Məhkəmə qərarları › İş №3(006)-1712/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1712/2022

11.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1712/2022 11.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, protokolu tərtib edən şəxs Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin sahə rəisi X2, Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin nümayəndəsi – Bakı şəhər BPİ DYP İdarəsinə bilavasitə tabe olan YPXA-nın BYPX inspektoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin sahə rəisi X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir ona görə ki, o, 11.05.2022-ci il tarixdə, saat 09:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 115-də YPX-nin əməkdaşlarının qanuni tələblərinə qəsdən məhəl qoymamışdır. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin sahə rəisi X5 izahatında göstərmişdir ki, Şəxs sosial şəbəkədə əlavə avadanlıqlar quraşdırılmış avtomobili reklam edərək videogörüntü paylaşmışdır. 11.05.2022-ci il tarixdə, saat 10-11 radələrində polis əməkdaşları Şəxs yaxınlaşaraq avtomobilin və özünün sənədlərini təqdim etməsini tələb etmişlər. Şəxs isə polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq sənədlərini təqdim etməkdən imtina etmiş, bununla da polisə tabesizlik göstərmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin nümayəndəsi X3 izahatında göstərmişdir ki, Şəxs sosial şəbəkədə əlavə avadanlıqlar quraşdırılmış avtomobili idarəetməsi polis əməkdaşları tərəfindən aşkar edilmişdir. Şəxs “BMW” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilini ictimai nəqliyyat üçün nəzərdə tutulmuş yerdə saxlamışdır. Polis əməkdaşları avtomobilə yaxınlaşaraq əlavə avadanlığın quraşdırılıb-quraşdırılmamasını dəqiqləşdirmək istədikdə, Şəxs avtomobilə əyləşərək qapıları bağlamış və polisin qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərmişdir. Şəxs “BMW” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əlavə avadanlıq quraşdırması faktı təsdiq olunmuş, barəsində İXM-in 342.2.2-ci maddəsi ilə inzibati protokol tərtib etmişlər. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, avtomobilin sığortası ilə əlaqədar 11.05.2022-ci il tarixdə, saat 09:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində avtomobili yolun kənarında saxlamış və ofisə getmək istəyən zaman polis əməkdaşları ona yaxınlaşaraq avtomobilin cərimə meydançasına aparılması üçün göstəriş aldıqlarını bildirmişlər. O, həmin göstərişlə tanış olmaq istəsə də mümkün olmamışdır. O, dərhal DİNnin 102 xidmətinə zəng edərək polis əməkdaşlarının protokol tərtib etmədən avtomobilinin cərimə meydançasına aparmaq istədikləri barədə məlumat vermişdir. Bundan sonra onun barəsində protokol tərtib edilmiş və avtomobili cərimə meydançasına yerləşdirilmişdir. O, polis əməkdaşlarına hər hansı bir tabesizlik göstərməmişdir. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin DYPİ-yə bilavasitə tabe olan YPX Alayı YPX inspektoru X4 izahatında göstərmişdir ki, xidməti ərazidə olarkən “BMW” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əlavə avadanlıq quraşdırması faktı barədə məlumat verilmişdir. Həmin avtomobil ictimai nəqliyyat üçün ayrılmış yolda saxlanılmışdı. Onlar avtomobilə yaxınlaşdıqda Şəxs avtomobildə əlavə avadanlığın olub-olmamasının müəyyən edilməsi üçün cərimə meydançasına getməli olduqlarını bildirmişdir. Lakin Şəxs onlara tabesizlik göstərmişdir. Daha sonra əməliyyat qrupu oraya gəldikdə Şəxs onların da qanuni tələblərinə heç bir məhəl qoymamışdır. Bundan sonra şəxsin barəsində protokol tərtib edilərək, polis bölməsinə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin DYPİ-yə bilavasitə tabe olan YPX Alayı YPX inspektoru X6 izahatında göstərmişdir ki, xidməti ərazidə olarkən “BMW” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əlavə avadanlıq quraşdırması faktı barədə məlumat verilmişdir. Onlar həmin avtomobilin saxlanılması qadağan olunan yerdə saxlanıldığını görüb ora yaxınlaşmışlar. Yaxınlaşdıqdan sonra avtomobilin sürücüsünə qadağa olunmuş yerdə saxladığını və avtomobilə əlavə avadanlıq quraşdırdığını bildirmiş, ondan sənədləri tələb etmişlər. Şəxs onların tələblərinə əhəmiyyət verməyərək avtomobildən düşməmiş, sənədləri təqdim etməkdən boyun qaçırmışdır. Daha sonra ora gələn PPX və əməliyyat qrupu əməkdaşlarının da qanuni tələblərinə məhəl qoymamış və avtomobildən düşməmişdir. Daha sonra şəxsin barəsində protokol tərtib edilmiş və avtomobil cərimə meydançasına aparılmışdır. İş materiallarında olan 11.05.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 11.05.2022-ci il tarixdə, saat 09:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 115-də YPX-nin əməkdaşlarının qanuni tələblərinə qəsdən məhəl qoymamış və bununla da, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin sahə rəisi X5 tərəfindən tərtib edilmiş 11.05.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada cərimə cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar