Məhkəmə qərarları › İş №3(006)-174/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-174/2022

11.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-174/2022 11.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, «X1 A.Ş» şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «X1 A.Ş» şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 29 dekabr 2021-ci il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. Nəsimi Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 3(006)-174/2022 saylı qərarı ilə «X1 A.Ş» şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan Azərbaycan Respublikasının Mərkəzi Bankının baş direktoru R.Orucov tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 3(103)-410/2022 saylı qərarı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, «X1 A.Ş» şirkətinin Azərbaycan Respublikasındakı filialının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Nəsimi Rayon Məhkəməsinin 21.02.2022-ci il tarixli, 3(006)-174/2022 saylı qərarı Azərbaycan Respublikasının Mərkəzi Bankının baş direktoru R.Orucov tərəfindən verilmiş şikayətə əsasən ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən «X1 A.Ş» şirkətinin Azərbaycan Respublikasındakı filialı 36.000,00 ABŞ dolları məbləğində vəsaiti 20 noyabr 2019-cu il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 36.000,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. İnzibati xəta 21 noyabr 2021-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da, «X1 A.Ş» şirkətinin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan Azərbaycan Respublikasının Mərkəzi Bankına və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «X1 A.Ş» şirkətinin Azərbaycan Respublikasındakı filialının hüquqi ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib etmiş orqan Azərbaycan Respublikasının Mərkəzi Bankının və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «X1 A.Ş» şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndələri məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə İnzibati xəta haqqında protokolu tərtib etmiş orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, «X1 A.Ş» şirkətinin Azərbaycan Respublikasındakı filialının barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan "X2 Azərbaycan” QSC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilmiş 25.11.2021-ci il tarixli məktubda bir sıra müştərilərin ödənişin aparıldığı gündən 02 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi göstərilmişdir. Həmin məlumata əlavə edilmiş siyahıda "X1 A.Ş.” Şirkətinin Azərbaycan Respublikasındakı filialının 20.112019-cu il tarixdə 36.000,00 ABŞ dolları göndərildiyi qeyd olunmuşdur. İş materiallarında olan köçürmə sənədinə əsasən "X1 A.Ş.” Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən 20.11.2019-cu il tarixdə Türkiyədə yerləşən "SDN Elektrik İnc” şirkətinin hesabına 12.11.2019-cu il tarixli müqavilə üzrə 36.000,00 ABŞ dolları pul köçürülmüşdür. İş materiallarında olan "X1 A.Ş.” Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə "SDN Elektrik İnc” şirkəti arasında bağlanılmış 12.11.2019-cu il tarixli müqaviləyə əsasən onun dəyəri 180.000,00 ABŞ dolları təşkil edir. İş materiallarında olan **********4027 saylı gömrük bəyannaməsinə əsasən "SDN Elektrik İnc” şirkəti tərəfindən "X1 A.Ş.” Şirkətinin Azərbaycan Respublikasındakı filialına 12.11.2019-cu il tarixli, 12.11 saylı müqavilə üzrə 37.992,00 ABŞ dolları dəyərində mallar 26.01.2020-ci il tarixdə, **********8753 saylı gömrük bəyannaməsinə görə isə həmin müqavilə ilə bağlı 142.008,00 ABŞ dolları dəyərində mallar 16.03.2020-ci il tarixdə Azərbaycana idxal olunmuşlar. İş materiallarında olan müvafiq informasiya sistemindən əldə olunmuş çıxarışa əsasən "Paşa Bank” ASC tərəfindən "X1 A.Ş.” Şirkətinin Azərbaycan Respublikasındakı filialının Türkiyədə fəaliyyət göstərən "SDN Elektrik İnc” şirkətinə 12.11.2019-cu il tarixli, 12.11 saylı müqavilə üzrə avans olaraq 14.01.2020-ci il tarixdə göndərdiyi 18.552 ABŞ dolları, 23.01.2020-ci il tarixdə - 37.992 ABŞ dolları və 30.03.2020-ci il tarixdə - 87.456 ABŞ dolları vəsaitlər bəyan edilmişlər. İş materiallarında olan "X2 Azərbaycan” QSC tərəfindən X1 A.Ş.” Şirkətinin Azərbaycan Respublikasındakı filialına ünvanlanmış 19.01.2022-ci il tarixli məktubda qeyd olunur ki, şirkətin bankda olan hesablarından "SDN Elektrik İnc” şirkəti arasında bağlanılmış 12.11.2019-cu il tarixli müqavilədən başqa (20.11.2019-cu il tarixdə 36.000 ABŞ dolları) digər bir müqavilə üzrə ödəniş edilməmişdir. İş materiallarında olan "X1 A.Ş.” Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Dövlət Gömrük Komitəsinə ünvanlanmış 14.01.2022-ci il tarixli ərizənin məzmunundan aydın olur ki, şirkət **********8753 saylı gömrük bəyannaməsinin 44-cü qrafasında 4011 kodunun qarşısında müqavilənin nömrəsi ilə bağlı yaranmış anlaşmazlığın aradan qaldırılması xahiş olunur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, «X1 A.Ş» şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən 36.000,00 ABŞ dolları məbləğində vəsaiti 20 noyabr 2019-cu il tarixdə xaricə köçürmüş və köçürülən məbləğ üzrə sifariş edilmiş mallar ölkəyə idxal edilmişdir. Belə ki, məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, «X1 A.Ş» şirkətinin Azərbaycan Respublikasındakı filialı 36.000,00 ABŞ dolları məbləğində vəsaiti 20 noyabr 2019-cu il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 36.000,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. İnzibati xəta 21 noyabr 2021-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da, «X1 A.Ş» şirkətinin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmçinin, müəyyən edilmişdir ki, «X1 A.Ş» şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən inzibati xəta əməli 21 noyabr 2021-ci il tarixdə (21 noyabr 2019-cu il tarixdən 02 (iki) il hesablanmaqla) törədilmiş və üç aylıq inzibati məsuliyyətə cəlb etmə müddəti 21 fevral 2022-ci il tarixdə başa çatmışdır. Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli, 45/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları,eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, «X1 A.Ş» şirkətinin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 53, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: «X1 A.Ş» şirkətinin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinsin və həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar