Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1736/2022 23.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Qərardan şikayət vermiş şəxs: X2 iştirakları ilə X2 Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş 27.04.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X5 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, 14.04.2022-ci il tarixdə idarə etdiyi **-BX-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 28 May küçəsində hərəkətdə olarkən yol polisi inspektoru ona “saxla” əmri vermiş, o da bu əmrə riayət etmişdir. Avtomobili saxladıqdan sonra polis inspektoru ona yaxınlaşmış və saxlama səbəbini deyərək sənədlərini tələb etmişdir. İnspektor ona bildirmişdir ki, idarə etdiyi avtomobil sağ ikinci zolaqla düzünə hərəkət etdiyi üçün İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta törətmişdir. O isə buna etiraz edərək həmin ərazidə avtomobil sıxlığının çox olduğunu və yol hərəkətini tənzimləyən nişanların quraşdırılmasının vacibliyini bildirmişdir. X8 əməkdaşları adətən “Yol hərəkəti qaydaları haqqında” Qanunun 69-cu maddəsini əsas gətirərək sürücüyə “nişanı öncədən görməliydin” deyərək cəriməni tətbiq edirlər. Amma yol nişanlarının quraşdırılma standartı var və bu nişanlar məhz bu standartla quraşdırıla bilərlər. Bundan kənara çıxmaq olmaz. Nişanlar yolayrıcında elə quraşdırılmalıdır ki, sürücü öncədən nişanı görsün və vaxtında hərəkəti başlamadan zolağı dəyişə bilsin. Əgər sürücüyə bu nişanı görmək çətinliyi yaranırsa, bu nişanlar yolayrıcına qədər təkrarlanmalıdır. Standarta uyğun olaraq nişanlanma intensiv hərəkət zamanı yolayrıcına çatmamış 20-30 metr əvvəl iki və ya üç dəfə təkrarlanmalıdır. Baş vermiş hadisə zamanı polis inspektoru onun inzibati pozuntunu törətdiyini tam sübut etmədən barəsində inzibati protokol tərtib etmişdir. Qeyd edir ki, tərəfindən heç bir inzibati xəta törədilməyib. Protokola etdiyi etiraza baxılaraq 27.04.2022ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərinin pozulması səbəbi ilə bağlı qərar qəbul olunmuşdur. Tərtib olunmuş protokola etdiyi etiraza qiymət verilərkən onun iştirakı təmin olunmamışdır. Ona qarşı qərəzli mövqe nümayiş etdirən orqan hər cəhdlə barəsində inzibati xətanın törədilməsi barədə qərarı qəbul etməyə çalışmış və həmin halı aradan qaldıran sübutların araşdırılmasında maraqlı olmamış, ona da imkan verilməmişdir ki, öz təqsirsizliyini sübut etsin. Göstərilənləri nəzərə alaraq 27.04.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında X5 şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 27.04.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X1 Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir (5.2-ci maddə); inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48-ci maddəsi); inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir (6.2-ci maddə); inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun (61.3-cü maddə); inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); inzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası (115.1-ci maddə). Məhkəmədə müəyyən edilir ki, Bakı şəhər X8 İdarəsi tərəfindən hazırki inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə tam riayət olunmamış, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılmamış, işə baxılarkən müəyyən edilmiş hallar göstərilməmiş, barəsində icraat aparılan şəxsin təqsirliliyinə dair hər hansı təkzibedilməz dəlil olmadan işə baxılaraq inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş 27.04.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş 27.04.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1736/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1736/2022
23.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver