Məhkəmə qərarları › İş №3(006)-1696/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1696/2024

06.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1696/2024 06.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 06 may 2024-cü il tarixdə Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin sahə inspektoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol daxil olmuşdur. MN seriyalı ******* nömrəli, 06 may 2024-cü il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, xx.xx.2024-cü il tarixdə gecə sat 01:00 radələrində Şəxs Nəsimi rayonu, Əcəmi dairəsi yaxınlığında avtomobilinə konstruksiya dəyişikliyi etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılan zaman küçədə ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin sahə inspektoru X2 protokolun məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510 və 535.1-ci maddələrdə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilməyərək izahatında göstərmişdir ki, deyilənlərlə razı deyil, belə ki, özü keçmiş polis əməkdaşı olmuş, sonradan ailə vəziyyəti ilə bağlı polis orqanlarından təxris olmuşdur. Ona görə də o, belə hərəkətlərə heç vaxt yol verməz. Sadəcə avtomobilin açarı üstündə olmadığından, yaşadığı evdən gec gəlmişdir. Qalan Polis əməkdaşlarının bütün dediklərinə əməl etmiş, onlarla bir yerdə 19-cu Polis Şöbəsinə gəlmiş, şöbədə olarkən, özü sərbəst izahatını vermiş, bundan sonra şöbədə saxlanılmış və bu gün də məhkəmə qarşısına çıxarılmışdır. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə müəyyən olundu: xx.xx.2024-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə 01:20-də inzibati qaydada tutulmuşdur. Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin rəisi Rəşad Əhmədzadəyə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat təxminən gecə 01:00 radələrində «Əcəmi» dairəsində xidmət apararkən H.B.Əliyev küçəsində «Niva» markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomaşının konstruksiya dəyişikliyi olunmuş şəkildə aşkar edib idarə etdiyindən avtomaşına yaxınlaşdıq sürücüdən özünü təqdim edərək idarə etdiyi avtomaşının açarlarını bizə təqdim etməyi tələb etdik. Bu zaman sürücü avtomaşından enərək ucadan ünvansız küçə söyüşləri söyməklə ətrafda olan şəxslərin diqqətini cəlb etməyə çalışdı. Biz ondan qanunsuz hərəkətlərinə son qoymağı və bizimlə PŞ-nə getməyi tələb etdik. O isə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərini davam etdirərək bizim qanuni tələblərimizə tabe olmayıb hadisə yerindən yayınmağa cəhd etdi. Ona görə də hadisə yerinə əlavə ƏÇPA-nın avtopatrulunu çağırdıq, fiziki qüvvədən istifadə etməklə həmin şəxsi PŞ-nə təmin etdik. PŞ-də məlum oldu ki, həmin şəxs xx.xx.1998-ci il təvəllüdlü Şəxsdur. Aparılmış araşdırma zamanı müəyyən olundu ki, həmin nəqliyyat vasitəsinin avtoxuliqanlıqla bağlı videosunun görüntüləri sosial şəbəkədə yayılmışdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, eləcədə inzibati materialda olan digər sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamış və sonuncunun əməlində inzibati xəta tərkibinin olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasına görə ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlıq kimi qiymətləndirilərək inzibati məsuliyyətə səbəb olur. Qanunvericiliyin mənasına görə, obyektiv cəhətdən xırda xuliqanlıq ictimai qaydanı pozan hərəkətlərlə, yəni fiziki şəxslər üzərində zor tətbiq olunması ilə; zorun tətbiq edilməsi hədəsi ilə; dövlətin və vətəndaşların əmlaklarının məhv edilməməsi; əmlakın zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərin törədilməsi ilə törədilir. Hazırkı iş üzrə isə görünür ki, Şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə məhz qeyd olunan inzibati xəta tərkibini yaradan hərəkətlərə yol verilməmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində ictimai qaydanı pozan, habelə maddənin dispozisiyasında qeyd olunan hərəkətləri ifadə edən əlamətlər aşkar olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamasının mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclasında barəsində icraat aparılan şəxs tərəfindən qəsdən tabe olmamanın nədə ifadə olunmasını müəyyən etməyə imkan verən mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə, xüsusilə qeyd edir ki, iş üzrə polis əməkdaşının tələbinin qanuniliyini müəyyən etmək mümkün olmamışdır. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta törədilmişdir. Lakin, protokolda xətanın mahiyyəti açıqlanmamış, şəxsin kimin, yəni hansı polis işçisinin qanuni tələblərinə tabe olmaması, onun qanuni tələblərə tabe olmaması kimi hərəkətlərinin nədə ifadə olunması, o cümlədən, xəta nəticəsində kimin zərər çəkməsi göstərilməmişdir. Məhkəmə iclasında da protokol tərtib etmiş şəxs X2, barəsində protokol tərtib edilmiş şəxsin polis işçisinin qanuni tələblərinə tabe olmamasının onun konkret olaraq hansı hərəkətlərində ifadə olunmasını əsaslandıra bilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi obyektiv cəhətdən aktiv hərəkətlərlə ifadə olunmalı olduğu halda, hazırki işin faktiki hallarından müəyyən edilir ki, Şəxs əməlində tabesizliklə müşahidə olunan aktiv hərəkətlər mövcud olmamışdır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-132-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar