Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1725/2022 08.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 iştirakları ilə, Şəxs MMC-nin (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 36, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş 06.05.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola görə Şəxs MMC 99351,40 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından 03.04.2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 99351,40 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 04.04.2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X4 izahatında bildirmişdir ki, sifariş edilən mallar qanunla müəyyən edilmiş müddətdə ölkəyə idxal edilmiş, lakin həmin sənədlər MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən Mərkəzi Banka təqdim edilməmişdir. Göstərilənlərə əsasən Şəxs MMC-nin barəsində olan inzibati iş üzrə icraata xitam verilməsinə etiraz etmədiklərini bildirmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X6 izahatında bildirmişdir ki, Şəxs MMC-nin barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, Şəxs MMC-nin 03.04.2020-ci il tarixli 99.351,40 ABŞ dolları avans ödənişi 11.04.2022-ci il tarixində X5 ilə bəyan edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs MMC-nin barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 03.04.2020-ci il tarixli köçürmə sənədindən görünür ki, Şəxs MMC tərəfindən 03.04.2020-ci il tarixdə 99.351,40 ABŞ dolları “NTC Dış Ticaret Nakliyye ve İnşaat Sanayi limited company” şirkətinin hesabına köçürülmüşdür. İş materiallarında olan "xxxx" ASC-nin 20.05.2022-ci il tarixli, PB/VB-OUT-01279-2022 saylı məktubundan və X2 görünür ki, Şəxs MMC-nin 03.04.2020-ci il tarixli 99.351,40 ABŞ dolları avans ödənişi 11.04.2022-ci il tarixində **********6212, **********6290, **********6358, **********6377, **********6408, **********6440 və **********6459 saylı X5 ilə bəyan edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC ilə Türkiyədə yerləşən “NTC Dış Ticaret Nakliyye ve İnşaat Sanayi limited company” şirkəti arasında 23.12.2016-cı il tarixdə malların göndərilməsinə dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən 03.04.2020-ci il tarixdə 99351,40 ABŞ dolları məbləğində vəsait “NTC Dış Ticaret Nakliyye ve İnşaat Sanayi limited company” şirkətinin hesabına köçürülmüş, həmin məbləğ dəyərində mallar 11.04.2022-ci il tarixdə bəyan edilərək ölkə ərazisinə gətirilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə müvafiq xidmət yerinə yetirildiyi üçün Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-1725/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1725/2022
08.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver