Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1711/2022 11.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1, tələbkar X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi̇ : Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 tərtib etdiyi 11 may 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09.01.2021-ci il tarixli, 1(006)-20/2020 nömrəli icra vərəqələrinə əsasən Şəxs 17185 manat məbləğində pul tutularaq X4 ödənilməli və Şəxs 112,30 manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməlidir. Lakin Şəxs borcunun icrasını təmin etməmiş, üzürlü səbəblər olmadan ödəniş etməyərək icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 izahat verərək bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09.01.2021-ci il tarixli, 1(006)- 20/2020 nömrəli icra sənədlərinə əsasən Şəxs 17185 manat məbləğində pul tutularaq X4 ödənilməli və Şəxs 112,30 manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməlidir. İcra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü təmin edilməsi üçün borcluya bildirişlər göndərilmiş, lakin borc ödənilməmişdir. Borclunun anası ilə əlaqə saxlanılmış, sonuncu oğlunun Türkiyədə olduğunu bildirmişdir. Tərəfindən borclu Şəxs barəsində axtarış elan edilmiş, bundan sonra onun şöbəyə gətirilməsi mümkün olmuşdur. Borclu bugünədək icra sənədləri üzrə borcundan heç bir ödəniş etməmişdir. Qeyd olunanları nəzərə alaraq Şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X6 izahatında bildirmişdir ki, Şəxs törətdiyi əməldən peşman deyil. 2021-ci ilin noyabr ayında həbsdən çıxmasına baxmayaraq 6 ay müddətində borcundan heç bir ödəniş etməmişdir. O, borcun ödənilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək bildirmişdir ki, o, 2021-ci ilin noyabr ayında həbsdən çıxmış, bundan 15-20 gün sonra atasının gözündə olan problemə görə Türkiyəyə getməli olmuş, sonra geri qayıtmışdır. Yaxın zamanda işə çıxacaq və yalnız bundan sonra borcunu hissə-hissə ödəyə biləcək. Hal-hazırda borcu ödəyə bilmir. Qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir və buna görə o, inzibati məsuliyyətə cəlb edilməlidir. Nəsimi Rayon Məhkəməsinin 09.01.2021-ci il tarixli, 1(006)-20/2020 nömrəli icra vərəqəsinə əsasən mülki cavabdeh Şəxs 16685 manat maddi və 500 manat mənəvi ziyan, cəmi 17185 manat məbləğində pul tutularaq mülki iddiaçı X4 ödənilməlidir. İcraata başlamaq haqqında 06.05.2021-ci il tarixli qərarın surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 09.01.2021-ci il tarixli, 1(006)-20/2020 nömrəli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Nəsimi Rayon Məhkəməsinin 09.01.2021-ci il tarixli, 1(006)-20/2020 nömrəli icra vərəqəsinə əsasən Nəsimi Rayon Məhkəməsinin 09.01.2021-ci il tarixli, 1(006)-20/2020 nömrəli icra vərəqəsinə əsasən 112,30 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməlidir. İcraata başlamaq haqqında 17.12.2021-ci il tarixli qərarın surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 09.01.2021-ci il tarixli, 1(006)-20/2020 nömrəli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarın, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qərarları ilə üzərinə qoyulmuş öhdəlikləri üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Nəsimi Rayon Məhkəməsinin 09.01.2021-ci il tarixli, 1(006)-20/2020 nömrəli icra sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs mülki iddia üzrə ödənilməli olan pul vəsaitinin məhkəmə qərarında göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, həmin pul vəsaitinin ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqələrinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qərarına etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini və işin digər hallarını nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 11 may 2022-ci il tarixdən saat 14:40-dan hesablansın. Qərarın icrası Nəsimi rayon İcra şöbəsinə, Nəsimi Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-1711/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1711/2022
11.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver