Məhkəmə qərarları › İş №3(006)-1713/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1713/2022

26.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1713/2022 26.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Bakı Nəqliyyat Agentliyinin 25.04.2022-ci il tarixli, BNA ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Nəqliyyat Agentliyinin 25.04.2022-ci il tarixli, BNA ******* saylı qərarının ləğv edilməsi və başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, 25.04.2022-ci il tarixdə saat 13:30 radələrində idarə etdiyi “MAZDA 9” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini park etmək üçün Ak.Həsən Əliyev 5A ünvanında yerləşən fəaliyyət göstərdiyi “Sirius” vəkil bürosuna yaxınlaşarkən BNA2243788 saylı inzibati qərar barədə SMS məlumatı almışdır. Həmin vaxt idarə etdiyi nəqliyyat vasitəsinə BNA-nın heç bir səlahiyyətli vəzifəli şəxsinin yaxınlaşmadığından və “ASAN PAY” elektron kabinetə daxil olaraq xətanın ərazidə quraşdırılmış kameradan qeydə alındığından əmin olduqdan sonra bununla bağlı Bakı Nəqliyyat Agentliyinə müraciət etmişdir. Müraciətində İXM-nin 346.1-ci maddəsi üzrə xətaların foto və videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsinin həmin Məcəllənin 122-ci maddəsində nəzərdə tutulmadığından BNA2243788 nömrəli inzibati qərarın ləğv edilməsini həmin orqandan xahiş etmişdir. Lakin, BNA imtina cavabında İXM-nin 346.1 və 346.2-ci maddələrində göstərilən inzibati xətalar haqqında işlər üzrə icraatın həmin Məcəllənin 122-ci maddəsi deyil, 124.5 və 124.6-cı maddələri əsasında aparıdığını, eləcə də işə heç bir hüquqi əhəmiyyəti olmayan informasiya kimi - paytaxtın müxtəlif ərazilərində kameralar quraşdırıldığını, əməkdaşları tərəfindən kameralar vasitəsilə müntəzəm müşahidə aparılaraq inzibati xəta törədilməsi faktlarının aşkar edildiyini, həmin kameralardan istifadə olunaraq dayanma və durma qaydalarını pozmuş sürücülərin nəqliyyat vasitələrinin fotoşəkillərinin səlahiyyətli vəzifəli şəxslər tərəfindən təsbit edilməsinin bu Məcəllənin 124cü maddəsinin tələbləri ilə birbaşa uzlaşdığını qeyd etsə də, İXM-in 124.5 və 124.6-cı maddələri əsasında aparılan icraatın və həmin normaların tələblərinin nədən ibarət olması barədə qəsdən susmuşdur. BNA-nın istinad etdiyi İXM-in 124-cü maddəsinin adından da görünür ki, hazırkı icraatda inzibati xəta hadisəsi BNA-nın səlahiyyətli vəzifəli şəxsi tərəfindən bilavasitə aşkar edilməlidirfbu həmin normanın imperativ qaydasıdır). BNA da ona ünvanlanan müraciəti diqqətlə araşdırılsaydı müəyyən edə bilərdi ki, həmin normada qeyd olunduğu kimi nəqliyyat vasitəsinin yanında deyil, hətta bilavasitə onun sükanı arxasındadır. Odur ki, İXM in 124-cü maddəsinin əksinə olaraq heç bir səlahiyyətli vəzifəli şəxs nəqliyyat vasitəsinə yaxınlaşaraq hüquq pozuntusu qeydə almamışdır. Bununla da, İXM-in 124.5 və 124.6-cı maddələrinə əsasən həmin Məcəllənin 346.1-c maddəsi üzrə xətanın aşkar edilməsi üçün iki halın bir yerdə mövcud olması tələb olunur: birincisi, inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmamalıdı; ikincisi iss həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratmalıdır. BNA-nın verdiyi cavabdan da məlum olur ki, BNA-nın hər hansı əməkdaşı icraatı İXM-in 124-cü maddəsinə əsasən aparmamış və belə halları da (özü də bir yerdə) qeydə almamışdır. Beləliklə icraatın İXM-in 122-ci maddəsi əsasında deyil, 124.5 və 124.6-cı maddələri əsasında aparılması iş üzrə sübut oluna bilməz və qərar birmənalı olaraq ləğv olunmalıdır. Bir daha qeyd edir ki, əgər BNA2243788 nömrəli 25.04.2022-ci il tarixli qərar İXM-in 122-ci maddəsi əsasında deyil, 124.5 və 124.6-cı maddələri əsasında tərtib edilmişdirsə, onda səlahiyyətli vəzifəli şəxs tərəfindən həmin normalarda qeyd olunan hər iki halın mövcudluğu müəyyən olunmalı və imtina cavabında da təqdim olunmalı idi. Lakin BNA bununla bağlı nəinki heç bir sübut təqdim etməyib, əksinə fotolardan da görünür ki, idarə etdiyim nəqliyyat vasitəsi birinci cərgədə dayanaraq heç bir yol hərəkəti iştirakçısına heç bir maneə törətmir, hətta törətsə belə BNA əməkdaşı yaxınlaşmır. Bundan əlavə, İnternet vasitəsilə isə “Asanpay” elektron kabinetimə daxil olmuş inzibati xətanın fotolarından müəyyən oluna bilər ki, sükan arxasındadır. Bu o deməkdir ki, hətta BNA-nın vəzifəli şəxsi nəqliyyat vasitəsinə yaxınlaşmış olsaydı belə inzibati xəta inzibati tənbeh tətbiq edə bilməzdi. Odur ki, icraat İXM-in 124.5 və 124.6-cı deyil, məhz 122-ci maddəsi əsasında aparıldığından, BNA2243788 N°-li qərar ləğv edilməli, barəmdə İXM-in 346.1 və ya 346.2ci maddəsində nəzərdə tutulmuş xətaların foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi hallarının gələcəkdə təkrar olunmaması məqsədi ilə BNA barəsində Xüsusi Qərar çıxarılaraq Baş Prokurorluğuna göndərilməlidir. Xüsusi Qərara əsasən Bakı şəhərində (o cümlədən mənim də fəaliyyət göstərdiyi Ak.Həsən Əliyev 5A ünvanında) İXM-in 346.1 və 346.2-ci maddələrində nəzərdə tutulmuş xətaların foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi halları yoxlanılmalıdır. Qeyd olunanlara əsasən barəsində qəbul edilmiş 25.04.2022-ci il tarixli BNA ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 şikayət ərizəsində göstərilənlərə əlavə olaraq bildirdi ki, onun tərəfindən heç bir inzibati xəta hadisəsi baş verməmişdir və o, inzibati xəta haqqında protokol tərtib edilən vaxt avtomobilin içərisində olmuşdur. Buna görə də, Bakı Nəqliyyat Agentliyinə müraciətində onun avtomobildə olduğu vaxt protokolun tərtib edilməsini qanunsuz hesab etmişdir. Lakin buna baxmayarq, onun barəsində qəbul olunmuş protokol və qərar ləğv olunmamışdır. Sonda onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçini dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daxili İşlər Nazirliyinin Bakı Nəqliyyat Agentliyinin 25.04.2022-ci il tarixli, BNA ******* saylı qərardan görünür ki, X2 tərəfindən 25 aprel 2022ci il tarixdə idarə etdiyi “Mazad 9 Minik” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə baxılmanın xüsusiyyətləri”ni tənzimləyən İXM-nin 16-cı fəslində, həmin işlərə baxılmasını biri-birindən fərqləndirən aşağıdakı 2 qaydası müəyyən edilmişdir: Bunlardan birincisi 122-ci maddədə nəzərdə tutulan İnzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası; İkincisi isə 124-cü maddədə nəzərdə tutulan İnzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə icraatın aparılması qaydasıdır. Törədilərkən elektron sənəd şəklində qərar qəbul edilməsi mümkün olan inzibati xətalara dair maddələri müəyyən edən, yəni inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası”ndan bəhs edən Azərbaycan Respublikası İXM-in 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İnzibati xəta hadisəsinin səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə icraatın aparılması qaydasından bəhs edən İXM-nin 124.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır. İş materiallarından görünür ki, X2 tərəfindən törədilməsi ehtimal edilən, Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsi ilə əhatə olunan əməl foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə (bort kompüter) aşkar edilmişdir. Lakin Azərbaycan Respublikası İXM-in 122.1-ci maddəsində həmin Məcəllənin 346.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi nəzərdə tutulmamış, həmin maddə üzrə belə bir icraatın aparılma qaydası müəyyən edilməmişdir. Belə olduğu təqdirdə şikayətçinin iş materiallarına əlavə etdiyi inzibati tənbehvermə haqqında qərardan, işin mübahisəsiz halı kimi müəyyən edilir ki, həmin qərarda qeyd edilən inzibati xəta, yəni İXM-nin 346.1-ci maddəsi ilə qəbul edilmiş qərar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. Həmin inzibati xətalar bilavasitə aşkar edilməmişdir, yəni qərar qəbul etmiş və ya protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi inzibati xətanın törədildiyi yerdə olmamaqla, həmin inzibati xətanı yerində aşkar etməmişdir. Məhkəmə qeyd edir ki, belə olan halda, X1 əməlində törədilməsi ehtimal edilən inzibati xəta üzrə icraat inzibati xətalar qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilmədiyindən onun həmin maddə ilə təqsirli bilinib tənbeh edilməsi yolverilməzdir. Azərbaycan Respublikası İXM-in 8-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildiyi müəyyən olunmuşdur. Ona görə də X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) manat məbləğində cərimə olunmasına dair Bakı Nəqliyyat Agentliyinin 25.04.2022-ci il tarixli, BNA ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Eyni Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) manat məbləğində cərimə olunmasına dair Bakı Nəqliyyat Agentliyinin 25.04.2022-ci il tarixli, BNA ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar