Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-173/2022 21.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X3 A.Ş» Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X2 iştirakları ilə, «X3 A.Ş» Şirkətinin Azərbaycan Respublikasındakı filialı (hüquqi ünvanı: ünvan 1zi, 3-cü mərtəbə, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş 29.12.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: «X3 A.Ş» Şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki o, 28000,00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından 21.11.2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 il müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X4 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirmişdir ki, “X3 A.Ş” Şirkətinin Azərbaycan Respublikasındakı filialı 28.000 ABŞ dolları məbləğində vəsaiti 21 noyabr 2019-cu il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 28.000 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. İlkin olaraq şirkət tərəfindən avans təqdim olunan zaman sənədlər banka təqdim olunur. Banka verilmiş müqavilə ilə gömrük orqanına təqdim olunan müqavilə fərqlilik təşkil etmişdir. Eyniləşdirmə mümkün olmadığından tərəflərindən protokol tərtib olunmuşdur. Əgər uyğunsuzluq var idisə, qarşı tərəfin gömrük orqanına müraciət edib sənədlərdə düzəliş etməyə kifayət qədər vaxtı olmuşdur. Banka hansı müqavilə verilibsə, gömrük orqanına da həmin müqavilə təqdim olunmalı idi. Göstərilənləri nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X5 izahatında bildirmişdir ki, «X3 A.Ş» Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə Türkiyədə yerləşən “Balıkesir Elektromekanik Sanayi Tesisleri A.Ş” şirkəti arasında bağlanmış 15.11.2019-cu il tarixli müqaviləyə əsasən 28.000 ABŞ dolları məbləğində xaricə köçürülən vəsaitin qarşılığında ölkəyə mallar daxil olmuşdur və malların ölkəyə girişini təsdiq edən sənədlər mövcuddur. Sadəcə avans ödənişi zamanı banka təqdim edilən avans kod nömrəsi və məlumatlar ilə gömrük bəyannaməsi tərtib edilərkən daxil edilən avans kod nömrəsi və məlumatlarda texniki yanlışlıq səbəbindən uyğunsuzluq olmuşdur. Lakin avans ödənişi zamanı ödənilmiş məbləğ və gömrük bəyannaməsində qeyd olunan malların dəyəri bir-birini tamamlayır, həmçinin gömrük bəyannaməsində əks olunan və “Yapı Kredi” Banka təqdim edilən invoys və müqavilə üzrə malların siyahısı, tərkibi, müqavilə predmeti və digər bütün şərtləri xaricə edilmiş ödəniş qarşılığında ölkəyə malların daxil olduğunu təsdiq edir. Eyni zamanda həmin uyğunsuzluğun aradan qaldırılmasına köməklik göstərilməsi üçün Bakı Baş Gömrük İdarəsinə 14.01.2022-ci il tarixli ərizə ilə müraciət etmiş, lakin hələ də qeyd edilən ərizəyə Bakı Baş Gömrük İdarəsi tərəfindən cavab məktubu göndərilməmişdir. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqdim edilmiş materiallara əsasən: - "xxxx" QSC tərəfindən Mərkəzi Banka göndərilmiş 25.11.2021-ci il tarixli məlumatda «X3 A.Ş» Şirkətinin Azərbaycan Respublikasındakı filialının ödənişin aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi göstərilmişdir. Həmin məlumatda «X3 A.Ş» Şirkətinin Azərbaycan Respublikasındakı filialının 21.11.2019-cu il tarixdə 28000,00 ABŞ dolları məbləğində vəsait göndərildiyi qeyd olunmuşdur; - Köçürmə sənədinə əsasən «X3 A.Ş» Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Türkiyədə yerləşən “Balıkesir Elektromekanik Sanayi Tesisleri A.Ş” şirkətinin hesabına 15.11.2019-cu il tarixli müqavilə ilə bağlı 28000,00 ABŞ dolları məbləğində pul göndərilmişdir. Beləliklə müəyyən edilir ki, «X3 A.Ş» Şirkətinin Azərbaycan Respublikasındakı filialı 28000,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti 21.11.2019-cu il tarixdə bank vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və bunun müqabilində 2 il müddət ərzində 28000,00 ABŞ dolları vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Azərbaycan Respublikası Mərkəzi X6 28.11.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki «X3 A.Ş» Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, qurum Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında «X3 A.Ş» Şirkətinin Azərbaycan Respublikasındakı filialının məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə «X3 A.Ş» Şirkətinin Azərbaycan Respublikasındakı filialının törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə tənbeh növü tətbiq olunmalı və qurum tərəfindən həmin cərimə ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: «X3 A.Ş» Şirkətinin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş 28000,00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 faizi – 5600 (beş min altı yüz) ABŞ dolları məbləğində cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-173/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-173/2022
21.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver