Məhkəmə qərarları › İş №3(006)-1740/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1740/2021

02.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1740/2021 02.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Cəbizadə Aybəniz Emin qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarəti Baş İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi və vəkili Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Miqrasiya Nəzarəti Baş İdarəsi tərəfindən tərtib edilmiş 30 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Türkiyə Respublikası vətəndaşı Tuğba Güneriye (4********) müqavilə iş icazəsi almadan əmək fəaliyyətinə cəlb olunması müəyyən edilmişdir. Bununla da, Şəxs QSC Azərbaycan Respublikasının İXM-nin 578.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarəti Baş İdarəsinin nümayəndəsi C.H.Məmmədli inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müəyyən edilmiş olduğu yer üzrə qeydiyyat qaydalarına riayət etmələri üzərində nəzarətin həyata keçirilməsi məqsədilə 29.06.2021-ci il tarixdə Miqrasiya nəzarəti baş idarəsinin əməkdaşları tərəfindən Türkiyə Respublikasının vətəndaşı Tuğba Güneri (pasport № U********) barəsində araşdırma aparılmışdır. Araşdırma nəticəsində Tuğba Günerin ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində olduğu yer üzrə qeydiyyata alınmadığı və Şəxs QSC-də (VÖEN **********; hüquqi ünvan: AZ1078, ünvan 1dur. Bununla bağlı əcnəbinin izahatı alınan zaman “X5” QSC tərəfindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması halı aşkar olunmuş və bu barədə 30.06.2021- ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokolda Tuğba Güneriyə iş icazəsi alınmadan “X5” QSC-də işlədildiyi qeyd olunmuş və QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsinə gəlinmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs QSC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 578.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi və vəkili İ.F.Əsədov bildirmişdir ki, tərtib edilmiş protokolda qeyd edilən şəxs Tuğba Güner QSC-də iş fəaliyyəti ilə məşğul olmamışdır. Miqrasiya Xidmətinə təqdim edilmiş sənədlər saxtadır və bununla bağlı Azərbaycan Respublikası Baş Prokuroruna müraciət edilərək QSC-nin adından bir qrup dələduz şəxslərin qanunsuz olaraq saxta yolla şirkətin blanklarını (rəngli printerdən çap olunmuş saxta möhür, saxta imza, onlara məlum olmayan mobil telefon nömrəsi və e-mail ünvanı) hazırlayaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinə şirkətin adından müraciət edərək, pandemiya dövründə müxtəlif dövlətlərdən iş adı altında başqa dövlətlərin vətəndaşlarını işə dəvət etməsi, bununla da həmin vətəndaşların Dövlət Miqrasiya Xidməti tərəfindən saxlanılması, saxta blankların şirkətə heç bir aidiyyəti olmadığı haqda məlumat verilmiş və həmin saxta blanklar üzrə ibtidai istintaqın aparılması xahiş edilmişdir. X6 adlı şəxsin QSC-də fəaliyyət göstərməməsini təsdiq etmək üçün 2019cu il tarixindən 2021-ci il tarixədək olan hesabatı məhkəməyə təqdim edir. Göstərilənləri nəzərə alaraq, ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 29 iyun 2021-ci il tarixli Tuğba Günerin izahatından görünür ki, o, Türkiyə Respublikasının vətəndaşıdır, 2019-cu ildən Şəxs QSC-də laborant vəzifəsində işləyir və əmək haqqısı 1.000 (bir min) manat məbləğdir. QSC-də onunla yanaşı Türkiyə Respublikasının vətəndaşları Genç Mesut və Emin Murat adlı şəxslər laborant vəzifəsində işləyir. İş materiallarında olan 29 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Tuğba Güner həmin tarixli, ******* saylı inzibati xəta haqqında protokol əsasında iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmuş, buna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsi ilə təqsirli bilinərək ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin çıxarışından görünür ki, Tuğba Güner tərəfindən barəsində 29 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla tətbiq edilmiş 400 (dörd yüz) manat məbləğində cərimə həmin tarixdə ödənilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs QSC tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin aparat rəhbərinə ünvanlanmış 10 iyun 2021-ci il tarixli, AMC063/2021 saylı məktubunun surətindən görünür ki, "xxxx" MMC və Şəxs QSC arasında 17 fevral 2021-ci ildə bağlanmış №019/21 müqavilə əsasında verilmiş tibbi avadanlıqlar üzrə həkimlər üçün nəzərdə tutulmuş protokol-applikasiya təlimi keçirilməli olduğunu və buna görə də Qazaxıstan Respublikasının vətəndaşı mütəxəssis Tanatovb Aigerim pasport – N09167683, doğum tarixi 28.09.1987-ci il təvəllüdlü şəxsin ölkəyə girişinə icazənin verilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs QSC-nin 21 aprel 2021-ci il tarixli, İ rüb hesabatından görünür ki, QSC-də 95 nəfər işçi (sığortaolunanlar) var. İş materiallarına əlavə edilmiş Şəxs QSC-nin 14 iyul 2021-ci il tarixli, İİ rüb hesabatından görünür ki, QSC-də 96 nəfər işçi (sığortaolunanlar) var. Belə ki, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs QSC Türkiyə Respublikasının vətəndaşı Tuğba Güneriye (4********) müqavilə iş icazəsi almadan əmək fəaliyyətinə cəlb olunması müəyyən edilmişdir. Bununla da, Şəxs QSC Azərbaycan Respublikasının İXM-nin 578.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 578.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə - vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 63.5-ci maddəsinə əsasən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri işə cəlb etdikləri əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri yalnız öz iş yerlərində işlə təmin etməli və bu barədə onlarla iş icazəsinin qüvvədə olduğu müddətə əmək müqaviləsi bağlamalıdırlar. İş icazəsi alınmadan əcnəbilərlə əmək müqaviləsinin bağlanılmasına yol verilmir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs QSC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs QSC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 578.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC (VÖEN:**********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15.000 (on beş min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar