Məhkəmə qərarları › İş №3(006)-1729/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1729/2024

08.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1729/2024 08.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib edən şəxs Bakı şəhəri Baş Polis İdarəsinə Bilavasitə Tabe olan Bakı Metropolitenində Polis İdarəsinin İTB-nin baş inspektoru X1 iştirakları ilə, xx xxx 1974-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə Bakı şəhəri Baş Polis İdarəsinə Bilavasitə Tabe olan Bakı Metropolitenində Polis İdarəsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs 08 may 2024-cü il tarixdə Nəsimi rayonu ərazisində yerləşən «Cəfər Cabbarlı» metrostansiyasının keçid ərazisində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, o, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Baş Polis İdarəsinə Bilavasitə Tabe olan Bakı Metropolitenində Polis İdarəsinin İTB-nin baş inspektoru X4 izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə «Cəfər Cabbarlı» metrostansiyasının keçid ərazisində Zərərçəkmiş şəxs qarşı qeyri-əxlaqi hərəkətlər etmiş Şəxs polis əməkdaşları yaxınlaşaraq polis idarəsinə getməsini tələb etsələr də, sonuncu polis əməkdaşlarının qanuni tələblərini pozaraq polis idarəsinə getməkdən imtina etmişdir. Bundan sonra polis əməkdaşlarının birlikdə səyi nəticəsində Şəxs polis idarəsinə aparılmışdır. Polis idarəsində Şəxs izahatı alınmış və daha sonra sonuncu barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Hal-hazırda protokolu müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunması barədə qərar qəbul olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, kababçı olaraq iş fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2024-cü il tarixdə spirtli içkinin təsiri altında «Cəfər Cabbarlı» metrostansiyasının keçid ərazisində hərəkətdə olarkən öz hərəkətlərinin məntiqi sonluğunu dərk etmədən sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs sinəsini 2-3 saniyə sıxmışdır. Bundan sonra Zərərçəkmiş şəxs onun üzünə yumruqla bir neçə dəfə vurmuşdur. Yaranmış mübahisə zamanı polis əməkdaşları hadisə yerinə gələrək onu polis idarəsinə aparmışdır. Polis idarəsinə aparıldıqdan sonra əməlindən peşman olduğunu bildirmişdir. İzahatının sonunda törətdiyi əməldən peşman olduğunu bildirərək, barəsində yüngül cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin polis nəfəri X3 verdiyi izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə «Cəfər Cabbarlı» metrostansiyasının keçid ərazisində xidməti vəzifəsini yerinə yetirərkən şəxsiyyəti sonradan ona məlum olan Zərərçəkmiş şəxs ağlayaraq ona yaxınlaşmış və bir nəfər şəxsin zərərçəkmiş şəxsə qarşı qeyri-əxlaqi hərəkətlər etdiyini bildirmişdir. Bundan sonra, o, şəxsiyyəti sonradan ona məlum olan Şəxs yaxınlaşaraq hadisənin araşdırılması məqsədilə polis idarəsinə getməsini tələb etsə də, sonuncu onun qanuni tələblərini pozaraq polis idarəsinə getməkdən imtina etmişdir. Bundan sonra digər ilə birlikdə Şəxs polis idarəsinə aparmışlar. Polis idarəsində Şəxs izahatı alınmış və daha sonra sonuncu barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə, Bakı şəhəri Baş Polis İdarəsinə Bilavasitə Tabe olan Bakı Metropolitenində Polis İdarəsinin İTB-nin baş inspektoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 08 may 2024-cü il tarixli, 2/24603 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə aktından görünür ki, 1974-cü il təvəllüdlü Şəxs orta dərəcəli sərxoşluq vəziyyətində olması halı müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi əməldən səmimi peşman olmasını onun məsuliyytini yüngülləşdirən hal hesab edir. Məhkəmə Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini məsuliyyətini ağırlaşdıran hal hesab edir. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs müddətinin əvvəli 08 may 2024-cü il tarixdən, saat 09:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X2 Məntəqəsinə və Bakı şəhəri Baş Polis İdarəsinə Bilavasitə Tabe olan Bakı Metropolitenində Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar