Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1727/2022 08.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Bülbül pr., ev 25, m.52, VÖEN:**********, qanuni təmsilçi: X3) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC 59152.50 Avro məbləğində olan vəsaiti bank hesabından xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddətin keçməsinə baxmayaraq 40012.50 avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində icraat aparılan hüquqi şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş orqana bildirişlərin göndərilməsinə baxmayaraq, tərəflər məhkəmədə iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda “elektron kabinet” vasitəsilə işə dair Şəxs MMC-nin direktoru Araz Musayevin etirazı daxil olmuşdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən Mərkəzi Banka göndərilmiş xx.xx.2022ci il tarixli məlumata əsasən Şəxs MMC xx.xx.2020-ci il tarixdə ölkə xaricinə 59152.50 Avro göndərmiş, lakin ödənişin aparıldığı gündən 2 il müddətində 40012.50 avro məbləğində vəsait hesabına malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədləri təqdim etməmişdir. İş materiallarında olan köçürmə haqqında sənədə əsasən Şəxs MMC tərəfindən İtaliyada yerləşən «X4” şirkətinin hesabına xx.xx.2020-ci il tarixli, CSAV001 saylı müqavilə ilə bağlı xx.xx.2020-ci il tarixli, CASAZ01 saylı invoys üzrə xx.xx.2020-ci il tarixdə 59152.50 Avro məbləğində pul göndərilmişdir; İş materiallarına əlavə edilmiş “elektron kabinet” vasitəsilə işə dair daxil olmuş Şəxs MMC-nin direktoru Araz Musayevin etirazında iş üzrə icraata xitam verilməklə aşağıdakılar göstərilir: 1) protokolda törədilən inzibati xətanın mahiyyəti göstərilməmişdir; 2) protokolda tərəflərindən hansı şirkətə, hansı müqavilə üzrə ödəniş edilməsi və hansı məbləğdə vəsait üzrə malların idxal edilməsi görünmür; 3) protokol tərtib edilərkən şirkətin nümayəndəsi dəvət edilməmiş və bundan əvvəl də bu tip münasibətlər üzrə olan işin həqiqi halları, “Covid-19” pandemiyasının təsirləri nəzərə alınmamışdır; 4) şirkətin izahatı yoxdur; 5) şirkət tərəfindən Mərkəzi Banka ünvanlanan rəsmi məktublar mahiyyəti üzrə cavablandırılmamışdır. Məhkəmənin diqqətinə çatdırılır ki, Şəxs MMC 2001-ci ildən tikinti sektorunda fəaliyyət göstərir. Şirkət tərəfindən bir çox dövlət sifarişləri, xüsusən də əhəmiyyətli obyektlərin tikintisi icra edilmişdir. Həmin sifarişlər arasında Milli Konservatoriyanın binası, Dövlət Təhlükəsizliyi Xidmətinin Nəsimi rayon şöbəsi, X1 müəyyən işləri və s. uğurla icra edilmişdir. Bu işləri görmək üçün şirkət mütəmadi olaraq Avropa ölkələri ilə müqavilələr bağlayır və mal-material idxal edir. Ona görə də tərəflərindən ölkə xaricinə avans olaraq vəsait ödənilməsinə zərurət yaranır. Hazırki iş üzrə “Arte Veneziana” şirkətindən ölkəyə ümumi dəyəri 59152,50 avro olan maldan, 19140,0 avro dəyərində mal idxal edilmişdir. Həmçinin yerdə qalan malların idxal edilməsi hazırda icra mərhələsindədir və ölkəyə idxal ediləcəkdir. Bundan əlavə Mərkəzi Bank tərəfindən Nəsimi rayon məhkəməsinə göndərilən protokol üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, Mərkəzi Bank tərəfindən həmin qərardan şikayət olmamışdır. Nəsimi Rayon Məhkəməsinin həmin qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsasən müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Hazırki icraat üzrə malların ölkəyə idxal edilməsi Şəxs MMC-nin təqsiri üzündən baş verməmiş, “Covid-19” pandemiyası ilə əlaqədar olaraq malların idxalı gecikmişdir. Qeyd edilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1, 53.0.6-cı, 105.1-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməsi xahiş olunur. Beləliklə müəyyən edilir ki, Şəxs MMC 59152.50 Avro məbləğində xarici valyutada olan vəsaiti xx.xx.2020-ci il tarixdə bank vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və bunun müqabilində 2 il müddət ərzində həmin vəsaitdən yalnız 19140,0 avro məbləğində mallar ölkəyə idxal edilmiş, qalıq qalan 40012.50 avro məbləğində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaitinin yuxarıda qeyd olunan hissəsi xaricdən geri qaytarılmamışdır. Qeyd olunan faktın özü Şəxs MMC-nin direktoru Araz Musayevin məhkəməyə ünvanlanmış etirazında da öz təsdiqini tapmış, xaricə köçürülən vəsait hesabına alınan malların vaxtında ölkəyə gətirilməməsinin Şəxs MMC-dən asılı olmayan obyektiv səbəblərinə (fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.) dair tutarlı dəlil təqdim edilməmiş, sadəcə olaraq “Covid-19” pandemiyası göstərilmişdir. Azərbaycan Respublikası Mərkəzi X2 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) Avro ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə tənbeh növü tətbiq olunmalı və qurum tərəfindən həmin cərimə ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş 40012,50 Avro valyuta vəsaiti məbləğinin 20 faizi yəni, 8002 (səkkiz min iki) Avro 50 (əlli) sent məbləğində cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1727/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1727/2022
08.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver