Məhkəmə qərarları › İş №3(006)-1694/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1694/2024

06.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1694/2024 06.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, zərərçəkmiş şəxs X5, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs, protokolu tərtib edən şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis sahə inspektoru X2 iştirakları ilə, 30 avqust 1988-ci ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 10 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən şirniyyat mağazasına daxil olaraq zərərçəkmiş şəxs X3 məxsus 450 manat dəyərində «Samsung A12» markalı mobil telefonu gizli yolla oğurlamışdır. Məhkəmə iclasında Bakı şəhər Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin polis sahə inspektoru X6 izahatında göstərmişdir ki, vətəndaş X1 RPİ-nin 19-cu Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, 10 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən şirniyyat mağazasına naməlum şəxs daxil olaraq 450 manat dəyərində «Samsung A12» markalı mobil telefonunu gizli yolla oğurlamışdır. Polis şöbəsində təhqiqatçı Maarif Cəfərov tərəfindən araşdırma aparılaraq, cinayət işinin başlanması rədd edilmiş, X3 ziyan vurmuş naməlum şəxsin Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün tədbir görülməsi qərara alınmışdır. Bundan sonra, aparılmış tədbirlər nəticəsində oğurluq əməlinin Şəxs tərəfindən törədildiyi məlum olmuş və həmin şəxs əməlini etiraf etmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, o, 10 aprel 2024-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu 20 Yanvar küçəsində yerləşən şirniyyat mağazasına daxil olaraq obyektdə olan şəxslərin diqqətinin yayınmasından istifadə edərək «Samsung A12» markalı mobil telefonu oğurlamışdır. Həmin telefonu sonradan ekranını düzəltdirərək 50 manata satmışdır. Sonradan oğurladığı telefonu qaytarmaq isətəsə də, polis əməkdaşları tərəfindən saxlanılmışdır. Əgər ona vaxt verilərsə, oğurlanmış telefon onun valideyni tərəfindən alınaraq zərərçəkmiş şəxsə təqdim ediləcəkdir. Polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparıldıqdan sonra törətdiyi əməli etiraf etmişdir. İzahatının sonunda törətdiyi əməldən peşman olduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 verdiyi izahatında göstərmişdir ki, o, Bakı şəhəri Nəsimi rayonu 20 Yanvar küçəsində yerləşən şirniyyat mağazası ilə üzbəüz ünvanda ona məxsus obyekti vardır. O, 10 aprel 2024-cü il tarixdə həmin şirniyyat mağazasına daxil olaraq özünə məxsus «Samsung A12» markalı mobil telefonu batareya yığması üçün yerləşdirdikdən bir müddət sonra telefonunun yerində olmadığını aşkar etmişdir. Daha sonra telefonunu oğurlayan şəxsin Şəxs olduğunu bilmiş və sonradan sonuncunun anasına bu barədə məlumat vermişdir. Şəxs anası qısa müddət ərzində telefonun qaytarılacağını söz versə də, sonradan telefon ona qaytarılmamışdır. Bundan sonra hadisə barədə DİN-nin 102 xidmətinə zəng vurmuş və Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonradan polis əməkdaşlarının apardığı əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törədən Şəxs saxlanılmışdır. Hal-hazırda ona dəymiş zərər Şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir və sonuncu barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan 05 may 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 05 may 2024-cü il tarixdə, saat 17:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası DİN-nin Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin təhqiqatçısı Maarif Cəfərov tərəfindən araşdırma aparılaraq, X3 ziyan vurmuş naməlum şəxsin Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün tədbir görülməsi qərara alınmışdır. Məhkəmə, Bakı şəhər Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin polis sahə inspektoru X6 tərəfindən tərtib edilmiş 06 may 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyəti müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 23 (iyirmi üç) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs müddətinin əvvəli 05 may 2024-cü il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X4 Məntəqəsinə və Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar