünlükdə cavabdeh X5 bölünərək verilməlidir. Məhkəmə qərarının icrası ilə bağlı Şəxs əmlak kompleksindən özünə məxsus əşyaları götürmək üçün verilmiş vaxt ərzində icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, eyni zamanda qeyri-yaşayış sahəsini yararsız vəziyyətə salmışdır. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X4 izahatında göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)- 4541/2023 saylı icra vərəqəsinə əsasən ünvan 2 ünvanda yerləşən əmlak kompleksinin tikililərinə gedən asfalt örtüklü keçid yolunun “B” tikilisinə qədər olan hissəsi ümumi istifadədə saxlanılmaqla, “A” tikilisi ilə “B” tikilisi arasındakı asfalt örtüklü sahədə sərhəd divarları hörülməklə və bölünmüş sahələrə ayrı-ayrılıqda giriş-çıxış qapıları qoyulmaqla asfalt örtüklü 1-ci hissə (hər hansı bir hüquq tanımadan), “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş 40,3 kv.m olan qeydə alınmayan tikili iddiaçı X2 (faktiki 602,1 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə), asfalt örtüklü 2-ci hissə (hər hansı bir hüquq tanımadan), eləcə də “C” tikilisi (faktiki 609,5 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə) isə bütünlükdə cavabdeh X5 bölünərək verilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmışdır. İcra sənədinin icrası ilə əlaqədar xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanda yerləşən əmlak kompleksinə baxış keçirilmişdir. Borclunun nümayəndəsi borclunun xəstəliyi ilə əlaqədar Türkiyə Respublikasında olduğunu və iki həftə ərzində Bakı şəhərinə qayıdacağını bildirmişdir. Bununla bağlı icra sənədinin icrası xx.xx.2024-cü il tarixə təxirə salınmış, bu barədə tərəflərə məlumat verilərək müvafiq akt tərtib edilmişdir. xx.xx.2024-cü il tarixə icra sənədinin icrası ilə əlaqədar həmin ünvanda yerləşən əmlak kompleksinə baxış keçirilən zaman tərəflər arasında söhbət aparılmış və yerlərin boşaldılmasına başlanılmışdır. Qeyri-yaşayış sahəsində fəaliyyət göstərən icarəçilərin özlərinə məxsus əşyaların tam boşaldılaraq obyektin təhvil verilməsi üçün vaxt istənilmişdir. Ərazidə əşyaların və avadanlıqların olduğunu nəzərə alınaraq 3 gün vaxt verilmişdir. Borclu tərəfə və qeyri-yaşayış sahəsinin icarəçiləri Şəxs və X8 tələbkara aid hissənin boşaldılaraq təhvil verilmədiyi təqdirdə məcburi qaydada icra olunacağı barədə xəbərdarlıq olunmuş və bu barədə müvafiq akt tərtib edilmişdir. xx.xx.2024-cü il tarixdə icra yerində olarkən H.Hüseynovaya məxsus yerdən avtoservis hissənin damının, qapıların, mərmər sexi olan hissəsənin giriş qapısının, həmçinin içəridə olan ikimərtəbəli ofisin şüşələrinin, qapıların, sanitar qovşağın və işıq naqillərinin sökülüb aparıldığı aşkar olunmuşdur. Bununla da qeyri-yaşayış sahəsinin tələbkar H.Hüseynovaya məxsus hissəsi yararsız vəziyyətə salınmışdır. Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, ünvan 2 ünvanda yerləşən əmlak kompleksində yerləşən kirayəçidir və avtomobil təmiri ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə icra məmurları həmin sexə gələrək oranın boşaldılmasını tələb edərək 3 gün vaxt vermişlər. O da həmin günü sexin müdiri tələbkar X2 zəng edərək bu barədə məlumat verdikdən sonra Humay Hüseynova ona səhəri gün, yəni xx.xx.2024-cü il tarixdə icarə müqaviləsini yenilədikdən sonra işləyəcəyini bildirmişdir. Obyektin yarısı Hüseyn müəllimə aiddir. Lakin icarə müqaviləsinin pulunu Humay xanıma verməli idi. Daha sonra Hüseyn müəllimlə razılaşa bilmədikləri üçün 19 aprel 2024-cü il tarixdə saat 21:30-da obyektdən çıxmışdır. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid X3 izahatında bildirmişdir ki, bu prosesin 14 ildir ki, gedir. O 6 ildir ki, bu işlə məşğul olur. Sonuncu dəfə göstəriş verilmişdir ki, icra vərəqəsi təcili icra olunsun. Fuad orda olan zaman “burda icarədaram mənim üçün fərqi yoxdur pulu kimə verim” demişdir. O da Humay xanıma Fuadın işləməsini bildirmişdir. Lakin Fuadın məqsədi isə Hüseynlə birlikdə onu aldatmaq olmuşdur. Onlar obyektə gələndə oranın yararsız hala salındığını görmüşlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxsin barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutur. Məhkəmədə Şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)- 4541/2023 saylı icra vərəqəsinin icra ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi halı müəyyən edilmir. Belə ki, onun tərəfindən icra sənədinin icrası məqsədilə hərəkətlər edilərək Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 19A saylı ünvanda yerləşən əmlak kompleksində yerləşən avtomobil sexindən özünə məxsus əşyalarla birlikdə çıxmışdır. İcra məmuru isə bilavasitə Şəxs tərəfindən obyektin zədələnməsinə səbəb olan hərəkətlər edilməsinə dair təkzibedilməz dəlilləri məhkəmə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bu Məcəllənin 53.2-ci maddəsinin tələbinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-1692/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1692/2024
03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver